Qapalı “ellips”in sirri

Əfqanıstanın taleyini hansı qüvvə yönəldir

   Qapalı “ellips”in sirri
  04 Noyabr 2021    Oxunub:2937
Müasir geosiyasətdə dünyanın beş iri neft və qaz əyalətini özündə birləşdirən “böyük neft ellipsi” anlayışı var: Ərəbistan, Mosul, Xəzər, Volqa-Ural və Qərbi Sibir. Bu gün (dərin dəniz şelfləri, Arktika və Şərqi Sibir hələ ki tədqiq olunur) bu "ellips" planetin enerji ürəyidir. Avrasiyanın enerji təchizatı üçün prinsipial olaraq dörd "ürək klapanı" vacibdir: Qara dəniz-Qafqaz, Türkiyə-Suriya, Hörmüz və Əfqanıstan.
SSRİ-nin dağılana qədər beş neft-qaz əyalətindən üçü dünya bazarından kənarda idi, dörd klapandan üçü isə bağlanmışdı. Yalnız Hörmüz klapanı aktiv işləyirdi. Qara dəniz-Qafqaz təcrid olunmuş zonaya daxil idi, Türkiyə-Suriya klapanı isə təsir dairələrinə bölünmüşdü. Türkiyə "ellips"in Sovet hissəsinin cənub-qərbini və Mosul əyalətinin qərbini, Suriya-Ərəbistan əyalətinin şimal hissəsini, Əfqanıstan isə Xəzərin şimalını və Mosulun şərqini bağlamışdı. Bu vəziyyət dünya enerji daşıyıcıları bazarının maliyyə tənzimləyicisinə tamamilə sərf edirdi. SSRİ-nin dağılması Xəzər əyalətini Moskvanın birbaşa nəzarətindən çıxardı.

Yeni təhdidlərlə (onlara “imkanlar” da demək olar) üzləşən konstruksiya dağıldı. “Atəş” altına əvvəlcə Qafqaz, Orta Asiya və Əfqanıstan, sonra isə İraq, İran, Suriya, Türkiyə və yenə Əfqanıstan düşdülər. Əfqanıstanın iki dəfə düşməsi təsadüf deyil. Burada dörd sivilizasiya (Rus, İslam, Çin və Hind) bir-birinə bağlanır. Burada enerji yolayrıcı və Avrasiyanın bötüvlüyünə aparan qapının açarı var.

Dünyanı dəyişən qərar

1979-cu il, dekabrın 12-də Kremldə Sov.İKP Mərkəzi Komitəsinin siyasi bürosunun məhdud tərkibdə toplantısı keçirilir. İclasda partiyanın baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnev, partiyanın baş ideoloqu Mixail Suslov, DTK-nın rəhbəri Yuri Andropov, müdafiə naziri Dmitri Ustinov, xarici işlər naziri Andrey Qromıko və Mərkəzi Komitənin katibi Konstantin Çernenko iştirak edirdilər. Yığıncağa Leonid Brejnev sədrlik edirdi. Gündəlikdə yalnız bir məsələ vardı - Əfqanıstana qoşun yeridilməsi. Qısa müddətdə ölkə əhalisinin əksəriyyətini özünə qarşı qoymuş inqilabçı Əfqanıstan hakimiyyəti bir il idi bunu xahiş edirdi. Ancaq onlara daim rədd cavabı verilirdi.


“Əfqanıstana girəcək ordumuz təcavüzkar olacaq. Bəs kimə qarşı mübarizə aparacaq? Bəli, hər şeydən əvvəl Əfqanıstan xalqına qarşı və onlara atəş açmaq məcburiyyətində qalacaq”,- Sov.İKP MK Siyasi Bürosunda Əfqanıstan hökumətinə silahlı dəstək verilməsinin ilk dəfə müzakirə edildiyi 1979-cu il mart tarixli iclasında Andrey Qromko demişdi.
O zaman Sovet XİN-in rəhbəri Əfqanıstan müharibəsinin nəticələrini dəqiq proqnozlaşdırmışdı. Sovet xarici siyasətinin son on ildə əldə etdiyi bütün uğurların - silahların ixtisarının, gərginliyin azaldılmasının, dinc yanaşı yaşamağın üstündən xətt çəkiləcək...
Siyasi Büronun mart ayında keçirilən iclasında Qromıkonun mövqeyi üstünlük qazanmışdı. Amma bu dəfə hər şey fərqli oldu. Qərar əvvəlcədən hazır idi. Yuri Andropov və Dmitri Ustinovdan başqa, xarici işlər naziri də onun hazırlanmasında iştirak etmişdi.

