Azərbaycan təxribatlara qarşı “Hadrut variantı”na əl ata bilərdi... – Ədalət Verdiyevin yazısı

   Azərbaycan təxribatlara qarşı “Hadrut variantı”na əl ata bilərdi... –    Ədalət Verdiyevin yazısı
  19 Noyabr 2021    Oxunub:2266
Ermənistan ordusunun Zəfər günü ərəfisində başlayan təxribatları noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində kulminasiya nöqtəsinə çatdı. Təxribatlar noyabrın 6-da Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın Xankəndinə səfəri ilə başlamışdı. Ardınca hadisələr belə inkişaf etdi:
- Zəfərimizin ilk ildönümünü qeyd etdiyimiz bir vaxtda ermənilər Şuşa ətrafında diversiya qrupu ilə su xəttinin təmirini imitasiya etdilər;
- Səhəri gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərimizə yol çəkən mühəndis texnikalarımızı atəşə tutdular;
- Qaragöl ətrafında 60 erməni hərbçinin Azərbaycan Ordusunun mövqelərinə aparan yolda yerləşdirilməsinə cəhd göstərildi;
- Noyabrın 13-də erməni terrorçu sülhməramlıların Şuşa yaxınlığındakı nəzarət-buraxılış məntəqəsindən Azərbaycan hərbçilərinin nəzarət məntqəsinə qumbara atdı;
- Noyabrın 14-ü səhər saatlarına qədər ermənilər Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisudakı mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə atəşə tutdular;
- Noyabrın 15-i isə gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərinə intensiv atəş açdılar;
- Azərbaycan tərəfinin etdiyi xəbərdarlıqlara baxmayaraq noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ordumuzun mövqelərinə qarşı genişmiqyaslı təxribat törətdi. Bu, miqyasına görə Vətən Müharibəsinin başa çatmasından sonra erməni tərəfinin törətdiyi ən genişmiqyaslı təxribat hesab edilir.
Yüzlərlə rusiyalı erməni İrəvanda “qara siyahı”ya salınıb

Noyabr 9-da Laçın rayonunun Qaragöl gölü ətrafındakı mövqelərimizə aparan yolda 60 ermənidən ibarət bölüyün yerləşdirilməsi zamanı Ordumuzun gördüyü tədbirlər nəticəsində erməni hərbçiləri mühasirəyə alınmış və düşmənin bütün hərəkətləri məhdudlaşdırılmışdı. Rusiya tərəfinin xahişi nəzərə alınaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaratdılar. Hesab edirəm ki, səhəd məsələsində mandata malik olmayan Rusiyanın xahişini ermənilərdən silahların yığılması və yazılı üzrxahlıqdan sonra yerinə yetirməli idik. Rusiya sülhməramlıları bu ərazilərin Azərbaycana qaytarılmasını keçən il təmin etsəydilər, bəlkə də ermənilər daha az sayda təxribat törədərdi.

Biz Müdafiə Nazirliyinin “buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görüləcək tədbirlərin daha sərt və təsirli olacağı” barədə bəyanatı ilə kifayətləndik. Erməni tərəfi isə cəzalandırılmadığı üçün yenə də məsələni ciddiyə almadı və noyabrın 16-da son bir ilin ən geniş avantürasına əl ataraq, dövlət sərhədimizin Laçın istiqamətində yerləşən yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla, daha əlverişli mövqelərə yiyələnmək üçün genişmiqyaslı hücuma keçdi. Hücumlar Ermənistanın hissə və bölmələrinin Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, artilleriya qurğularından və s. intensiv atəşə tutması ilə müşaiyət olundu. Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun hissə və bölmələri tərəfindən adekvat cavab tədbirləri nəticəsində düşmən layiqli cavabını aldı.

Təəssüf ki, irimiqyaslı toqquşma itkisiz olmur. Son hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi 7 şəhid verdi, 10 hərbçimiz isə yaralandı. Xalqımız və dövlətimiz bütün şəhidlərimizin əziz xatirəsini daim uca tutur, onların Vətən qarşısında xidmətləri çox böyükdür. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin!
Ermənistan tərəfi törətdiyi təxribatda 40 nəfər yaralı və 20-dən artıq canlı qüvvə itkisinə məruz qalaraq, növbəti dəfə məğlub oldu. Düşmənin artilleriya vasitələri, zirehli texnikaları məhv edildi, xeyli silah-sürsatı qənimət götürüldü. Erməni hərbçilərinin cəsədlərindən bir neçəsinin Azərbaycanın nəzarətində olan ərazidə qalması, hücuma keçərək təxribat törədilməsində məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü sübut edir.

