Bulvardan Bakı sakinlərinə çox xoş sürpriz- FOTO

Bulvardan Bakı sakinlərinə çox xoş sürpriz- FOTO
  25 Mart 2014    Oxunub:1951
Dənizkənarı Milli Parkda açıq hava altında idman meydançası istifadəyə veriləcək.
Yaxın günlərdə Bakının Dənizkənarı Milli Parkında açıq hava altında idman meydançası istifadəyə veriləcək. AzVision.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, idman meydançası gələn ayda açılacaq.

İdman meydançası sakinlərin istifadəsi üçün pulsuz olacaq. Meydançanın eni və uzunluğu 100 metrə yaxındır. Hazırda meydançaya 10-dan çox idman avadanlığı gətirilib. İdman qurğuları artıq bulvar ərazisində quraşdırılıb.

N.Məcidovun sözlərinə görə, idmanla məşğul olmaq istəyənlər ilk öncə həkimlə məsləhətləşməlidir. Bundan sonra idman meydançasına daxil olub, quraşdırılan avadanlıqlarla məşğul olmaq mümkündür. Meydançadakı avadanlıqlardan fiziki qüsurlu insanlar da istifadə edə biləcək. Onlar üçün də müəyyən şərait yaradılacaq. Meydançaya 12 yaşından aşağı şəxslər buraxılmayacaq.

Paytaxt sakinləri və əsasən də, gənclər bulvar ərazisində pulsuz idman meydançasının fəaliyyətə başlamasını səbirsizliklə gözləyirlər. Ərazidə velosiped sürən Hüseyn Qədirov deyir ki, həvəskar idmançıdı. Lakin çox vaxt idman zallarında məşq etməyə imkanı çatmır. İndi işləyəcək meydançada pulsuz məşq etmək onun üçün göydəndüşmə olacaq.

“Bu meydançanın salınması gənclər üçün çox yaxşıdı. Səbirsizliklə meydançanın açılacağı günü gözləyirik. İnanıram ki, deyildiyi kimi idman meydançası pulsuz olacaq”, - deyə H.Qədirov bildirib.

Qeyd edək ki, idman meydançası Milli Olimpiya Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə salınıb.

Qalereya




Teqlər:  





Xəbər lenti