“İran rəsmilərinin apardığı təhdid ritorikasının faydası olmayacaq” - Azay Quliyev

  “İran rəsmilərinin apardığı təhdid ritorikasının faydası olmayacaq” -   Azay Quliyev
  11 Oktyabr 2021    Oxunub:939
“Son günlər İran rəsmiləri ölkəmizə qarşı heç bir əsası olmayan iddialar irəli sürür, şər və böhtan atmaqdan çəkinmir, guya İsrailin işğaldan azad olunmuş sərhədyanı ərazilərdə hərbi mövcudluğu, Ermənistanın dövlət sərhədlərinin pozulması haqqında cəfəng fikirlər səsləndirirlər”.
Azvision.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev bildirib. Onun sözlərinə görə, bu ittihamlara dünyada heç bir ciddi adam inanmır:

“İran rəsmiləri vəziyyəti o həddə çatdırdılar ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu iddialara cavab verməli oldu və ölkəmizə qarşı bu cür əsassız ittihamları qəbul etməyəcəyimizi bildirdi və qarşı tərəfdən haqlı olaraq sübut tələb etdi. Ancaq heç bir sübut və ya fakt indiyə kimi təqdim edilməyib. Təqdim edilə də bilməz, çünki belə bir fakt yoxdur.
Ona görə də Azərbaycan ictimaiyyəti dövlətimizə qarşı atılan bu böhtan və uydurmaları qətiyyətlə rədd edir və İran rəsmilərinin ölkəmiz əleyhinə səsləndirdikləri bəyanatları qəbuledilməz hesab edir.

Digər tərəfdən bu bəyanatları səsləndirənlər yaxşı bilirlər ki, Azərbaycan İranın milli maraqlarına zidd heç vaxt hər hansı bir addım atmayıb və hər zaman mehriban qonşuluq siyasətinin davam etməsinə çalışıb, hətta ABŞ və digər ölkələrin bütün şirnikləndirici vədlərinə və ya təzyiqlərinə baxmayaraq İrana qarşı hər hansı bir layihədə yer almayıb, ona qarşı tətbiq olunan sanksiyalarda iştirak etməyib, üçüncü ölkənin öz ərazisindən İrana qarşı istifadə etməsinə imkan verməyib. Yəni İranın ən çətin vaxtlarında ona dəstək olub, hətta Astara-Rəşt dəmir yoluna 500 milyon dollar güzəştli kredit ayırıb. Bu bir həqiqətdir və bunu heç kim dana bilməz. Ancaq təəssüflər olsun ki, biz etdiyimiz bu fədakarlığın qarşlığını görmədik və görmürük”.

Deputata qeyd edib ki, İran Azərbaycanın bu xoş niyyətinin əksinə olaraq 20 faiz ərazimizi 30 il işğalda saxlayan, məscidlərimizi dağıdan və müqəddəs yerlərimizi təhqir edən Ermənistana bu illər ərzində hər cür dəstək verdi, işğalçı ölkəni silahlandırdı, ərzaq ehtiyacının 70-80 faizini təmin etdi:

“Hətta son günlər bəlli olur ki, İran 44 günlük Vətən müharibəsi zamanı ordumuzun Zəngilan istiqamətində irəliləməsinə maneə olmağa cəhd edib və işğalçılara bir müddət nəfəslik verib. Başqa bir məsələ, necə ola bilər ki, cənub qonşumuz İsraillə hər cür əməkdaşlıq etməyə çalışan və bu məqsədlə Tel - Əvivdə səfirlik açan Ermənistana nəinki etiraz etmir, tam əksinə bu hadisədən sonra İrəvana verdiyi dəstəyi ikiqat artırır. Bu azmış kimi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edərək Xankəndi şəhərinə tırlarla qanunsuz yük daşınmasını həyata keçirir. Biz təmkin və müdriklik nümayiş etdirərək bu qanunsuzluğu diplomatik yolla və sivil qaydada həll etməyə çalışdıq, lakin alınmadı, əksinə İran ölkəmizə qarşı böhtan və təhdid kampaniyasına başladı və bu vəziyyət hələ də davam edir”.

Millət vəkili vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və cəsarəti nəticəsində Azərbaycan 44 günlük müharibədə əldə etdiyi möhtəşəm qələbədən sonra ərazi bütövlüyünü bərpa edib, regionda yeni reallıqlar yaradıb, geosiyasi prosesləri diktə edən güclü dövlətə çevrilibdir.

“Azərbaycan güclü müttəfiqləri və dostları ilə birlikdə Cənubi Qafqazda və bütövlükdə bu coğrafiyada sülhün və əməkdaşlığın bərqərar olmasına çalışır, bütün region dövlətlərinin marağına uyğun olan əməkdaşlıq platforması təklif edir, Avropa və Asiyanı birləşdirən Zəngəzur koridorunun açılmasında qətiyyət nümayiş etdirir və özünün milli maraqlarını inamla müdafiə edir.

Hamı bilməlidir ki, heç bir ölkə təhdid və ya şantaj yolu ilə Azərbaycanla danışa, daxili işlərimizə müdaxilə edə, suverenliyimizi və ərazi bütövlüyümüzü təhdid edərək geosiyasi maraqlarımıza zərbə vura bilməz. İran rəsmilərinin Azərbaycana qarşı apardığı şantaj və təhdid ritorikasının heç bir perspektivi yoxdur və bu siyasətin davam etdirilməsinin İrana heç bir faydası olmayacaq”.

Azvision.az


Teqlər: İran   Azərbaycan  





Xəbər lenti