Azərbaycan Ordusunun bölmələri qarşılarında duran vəzifələri tam icra etməklə ərazi itkisinə yol vermədi. Əməliyyat şəraitində dəyişiklik olmadı, bütün strateji yüksəkliklər və yaşayış məntəqələri bölmələrimizin tam nəzarətindədir.
Ermənistan silahlı bölmələrinin təxminən Tovuz hadislərinin təkrarına bənzəyən genişmiqyaslı təxribatı törətməkdə əsas məqsədi qısamüddətli üstünlüyə nail olmaqla münaqişənin həllini daha uzun bir zamana yaymaqdan ibarət idi. Ermənistanın növbəti təxribatla imzaladığı birgə Bəyanatın şərtlərinin yerinə yetirilməsini ləngitməyə cəhd etməsi aşkar hiss olunur və bu, bizim üçün qəbuledilməzdir. Birgə Bəyanatın şərtlərini yerinə yetirən qalib Azərbaycan eyni davranışı məğlub tərəfdən tələb etmək hüququna malikdir.

ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələrin sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı danışıqlara başlamaq barədə təklifləri ilə Azərbaycanın mövqeyi üst-üstə düşürsə, Ermənistan da bu təkliflərə biganə qala bilməz. Azərbaycanın erməni silahlılarının Qarabağdan çıxarılması, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması ilə bağlı təşəbbüsləri işğalçı ölkə tərəfindən real addımların atılması ilə müşaiyət edilmir. Ermənistan bu təşəbbüslərə cavab vermək əvəzinə sərhəd zonasında qanlı terror aktları və genişmiqyaslı təxribatlar törətməyə, bəzi ölkələri isə bu mövzu ətrafında şantaj etməyə çalışır.
Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması Rusiyanı aşkar şantaj etmək cəhdidir. 26 il BMT və digər Beynəlxalq təşkilatların qərarlarını diqqətə almayan Ermənistanın son bir ildə dəfələrlə həm KTMT-yə, həm də digər təşkilat, ittifaq və güc mərkəzlərinə müraciət etməsi riyakarlığın, qorxaqlığın və yaltaqlığın analoqu olmayan nümunəsidir. Həqiqətən də “Dəmir Yumruq” Ermənistanı rəzil vəziyyətə qoymaqda davam edir.

Regionda mövcud olan hərbi-siyasi vəziyyət göstərir ki, Ermənistan bundan sonra da yeni təxribat törətməkdə davam edə bilər. Buna görə də Azərbaycan Ordusu daim təxribatlara qarşı döyüş hazırlığı vəziyətində olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komanandan cənab İlham Əliyev Qarabağ münaqişəsinin başa çatdığını bildirib. Bu Azərbaycanın rəsmi mövqeyidir. Əgər Ermənistan növbəti təxribatları ilə münaqişəni yenidən alovlandırmağa təkrar cəhd edəcəksə, buna Azərbaycan tərəfi adekvat reaksiya verməyə məcburdur. Azərbaycan münaqişənin alovlanmasında maraqlı olsaydı, Hadrut variantını tətbiq etməklə düşməni daha geniş cəbhədə müqavimət göstərməyə vadar edərək, daha rəzil duruma sala bilərdi.

Buna bənzər terror və təxribat hadisələri ilə qardaş Türkiyəmiz və müttəfiqimiz İsrail də fasiləsiz qarşılaşırlar. Erməni silahlılarının terror və təxribat fəaliyyətlərinə son verəcəyinə inanmaq sadəlövhlük olardı. Odur ki, biz də erməni tərəfinin terror hücumlarını dəf etmək üçün daim hazır olmalıyıq. Müharibənin bizim üçün bitməsi düşmənin bizə qarşı nifrətinin bitməsi demək deyil. Ermənistan sərhədlərimizə və Qarabağa könüllülərdən ibarət terror qruplarını göndərməyə hazırlaşır. Silahlı Qüvvələrimiz növbəti düşmən təxribatlarının qarısını almaq üçün həm sərhədlərimizə, həm də Qarabağa yaxınlaşan bu terror qruplarını zərərləşdirmək üçün təcili tədbirlər görməlidir.
Biz Ali Baş Komandanımıza və Əsgərimizə inanırıq!

Ədalət Verdiyev, hərbi ekspert


Teqlər: Ermənistan   Təxribat  





Xəbər lenti