Siyasi Büronun "Böyük üçlüyü" "silahlı hücumların və xaricdən müdaxilənin dəf edilməsində Əfqanıstana hərtərəfli kömək göstərilməsi" məsələsini müsbət həll etmək təklifini irəli sürdü. Məqsəd Əfqanıstan inqilabını boğmaq və SSRİ-nin cənub sərhədlərində hərbi təcavüzə qarşı platsdarm yaratmaq idi.
İki həftə sonra, 1979-cu il dekabrın 27-də Sovet qoşunları Əfqanıstana daxil oldu. Qromıkonun 1979-cu ilin martında proqnozlaşdırdığı hər şey baş verdi. “Gərginliyin aradan qaldırılması” yeni gərginliklərlə əvəzləndi, ABŞ SSRİ-yə qarşı ticarət sanksiyaları tətbiq etdi, Qərb 1980-ci ilin Moskva Olimpiya Oyunlarını boykot etdi.

Praktik olaraq bütün müsəlman dünyası ilk dəfə birləşmiş şəkildə Moskvaya qarşı çıxdı. Sovet İttifaqını "şər imperiyası" adlandıran və onu dağıtmaq layihəsinə girişən Ronald Reyqan dördüncü cəhddən sonra ABŞ-da prezident seçkilərində qalib gəldi. SSRİ-ni cilovlamaq siyasəti Sovet hakimiyyətini sarsıtmaq istiqamətində dəyişdi.

1981-ci il yanvarın 30-da, Kremldə keçirilən görüşdən təxminən bir il iki ay sonra Reyqan milli təhlükəsizlik üzrə işçi qrupunu topladı. Qrupa ABŞ administrasiyasının "məhdud dairəsi" daxil idi: vitse-prezident Corc Buş (böyük), müdafiə naziri Kaspar Uaynberger, dövlət katibi Aleksandr Heyq, CIA-nın direktoru Uilyam Keys və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Riçard Allen. Mövzu gizli hücum əməliyyatları idi.
“Orada onların vəziyyəti çox ağırdır çətinliklərlə daimi mübarizə aparırlar”, - Keys Reyqana deyir. Əlavə edir ki, “onlar məhkumdurlar, iqtisadiyyat tam xaos içindədir. Polşada üsyan var. Onlar Əfqanıstanda, Kubada, Anqola və Vyetnamda ilişiblər. İmperiya özü onlar üçün yükə çevrilib. Tarix bizə şans verib, cənab Prezident, onlara ciddi ziyan vura bilərik”.


Keysi Sovet iqtisadiyyatının Qərb texnologiyalarından və əsas hissəsini “neft dollarları” təşkil edən valyuta gəlirlərindən asılı olduğunu bildirir. ABŞ ilk növbədə məhz onları kəsməyə çalışır, müttəfiqlərinə yeni texnologiyaları SSRİ-yə verməməli olduqlarını təlqin edirdi. Səudiyyə Ərəbistanını bazarı neftlə doldurmağa və bununla da qiymətləri aşağı salmağa inandırmaqla bağlı fəal iş aparırdı. ABŞ eyni zamanda müdafiə xərclərini kəskin şəkildə artıraraq, SSRİ-ni dağıdıcı silah yarışına sürükləyirdi.
1985-ci ildə Reyqanın iqtisadi siyasətinin ilkin nəticələri əldə edildi. 1980-ci illərin əvvəllərindən yavaş-yavaş enən neft qiymətləri 1985-ci ildə ən aşağı həddə düşdü. SSRİ-nin 1981-ci ildə 5 milyard dollar olan xarici borcu 1985-ci ilə qədər illik ixracdan əldə olunan gəliri üstələyərək, 25 milyard dollara çatdı. Bu kəsir Qərbin kreditləri hesabına bağlandı. Daxili borc 142 milyard rubla (ümumi milli məhsulun 18,2 faizi) çatdı. Başqa sözlə, SSRİ borc içində batdı.
Elə həmin 1985-ci ildən Sov.İKP Mərkəzi Komitəsinə və ölkəyə gənc enerjili lider Mixail Qorbaçov rəhbərlik etməyə başladı...



