Sammitdən qabaq Paşinyan Moskvaya niyə getmişdi - VERSİYA

   Sammitdən qabaq Paşinyan Moskvaya niyə getmişdi -    VERSİYA
  15 Oktyabr 2021    Oxunub:3003
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktyabr 12-də Kremldə baş tutan görüş cari ildə artıq dördüncü idi. Kremlin rəsmi açıqlamasında görüşün işgüzar xarakter daşıdığı, əsas müzakirə mövzularının Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 10 noyabr Bəyanatının icrasının gedişatı və ikitərəfli münasibətlərin inkişafı məsələlərinin olduğu qeyd edilirdi.
Paşinyanın çıxışında səfərin rusiyalı həmkarının dəvətilə baş tutduğunu xüsusilə vurğulaması, daha sonra Putinə regionda sabitliyin əldə olunmasında göstərdiyi səylərə görə təşəkkürünü bildirməsi diqqətdən yayınmadı. Buradan belə nəticəyə gəlmək olar ki, işgüzar səfər əvvəlcədən planlaşdırılmamış və Paşinyan Putinin istəyilə Moskvaya cağrılmışdı. Odur ki, ortaya çıxan əsas sual Putinin hansı səbəbdən Paşinyanı yanına çağırdığı və hansı məsələlərin müzakirə olunduğudur.

Paşinyanın elə görüşün əvvəlində “Qrabağ münaqişəsi”nin “sonuna qədər tənzimlənmədiyi”ni bildirməsi və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi tənzimləmə prosesində aparıcı rol oynadığını bildirməsi erməni baş nazirin 10 noyabr Bəyanatının icrası ilə bağlı Putinin təzyiqlərilə üzləşəcəyini ehtimal etməsilə bağlı ola bilər. Baş nazir bilərəkdən bəri başdan Putinin “Zəngəzur dəhlizinin açılması niyə yubanır?” sualına şərt kimi qondarma “status” məsələsini ortaya qoyur. Paşinyan bilir ki, Azərbaycan ərazisində ermənilərə hər hansı statusun veriləcəyinə ümid etməsi əbəsdir, ancaq bununla belə, mövzunu qabartmaqla vaxt udmağa çalışır.

Putin isə öz növbəsində bilir ki, Paşinyan vaxt udmağa çalışır və təsadüfi deyil ki, ona cavabında “yaxın vaxtlarda bizdə MDB-nin sammitidir. Mən də istərdim ki, sizinlə bu istiqamətdə saatlarımızı dəqiqləşdirək”,- demişdi. Prezident İlham Əliyev tənzimləmə, ATƏT-in Minsk qrupunun rolu və qondarma “status”la bağlı artıq mövqeyini açıq şəkildə bəyan edib. Mövqe ondan ibarətdir ki, Azərbaycan Ermənistanla münaqişənin həlli və sülhün əldə olunması üçün Minsk Qrupunun vasitəçiliyinə etiraz etmir, ancaq “status” məsələsi ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. MDB sammitindən əvvəl hər iki ölkənin xarici işlər nazirlərinin də görüş keçirməsi, ardınca erməni tərəfinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazır olduğunu açıqlaması bu ehtimalın reallaşacağının xəbərçiləridir.


Lakin Putinin sırf bu səbəbdən Paşinyanla təkbətək görüş keçirməyə ehtiyac duyduğunu da demək doğru olmaz. Güman etmək olar ki, əsas müzakirə mövzusu gedən qlobal geosiyasi proseslər, Cənubi Qafqaz regionunun bu proseslərdə oynadığı açar rolu və Ermənistanın tutacağı möqe ilə əlaqədardır.

Amerikanın Əfqanıstandan çıxmasından sonra, Pakistandan tutmuş, Əfqanıstan, Orta Asiya, və Cənubi Qafqaz da daxil olmaqla, böyük bir coğrafi məkana nəzarət uğrunda ciddi mübarizə başlayıb. Pakistan-Azərbaycan-Türkiyə ittifaqının qurulması, Ankaranın həm Əfqanıstan, həm də Orta Asiya ölkələrinə təsir rıçaqlarının mövcudluğu, həmçinin Vaşinqtonun bu məsələdə Türkiyə tərəfinə üstünlük verməsi Ərdoğanın üstünlük qazanacağından xəbər verir. Ancaq bu formatla razılaşmayan ölkələr var və bunların başında İran durur.

İran hazırda bu layihəyə mane olmaq üçün ilk növbədə Rusiyanı, bundan sonra isə Ermənistanı öz tərəfinə çəkməyə çalışır. Paralel olaraq Dehli bu geosiyasi marşrutda düşməni İslamabadın hegemonluğuna imkan vermək istəmir və Hindistanın xarici işlər nazirinin Yerevana səfər etməsi də anoloji məqsədlərlə bağlıdır.

Bu mübarizə fonunda Rusiyanın hansı tərəfdə olacağı qalibi müəyyən edəcəyi üçün bir yandan İran, digər yandan isə Türkiyə Moskvanı öz tərəfinə çəkməyə çalışır. Ancaq görünən odur ki, Rusiya bu məsələdə Türkiyə ilə həmrəydir və həmrəyliyi şərtləndirən əsas səbəb Ankaranın irəli sürdüyü qarşılıqlı faydalı “3+3” formatında əməkdaşlıqdır. Məlum olduğu kimi, bu format üç Qafqaz ölkəsinin Rusiya, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığını nəzərdə tutur. “3+3” formatı Rusiyanın Ermənistanı iqtisadi bağlarla öz nəzarətində saxlamasına imkan verməklə yanaşı, münasibətləri tamamilə pozulmuş Gürcüstanla da əlaqələrini bərpa etməyə kömək olacaq. Bununla Rusiya Qafqazı bütövlükdə nəzarətində saxlayacaq, ancaq bu dəfə onun tərəfdaşı İran deyil, Türkiyə olacaq.

Tofiq Vahid
Azvision.az

Müəllifin əvvəlki yazıları:
İranın qlobal qorxusu, İrəvanın qlobal səhvi – TƏHLİL
Prezidentin son müsahibələrində verilən mesajlar – TƏHLİL
Bir müsahibə ilə şah və mat – TƏHLİL
Baydenin BMT-də ilk çıxışı: Dünyaya hansı mesajlar verildi - TƏHLİL
İran Qarabağda nə axtarır? Sadə suala böyük cavab – TƏHLİL
Paşinyan ikiüzlülüyə “dualizm” dedi, inanmadılar – TƏHLİL




Teqlər: Ermənistan   Moskva   Putin   Paşinyan  





Xəbər lenti