“Patriot” vs "S-400": Türkiyə uduzdu, ya uddu - TƏHLİL

// Qərbin Türkiyəyə qarşı qurduğu oyun arzulanan nəticəni vermir

  “Patriot” vs "S-400":  Türkiyə uduzdu, ya uddu -  TƏHLİL
  02 Dekabr 2021    Oxunub:6188
Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr Ankara və Vaşinqton arasında “F-35”lərlə bağlı növbəti məsləhətləşmələrin gələn ilin əvvəlində ABŞ-da keçiriləcəyini bildiriblər. Türkiyənin “F-35 proqramı”ndan çıxarılması ilə bağlı ziddiyyətlər ətrafında oktyabrın sonlarında Ankarada aparılan müzakirələrdə müsbət nəticə əldə olunmadı. Bu ixtilafın təməlində isə NATO üzvü olan Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri (ZRK) alması dayanır.
Əslində ABŞ-ın “incikliyi” siyasi spekulyasiyadan başqa bir şey deyi. Çünki Ankaranın “S-400” almasını Vaşinqtonun və NATO-nun bəzi üzvlərinin “Patriot” ətrafında apardıqları oyunlar şərtləndirib. Amma bu iki raket sistemlərinin hərbi-texniki imkanlarının müqayisəsi Ankaranın addımının istənilən halda məntiqli olduğunu təsdiqləyir.

Hələ 2012-ci ilin dekabrında ABŞ-ın müdafiə naziri Leon Panetta Türkiyədə müvəqqəti olaraq “MIM-104F Patriot PAC-3” markalı iki ZRK batareyasının yerləşdirilməsi barədə razılığa gəlindiyini bildirdi. Bundan bir qədər əvvəl isə NATO-nun daha iki üzvü – Niderland və Almaniya da Türkiyə ərazisində müəyyən müddətə hərəyə iki “Patriot” ZRK batareyası yerləşdirəcəklərini açıqladılar. Həmin bəyanatlar Türkiyənin Suriya ilə sərhəddinin 80 kilometrlik hissəsində hava hücumundan müdafiə sistemini gücləndirmək məqsədi ilə Ankaranın NATO-ya rəsmi müraciətindən sonra verilmişdi. Bu müraciəti şərtləndirən əsas məqam isə 2012-ci ilin iyununda Suriyanın ərazi suları üzərində Türkiyəyə məxsus "F-4" qırıcı təyyarəsinin vurulması və 2012-ci ilin oktyabrında Türkiyənin Ağcaqala şəhərinin Suriya ərazisindən raket atəşinə məruz qalması idi.

Lakin PKK terrorçu təşkilatının Suriyanın şimalındakı YPG/PYD silahlı üsyançılarının Türkiyə sərhədlərinə yaratdığı təhdidin qarşısını almaq üçün Ankaranın Suriya ərazisində hərbi əməliyyatlara başlaması vəziyyəti tam əks istiqamətə dəyişdi. Suriya hökuməti ilə qarşıdurmada Qərbin dəstəklədiyi YPG/PYD silahlı qruplaşmalarına Türkiyənin endirdiyi zərbələr Vaşinqtonda və onun NATO üzrə müttəfiqlərində ciddi qıcıq doğurdu. Son nəticədə, 2105-ci ilin əvvəllərində öz “Patriot” ZRK batareyalarını çıxaran Niderlandı İspaniya əvəzlədi. Elə həmin ilin oktybarında ABŞ da öz “Patriot”larını Türkiyədən geri çəkdi. 2016-cı ilin əvvəlində isə Almaniya analoji addım atdı. 2019-cu ilin oktyabrında artıq İspaniya hökuməti Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlara görə özünün “Patriot” sistemlərinin çıxaracağı ilə hədələdi. 2019-2020-ci illərdə Suriya qoşunlarının qarşını kəsmək məqsədilə Türkiyənin iki “Patriot” sistemini almaq barədə ABŞ-a müraciəti Ankaranın Moskva ilə S-400 “Triumf” sövdələşməsinə getməsi bəhanəsilə Vaşinqton tərəfindən rədd edildi. Beləliklə də, Qərb özünün apardığı ikibaşlı oyuna görə son nəticədə Ankaranı günahkar çıxardı. Amma “Patriot” və S-400 “Triumf” sistemlərinin müqayisəsi hərbi-texniki səmərəlilik baxımından Türkiyənin bu oyundan daha uduşlu çıxdığını sübuta yetirir.


“Patriot” və “S-400” sistemləri iki əsas vəzifəni yerinə yetirməlidir:
1)
HHM radarları, raket batareyaları, qərargahlar, sənaye rayonları kimi vacib obyektləri hava hücumundan qorumaq.
2) Ballistik raketləri “tutmaq” və məhv etmək.