Xaosun gizli mexanizmləri

Əfqanıstan ziddiyyətlərdən hörülüb. Burada milli, dini və qəbilə klanları arasındakı ziddiyyətlər kifayət qədərdir. Bizim üçün siyasət olan əfqanlar üçün ailə tarixidir. Amma əfqan siyasətini qəbilə ənənələrinə bağlamaq situasiyanı sadələşdirməkdir. “Böyük Şahmat Taxtası” (The Grand Chessboard: American Primacy and Its Geostrategic Imperatives) daha genişdir və geri çəkilmək həmişə məğlubiyyət deyil. Bu çox zaman yaxşı düşünülmüş və sınaqdan çıxarılmış bir gedişdir...

ABŞ-ın Əfqanıstandan çəkilməsinin məğlubiyyət və ya strateji gediş olduğu (yeri gəlmişkən, biri digərini istisna etmir) sualına cavab vermək üçün Əfqanıstandakı xaos və vətəndaş müharibəsinin kimə (hansı ölkələrə və layihələrə) problem yaratdığına nəzər salaq.

Dörd il əvvəl “Expert” jurnalında "Borular yanır" başlığı altında bir məqalə dərc edilmişdi. Yazıda dünyadakı enerji balansında təbii qaza doğru yerdəyişmə, yenidən yaradılan qaz bazarının inkişaf perspektivləri və bununla bağlı siyasi trendlər təhlil olunurdu. Məqalədə deyilirdi: “Orta Asiyada boru kəmərlərinin kəsişdiyi yerdə sabitlik dini zəmində pozulacaq. Pakistan-Hindistan münaqişəsi alovlana bilər. Barak Obamanın dövründə İraqdan çıxarılan qoşunlar ABŞ-a qaytarılmadı, onların dislokasiya yeri dəyişdirildi. 2008-2011-ci illərdə Əfqanıstandakı Amerika kontingenti 27, 5 mindən 97 min hərbçiyə qədər artırıldı”.

Bu mətn nəşr olunanda ABŞ artıq Kiyevdə çevriliş təşkil edərək, "böyük neft ellipsi"nin Rusiya seqmentinin qərb hissəsini nəzarətə götürmüşdü (Bundan əvvəl Qafqaz hissəsi yenidən formalaşdırılmışdı - Çeçenistan müharibəsi və Bakı-Ceyhan neft kəməri). NATO Ukraynanın dostu olaraq, Qara dənizdə məskunlaşdı. Suriya nəzarət zonalarına bölündü. Türkiyədə hərbi çevriliş və Rəcəb Tayyib Ərdoğanın devrilməsi cəhdləri uğursuz oldu.

Yalnız “Hörmüz klapanı” sabit işləyir, Əfqanıstanda nisbi sabitlik qorunurdu. “Neft ellipsi”nin digər istiqamətlərində situasiya qaynama temperaturuna çatdırılmış, "Kalibrlərin" və "Tomaqavkların”ın gəlişi ilə məhdudlaşan hərbi qarşıdurmaya qədər gedib çıxmışdı.


18 iyun 2017-ci ildə amerikalılar Rakkanın yaxınlığında Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurdular. Buna cavab olaraq, Rusiya Müdafiə Nazirliyi Pentaqonla Suriyada uçuşların təhlükəsizliyi ilə bağlı ortaq memorandumu ləğv etdi və Rusiya hava hücumundan müdafiə sisteminin Fərat çayının qərbində səmada görünən Amerika koalisiyasına aid istənilən təyyarəni hədəfə götürəcəyini bəyan etdi. İki nüvə supergücü birbaşa toqquşmanın astanasına gəldilər. Növbədi dəfə aydın oldu ki, Yaxın Şərqdəki savaşın səbəbi heç də Bəşər Əsədin "qanlı" rejiminə qarşı “Əl-Qaidə” və “İŞİD” yaraqlılarının "mülayim" müxalifətçiliyi (ABŞ-ın fikrincə) deyil. Səbəb teoloji nüanslar (sünnilər, şiələr) və milli məsələ (farslar, türklər, ərəblər) də deyil.

Suriya təyyarəsi ilə bağlı hadisədən (5 iyun) bir qədər əvvəl Fars körfəzi ölkələri (Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri) Qətərlə diplomatik əlaqələrini kəsdiklərini, Dohaya ərzaq tədarükü və sərnişin gəlməsi üçün ərazilərini və hava sahələrini bağladıqlarını bildirdilər. Daha sonra 16 milyard dollarlıq bank depozitlərinin qaytarılmasını da tələb etdilər.

