Xoş gördük, arzuların şəhəri!

   Xoş gördük, arzuların şəhəri!
  10 Dekabr 2021    Oxunub:2198
Qönçəgül Kamalqızı

Biləndə ki, Şuşaya gedirəm, sözün əsl mənasında yuxum ərşə çəkildi. Necə olacaq? Məni nə gözləyir orda? Gülsəmmi, ağlasammı? Sevinci də, kədəri də eyni anda yaşayırdım. Təsəvvür edin, uşaq vaxtı - 29 il əvvəl gəldiyimiz o yurd yerlərinə yenidən ayağım dəyəcək.
Həyəcanlıydım. Həm də Laçına bir az daha yaxın olacaqdım. Sanki dağların o üzünə əlimi uzatsam çatacaq qədər yaxın... Amma həm də kədərliydim, kaşkilərimlə gedirdim. Çünki o yerlərin həsrəti ilə bu dünyadan köçən nə atam, nə də anam vardı yanımda artıq.
Bu, işğaldan azad olunan torpaqlarımıza 2-ci səfərim idi. İlk səfərimdən fərqli olaraq bir az daha ürəkliydim. Axı atamın qol saatı, anamın kəlağayısı mənə yol yoldaşlığı edəcəkdi. Ağrılarım azalmasa da, toxdaq idim. Bəlkə də, Kəlbəcərin, Laçının havası ilk səfərdə az da olsa üzümə dəydiyi üçün belə idim.

**
O gün gəlib çatdı. Yola düşdük, müqəddəs bir yolla. Atamın ana yurduna. Qalalı qızı Bənövşənin- Bəşə nənəmin Şuşasına.

Nə zaman uzaq bir yola çıxsam ürəyimə hüzün çökür. Qulağıma Zərifə xalanın ağısı gəlir. Biz Laçından gələndə o qadının dediyi layla qarışıq ağının yanğısı heç vaxt qulaqlarımdan getmədi, yadımdan çıxmadı. Yol boyu dağılan evləri gördükcə qəhərim boğazımda düyümlənir yenə də. Qaysaq bağlayan yaram təzədən qanayır. Laylamı desəm, ağlasammı, oxşasammı bu daşı, bu torpağı, xaraba evləri. Kimi çağırsam köməyə? Bəzən insan gördüyü mənzərə qarşısında o qədər acizləşir ki, gücü göz yaşlarından savayı heç nəyə çatmır.


Düşməni bağışlamayacağam heç vaxt. Bu yerləri viran qoyduqca neçə-neçə əsl sahiblərinin də həyatını tar-mar etdiyinə görə. Yataqxanalarda, çadırlarda hədər gedən ömürlərə, qəriblikdə qazılan məzarlara, minlərlə şəhid oğullarımıza görə. Məcburi köçkün həyatımız kino lenti kimi gözümün önündən gəlib keçir. Biz nələr yaşamadıq ki....

Hisslərimin burulğanında Şuşaya yaxınlaşıram. Bu yollar, bu dağlar, meşələr necə doğmadı mənə. “Bax, qızım, görürsən Şuşanı. Bu Topxana meşəsi, Bu da Cıdır düzü”. Sürücümüz Seyran dayının səsi məni keçmişdən ayırır. Uzaqdan bu əzəmətli şəhərə baxıram. Lap uşaqlıqda olduğu kimi. Atamın səsi gəlir qulağıma. Qərib atam, ürəyi nisgilli atam. Vətəni, torpağı bizə sevdirən, dəyərli edən adam. Xəbərin varmı geri qayıtdığımızdan?

Nəhayət, Şuşaya çatırıq. Arzuların çin olduğu şəhərə. Xoş gördük, əsrarəngiz Şuşa, möhtəşəm Qala. Xoş gördük, Qarabağın incisi. Xoş gördük, Cıdır düzü, Topxana meşəsi, Xarıbülbül. Nə edəcəyimi bilmirəm ilk görüşdə. Yüzlərlə şəhidin qanı axan torpağındanmı öpüm, yoxsa daşınamı toxunum?


Şuşanı döyüşdən çıxmış cəngavərə bənzətdim. Əsir düşsə də, savaşlarda yüz yerdən yaralansa da məğrurluğunu, əzmini itirməmişdi. Düşmənin etdikləri qarşısında qürurla dayanmışdı. Uğrunda neçə-neçə qurban gedən övladını, balasını köksünə sıxmışdı bu şəhər. İndi də bütün füsunkarlığı ilə əsl sahiblərinə qucaq açmışdı. Burda günəş də gözəl görünürdü, səma da aydın idi. Cıdır düzündən əsən rüzgar saçlarıma sığal çəkdikcə ruhum dincəlirdi. Qürurluydum. Şanlı bayrağımın al-qırmızı Şuşa yazısının yanında dalğalandığını gördüyüm üçün.

***

Anamın kəlağayısı, atamın saatı ilə gəzdim o yerləri. Bəlkə, az da olsa həsrətləri bitər deyə. Siz buna təsəlli deyin, mən isə çarəsizlik. Kürəyimi Şuşa qalasına söykəyib Laçına da baxdım uzaqdan. İllər əvvəl çarəsiz, köməksiz, başına nələr gələcəyini bilməyən, evini, elini tərk edən ürkək, balaca qıza da səsləndim. “Hey, burdayam, illərin sınağından keçib gəlmişəm”,- dedim. Dağların ətəyi ilə vətənə gedən yolları da gördüm. Laçınımın boyunu sevdim, yorğun gözlərindən öpdüm...


Nənəmin məzarına Şuşa torpağı apara bilməsəm də, oğlunun qəbirinə o torpaqdan səpdim. İllərlə ürəyimdə qazdığım qərib məzarlara nə qədər torpaq töksəm də dolmayacaq, bilirəm. İtirdiyim uşaqlıq illəri, hədər gedən gəncliyim, qəriblikdə qocalıb dünyasını dəyişən valideynlərim, əzizlərim geri qayıtmayacaq. Amma hara getsəm torpaq gətirəcəm doğmalarımın məzarı üçün...

Hələliksə yenidən qayıtmaq ümidiylə ayrılıram bu şəhərdən. Gecəsi də möcüzəlidir Şuşanın. Sanki ulduzları ovucunda hiss edirsən. Bu möcüzəni bir də yaşamaq üçün ürəyimi ulduzlara əmanət edib geri qayıdıram. Görüşənədək, əziz Şuşa!


Teqlər: Şuşa  





Xəbər lenti