Hər iki kompleks aktiv radioelektron qarşıdurması şəraitində işləmək üçün nəzərdə tutulub. Həm muxtar rejimdə, həm də HHM və RƏM (raket əleyhinə müdafiə), peyklər və uzaq radiolokasiya aşkarlanması təyyarələrindən alınan kənar informasiya əsasında işləyə bilirlər. Lakin S-400 kompleksi yalnız özgələrinin komandası ilə atəş açmaqla yanaşı, həm də müxtəlif tipli ZRK-ların vahid şəbəkəsini də idarə edə bilir: S-400, S-300, "Pantsir-S1", "Tor-M1" kimi sistemlərin silahlanmasına daxil olan onlarla atəş qurğusunu və yüzlərlə raketi öz idarəçiliyi altında birləşdirir.

Taktiki-texniki göstəricilərinə əsasən “Patriot” ZRK-sı ən çoxu saniyədə 2500 metr sürətlə uçan, 120 km (ballistik raketlər 25 km) uzaqda və 25 (ballistik raketlər 11 km) km hündürlükdə olan hədəfləri məhv edə bilir. Kompleksin hədəfə reaksiya müddəti 15 saniyə təşkil edir. 3 saniyəlik intervalla raketlər buraxmaqla eyni vaxtda 8 hədəfə atəş açmaq imkanına malikdir.

1982-ci ildə ABŞ ordusunun silahlanma arsenalına daxil olan “Patriot” sistemləri 1991-ci ildə Körfəz müharibəsi zamanı İraqın aviasiyasına və ballistik raketlərinə qarşı ilk döyüş sınağı keçdi. Lakin hədəflərin “tutulması” üçün yaradılan ideal şəraitə rəğmən gözlənilən effekti nümayiş etdirmədi. 158 raket atan “Patriot”lar İraq ordusunun buraxdığı 130 raketdən yalnız 46-nı vura bildilər. O da ki, əksər hallarda İraq raketlərinin yalnız korpusu zədələnir, döyüş başlığı isə toxunulmaz qalırdı. Bəzi hallarda sistemlərdən qeyri-ixtiyari atəşlər də açılırdı. Ən böyük neqativ isə hədəflərin yalnız 20 km-dən də az uzaqlıqda və 7 km-dən aşağı hündürlükdə “tutulması” oldu. Bir sözlə, “Patriot”un məsuliyyəti zonasındakı “çətiri” çox zəif çıxdı.

2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı “Patriot”un effektliyi bir qədər artırılsa da, bu dəfə qarşı tərəfin istifadə etdiyi aşağı hündürlükdə uçan qanadlı raketlərlə mübarizə uduzuldu. Bundan başqa, zenit komplekslərinin şəxsi heyətinin koordinasiyası düzgün qurulmadığından “Patriot” kompleksləri müttəfiqlərin də bir neçə təyyarəsini vurdular.
2019-cu ilin sentyabrında ABŞ-ın strateji müttəfiqi olan Səudiyyə Ərəbistanının nəhəng neft müəssisələri qanadlı raketlərin və PUA-ların kütləvi hücumuna məruz qalanda isə “Patriot” komplekslərinin əsasında qurulan HHM sistemi bir hədəfi belə vura bilmədi. Bu öz növbəsində təəccüblü olduğu qədər də çox müəmmalı suallar doğurdu.


400 km radiusda və 35 km hündürlükdə məsuliyyət zonasına düşən obyektləri öz “çətiri” altına alan S-400 “Triumf” kompleksi “Patriot”la müqayisədə daha güclüdür. Düşmənin ona qarşı hansı sistemin dayandığını bilməməsi üçün bu ZRK məqsədyönlü şəkildə zahirən S-300 kimi düzəldilib. Ümumiyyətlə isə, S-400 “Triumf” öz imkanlarına görə dünyadakı bütün HHM komplekslərini üstələyir. Kompleks 600 km.-lik məsafədə təbiətdə mövcud olan bütün uçan obyektləri – gözə görünməyən təyyarələrdən tutmuş hipersəs sürətli raketlərə qədər – aşkarlayır. 8 divizionun daxil olduğu bir S-400 sistemi arsenalında 384 raket olan 72 atəş qurğusunu idarə edə bilir. Kompleks aerodinamik hədəfləri 400, ballistik raketləri isə 60 kilometrlik məsafədə vurmaq imkanına malikdir. 5 metrdən tutmuş 35 kilomterədək yüksəklikdə olan hədəfləri aşkarlaya və eyni vaxtda 80 müxtəlif hədəfə atəş aça bilir. Hədəflərin “özününkülər və özgələr” təsnifatını aparan radiolokasiya sistemi onların təhlükə səviyyəsini müəyyənləşdirir, koordinatlarını hərbi idarəetmə məntəqəsinə ötürür. S-400 “Triumf”un unikallığı həm ümumi, həm də ayrı-ayrı hədəflər üzrə işin keyfiyyətinin artırılması üçün ona əlavə modulların qoşulmasındadır. Bunun nəticəsində eyni vaxtda 300 müxtəlif tipli hədəfi müəyyənləşdirmək mümkündür.