Qətərdə sünni ərəblər yaşayır. Qətərə blokada elan edən ərəb ölkələri də sünnidir. Qətərə dəstək verən Türkiyə sünni olsa da, ərəb ölkəsi deyil. Doha ilə Ər-Riyad arasında vasitəçi rolunu Suriyada sünni islamçılarla savaşan Rusiya öz üzərinə götürməyə çalışdı. Ərzaq tədarükünün təşkilində köməyi isə farsların və azərbaycanlıların yaşadığı şiə İran təklif etdi.

Körfəz ölkələrinin blokadasının rəsmi səbəbi olaraq Dohanın beynəlxalq terrorizmi dəstəkləməsi elan edildi. Lakin iyunun 7-də (cəmi iki gün sonra) Tehranda dalbadal iki terror aktı törədildikdə terrorizmə qarşı mübarizə aparan və Qətərə qarşı blokada elan edən ərəb ölkələrindən heç biri İrana dəstəyini ifadə etmədi və bunu açıq şəkildə qınamadı.

"Ərəb olmayan" ölkələrin (şiə İran, sünni Türkiyə, xristian Rusiya) ərəblərin çoxluq təşkil etdiyi, hakim elitasının isə Qətərdən fərqli olaraq, şiə olduğu Suriyadakı vəziyyəti həll etmək üçün yaratdıqları Astana formatının qurucularından olduğunu xatırlasaq, vəziyyət bir az da dolaşır.


Dünyanın aparıcı ölkələri problemə əvvəlcədən cəkb olunmasaydılar (onları siyasi məntiqdən kənara çıxaraq qınamaq da olmaz), Yaxın Şərqdə baş verən hadisələri bir növ dünyadakı xaosun təzahürü kimi qəbul etmək olardı. Deməli, Yaxın Şərq hadisələrinin məntiqini fərqli müstəvidə (dini və milli deyil) axtarmaq lazımdır.

Söhbətin sadəcə daşlı-kəsəkli səhradan, orada yaşayan köçəri tayfalardan getmədiyini yada salsaq, məntiq aydın olur. Söhbət planetin enerji qəlbindən gedir. Dünyanın aparıcı ölkələrinin enerji qaynaqlarına çıxışının təminatı ("ürək klapanlarının” işi) isə mənfəət əldə etmək deyil. Neftə çıxış həmişə təhlükəsizlik, müharibə və sülh məsələsidir. İlk növbədə Yaxın Şərq üçün.

Situasiyanı enerji ölçüləri baxımından nəzərdən keçirsək, Yaxın Şərq xaosu tutarlı məntiq qazanır. Hadisələrin bütün iştirakçılarını ümumi neft və qaz maraqları birləşdirir və ayrır.

ABŞ qaz istehsalı və istehlakına görə dünyada birinci yerdədir. “Böyük qaz üçlüyü” (Rusiya, İran və Qətər) dünyanın ən böyük mavi yanacaq ehtiyatlarına malikdir. Suriya, Türkiyə və Əfqanıstan, Lissabondan Şanxaya qədər vahid Avrasiya boru kəmərləri (iqtisadiyyatın qan damarları) üçün tranzit qovşağıdır.

Sovet İttifaqı ilə birlikdə təkcə geosiyasi tarazlıq deyil, həm də enerji balansı pozuldu. Moskvanın birbaşa nəzarətindən çıxmış "neft ellipsi"nin (Azərbaycan, Qazaxıstan, Türkmənistan) mərkəzi (Xəzər) əyaləti uğrunda mübarizə başladı. Dünya enerji məkanının yenidən təşkilinin iki layihəsi toqquşdu. Rusiya Mərkəzi Asiyanın neft və qaz tranzitini özündə saxlamağa çalışdı. Qərb enerji resurslarının dünya bazarına çatdırılması üçün alternativ yollar təşkil məqsədilə hər şey etdi. Bunlardan ən əsasları Türkmənistandan Pakistanın Karaçi limanına çəkilən və Hindistana doğru şaxələnməsi ehtimal olunan Türk-Qafqaz və Trans-Əfqanıstan dəhlizləri idi. Qərbin "anti-Rusiya" boru kəmərləri məsələsində açıq həmrəyliyinə baxmayaraq, ABŞ və Avropanın mövqeləri ciddi şəkildə fərqlənirdi. Avropa əsas “stavkanı” Türk-Qafqaz marşrutuna qoyaraq, perspektivdə İranı da ona qoşmaq yolunu tutdu. Həm geosiyasi rəqiblərinin, həm də müttəfiqlərinin yanından keçərək, Xəzər-Asiya qaynaqlarını birbaşa dənizə çatdıran Trans-Əfqanıstan dəhlizi ABŞ üçün prinsipial əhəmiyyət daşımağa başladı. Bu mənada Əfqanıstanda “Taliban”ın müstəqil hərbi-siyasi güc olaraq meydana çıxması tarixi baxımdan anlaşılandır.