Kompleksin arsenalına daxil olan 5 tip raketlər hədəfləri müxtəlif hündürlüklərdə vura bilir ki, bu da S-400-ə eşelonlaşdırılmış HHM sistemi qurmağa imkanı verir. Məsələn, 9М96Е raketi yerüstü yönəltmə stansiyalarının görmə zonasının hüdudlarından kənar ərazilərdə də işləyə bilir. Raket müşaiyət radarının işıqlandırılması olmadan belə həm yerdən daxil olan komanda əsasında, həm də müstəqil şəkildə hədəfə yönəlməyi bacarır. Belə raketlə ballistik başlıqların və zərbəçi PUA-ların vurulması ehtimalı 1,5-2 dəfə artır.


S-400 “Triumf”un arsenalına daxil olan bütün raketlər “soyuq start”a malikdirlər. Bu zaman raket buraxılış konteynerindən barıt katapultu ilə atılır, 30 metr hündürlükdə qaz sükanları onu hədəfə doğru çevirir, marş mühərriki işə düşür. Bu raketin uçuş məsafəsini artırır və hədəfin vurulması zonasının yaxın sərhəddini xeyli azaldır. Raketin şaquli startı isə atış qurğusunun fırlanmadan istənilən istiqamətdə hədəfləri atəşə tutmasına imkan verir. Yeri gəlmişkən, “Patriot” ZRK-sı 60 metrdən aşağıda uçün hədəflərlə “işləmək” zoruna malik olmadığı halda, S-400 sistemi yer səthindən cəmi 5 metr yuxarıda uçan obyektləri də vurur. Digər üstün cəhət isə S-400-ün saniyədə 4800 metrə qədər sürətlə uçan, yəni hipersəs sürətli 36 hədəfi eyni vaxtda vura blmək bacarığıdır.

Hazırda “Patriot”un S-400-lə müqayisədə yeganə üstünlüyü onun döyüş meydanlarında sınaqdan çıxmasıdır. Bu baxımdan, ABŞ-ın “Hermitage Foundation” analitik mərkəzinin əməkdaşı Stiven Buççi S-400 “Triumf”un əsl müharibə şəraitində istənilən effekti verəcəyini şübhə altına alır. Bu kontekstdə Böyük Britaniyanın Birminqem universitetinin eksperti Riçard Konnollinin açıqlaması çox maraqlıdır.
- Rusiya KİV-lərində iddia olunur ki, S-400 ABŞ və Fransadakı rəqiblərindən yaxşıdır. Rusiya, ona qədər isə SSRİ həmişə raket texnologiyalarında liderlik ediblər. Bu ABŞ-ın, Qərbin yaxşı təyyarələr istehsal etməsi ilə bağlıdır. S-400 çox çevik sistemdir və müxtəlif tipli raketlərlə istifadə oluna bilər. Daha bir üstünlük qiymətdədir. S-400 ən azı iki dəfə amerikanın “Patriot” komplekslərindən ucuzdur,- Konnolli deyib.

Maraqlıdır ki, hərbi-texniki göstəricilərinə görə ABŞ-ın “Patriot” sistemi yalnız S-400 “Triumf”a uduzmur. Bu müstəvidə hazırda ən yaxşı ZRK-ların ilk beşliyində “Patriot” yalnız 4-cü yeri tutur.
1) S-400 “Triumf” (Rusiya)
2) “Davidin sapandı” (İsrail)
3) “SAMP-T” (Fransa-İtaliya)
4) “ММ-104 Patriot” (ABŞ)
5) “HQ-9” (Çin)


Məhz bu reallıq qarşılığında Vaşinqtonun bütün narazılıqlarına və hədə-qorxularına rəğmən S-400 “Triumf” sistemlərinin müştərilərinin sayı artmaqda davam edir. ABŞ-ın isə bir çox hallarda öz strateji müttəfiqlərinə qarşı apardığı ikibaşlı oyunlar bu prosesi daha da sürətləndirir. Türkiyəyə münasibətdə Vaşinqtonun belə siyasətinin kimə daha baha başa gəldiyi isə göz qabağındadır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Patriot   S-400  





Xəbər lenti