Çətin dərsin tələbələri

SSRİ-yə qarşı müharibə müsəlman ölkələrini bir araya gətirdi və İslamı dünyanın siyasi quruluşunu dəyişdirə biləcək qüvvəyə çevirdi. ABŞ-ın, Səudiyyə Ərəbistanının və Pakistanın kəşfiyyat xidmətlərinin qidalandırdığı (bu işdə hətta İran və Çin də iştirak edib) mücahidlər ordusu Sovet qoşunlarının çıxmasından sonra hər biri öz bölgəsinə nəzarət edən qəbilə qruplaşmalarına bölündülər.

Əfqanıstan kommunikasiya baxımından (nəqliyyat dəhlizi olaraq) mövcudluğunu dayandırdı. Ölkənin cənubundan şimalına humanitar yardım və ərzaq məhsulları aparan karvanları yol boyu talan edildilər. Pakistanın Karaçi limanından Herata qədər heç bir insident olmadan gedən ilk karvanı Pakistan mədrəsələrinin şagirdləri (tələbələri – puştu dilində “taliblər”) arasından seçilən könüllülər mühafizə etdi.

“Taliban”ın Əfqanıstanda meydana çıxması birbaşa Pakistanın keçmiş Baş naziri Bənəzir Bhutto ilə əlaqəlidir (onun əri Asif Əli Zərdari ticartələ məşğul idi). Bhutto özü “Taliban”ın yaranmasında şəxsi kommersiya marağını dəfələrlə inkar edib, lakin onun liderləri ilə "isti" münasibətlərini heç vaxt danmayıb. Amma necə olursa-olsun, çəkişmələrdən əziyyət çəkən Əfqanıstan “Taliban”ı xilaskar kimi qəbul etdi.


1994-cü ilin noyabrında “Taliban” faktiki olaraq döyüşsüz Qəndəhara girdi. Cəmi bir neçə ay ərzində 12 əyalət “Taliban”a təslim oldu, Qəndəhar-Herat avtomobil yolu nəzarət altına alındı. Və cəmi üç aydan sonra (15 mart 1995-ci il) Türkmənistan və Pakistan hökumətləri avtomobil yolu boyunca uzanacaq Əfqanıstan boru kəmərinin inşasına dair hökumətlərarası memorandum imzaladılar.

1996 -cı ilin əvvəlində “Taliban” uzun müddət əhəmiyyət vermədiyi paytaxt Kabili ələ keçirdi, çünki yeni hökumətin beynəlxalq səviyyədə tanınması Kabil olmadan mümkün deyildi. Avqust ayında isə (altı ay sonra) ABŞ-ın Pakistandakı keçmiş səfiri Robert Oklinin (o, karyerasına kəşfiyyatda başlayıb və Dövlət Departamentinə gedən qədər orada 4 il xidmət edib ) rəhbərlik etdiyi Amerikanın “Unocal” şirkəti Trans-Əfqanıstan boru kəmərinin tikintisi üçün konsorsiumu rəsmi olaraq təsdiqlədi.

Layihənin əhəmiyyətini anlamaq üçün bir az da konspirologiyaya müraciət edək. Həmid Karzay və Zalmay Xəlilzad fərqli vaxtlarda “Unocal”da çalışıblar. Sonuncu ABŞ dövlət katibinin Əfqanıstandakı Sovet müharibəsi üzrə xüsusi müşaviri, daha sonra ABŞ prezidentinin xüsusi köməkçisi, ABŞ Milli Təhlükəsizlik Şurasının Cənub-Qərbi Asiya və Yaxın Şərq üzrə baş direktoru olub. 2001-ci ildə Amerika qoşunları Əfqanıstana gətirildikdən sonra Xəlilzad ABŞ-ın bu ölkədəki səfiri vəzifəsini tutdu, Karzay isə əvvəlcə Əfqanıstan Prezidenti vəzifəsini icra etdi, sonra rəsmən seçildi. Hər ikisi taliblər kimi puştu tayfalarındandırlar.

Maraqlı bir detal odur ki, trans-Əfqanıstan konsorsiumunun təsdiqilə eyni vaxtda (1996-cı ilin avqustunda) Moskva və özünü müstəqil elan edən Çeçenistan hakimiyyəti Xasavyurt sülh müqaviləsini imzaladılar. Sülh “Unocal”ın iştirakı ilə beynəlxalq konsorsiumun Xəzər şelfində çıxardığı "ilkin neftin" nəqli üçün Rusiya marşrutunun (Bakı - Novorossiysk) seçilməsinin şərti idi.
Hadisələrin sinxronluğunu vaynah və puştunların tayfa-qəbilə ənənələrinin bənzərliyi ilə izah etmək mümkün deyil. ABŞ-ın “neft ellipsinin” mərkəzi əyalətinin ətrafındakı fəaliyyəti sistemli və razılaşdırılmış xarakter daşıyırdı.
Kombinasiya 1999-cu ilin ortalarında sona çatdı. Elə görünürdü ki, Vaşinqtonun dağılmış daşları bir yerə toplayacağına sanki heç nə mane ola bilməz.


Avqustun 7-də çeçen komandirlər Şamil Basayev və Xəttab (hərbi karyerasına Əfqanıstanda başlayıb) Dağıstana hücum edərək, "böyük" Xəzər neftinin Rusiya marşrutu ilə nəqli yolunda ciddi təhdidlər yaratdılar. Nəticədə ATƏT-in İstanbul sammitində (18 noyabr) Azərbaycan, Qazaxıstan, Türkmənistan, Türkiyə və ABŞ rəhbərləri Rusiyadan yan keçəcək boru kəmərinin (Bakı-Ceyhan) tikintisini dəstəkləmək haqqında bəyannamə imzaladılar.
Sentyabrın 4-də “Taliban” Şimal Alyansına qarşı hücuma keçdi, Əhməd Şah Məsudun dəstələrini iki həftə ərzində məğlub etdi və MDB sərhədlərinə çıxaraq, trans-Əfqanıstan marşrutu boyunca vahid rejim qurdu. “Şimal alyansı” könüllüllərinin əsasını etnik özbəklər və taciklər təşkil edirdi. Bu mənada Özbəkistanın rəhbəri İslam Kərimovun sentyabrın 26-da Bişkekə səfəri zamanı verdiyi bəyanat gözlənilməz oldu: "Baş verən son hadisələrlə əlaqədar Orta Asiya və bütün dünya əhalisi arasında süni panika, şayiələr yayılaraq, psixoz yaradılır ki, bu da investorları region ölkələrindən qorxudub çıxarmaq istəyən qüvvələrə sərf edir".

Özbəkistan liderinin bəyanatının oktyabrın 11-də Bişkekdə keçiriləcək MDB dövlət başçılarının sammiti ərəfəsində səsləndiyini xüsusi qeyd etmək lazımdır. Sammitdə Əfqanıstandan ekstremizm ixracının qarşısını almaq üçün Orta Asiya kollektiv təhlükəsizlik qüvvələrinin yaradılması müzakirə olunacaqdı. Yəni vahid (Rusiyayönlü) təhlükəsizlik sistemi yaradılacaqdı.

Kərimovun mövqeyinin kəskin dəyişməsini (əvvəllər o, Özbəkistan İslam Hərəkatını dəstəklədiyinə görə"Taliban"ı tənqid edirdi) Məsudun məğlubiyyətindən dərhal sonra ABŞ dövlət katibinin müavini Tomas Pikeringin “Taliban”ın xarici işlər nazirinin müavini Əbdurrahman Zahidi Vaşinqtonda qəbul etməsilə izah etmək olar.
Zahidin Vaşinqtona səfəri ərəfəsində “Taliban”ın xarici işlər naziri Vəkil Əhməd Muttavakil bəyan etdi ki, yeni Əfqanıstan hökumətinin ölkə xaricində heç bir marağını yoxdur və şimal qonşuları ilə danışıqlara hazırdır. Amerika-Əfqanıstan danışıqlarından sonra isə ABŞ Mərkəzi Komandanlığının baş komandanı Tommi Rey Franks Qırğızıstana, Özbəkistana və Türkmənistana qısa səfərlər etdi.

(Ardını buradan oxuyun )
AzVision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti