Robotlar ilk növbədə kimləri işsiz qoyacaq

// Yaxın gələcəyə necə hazırlaşmalıyıq

      Robotlar ilk növbədə kimləri işsiz qoyacaq
  13 Dekabr 2021    Oxunub:7831
2020-ci ilin mayında “Microsoft” şirkəti “Microsoft News” və MSN-dəki redaktor heyətini işdən çıxardı. Xəbərlər və reklamlarla onların əvəzinə xüsusi alqoritmlər məşğul olacaq. ABŞ və Böyük Britaniyada onlarla insan bu cür ixtisara düşüb. Deyəsən, gələcək düşündüyümüzdən də qat-qat yaxındır: robotlar artıq təkcə primitiv əməyi deyil, daha mürəkkəb işləri də görə bilir. Növbədə kimdir?
Robotlardan harada istifadə olunur?

Robotların ilk növbədə hansı işlərə yönəldiləcəyindən danışarkən çox vaxt "4D" düsturundan istifadə olunur: Dull, Dirty, Dangerous, Dear – tənbəl, çirkli, təhlükəli, bahalıdır. Bu gün robotlar kuryer, yükdaşıyan, qabyuyan, hamburger və pizza hazırlayan kimi işlərdə çalışırlar. Çində artıq robot polislər var. Bu yaxınlarda kofe hazırlayan robotlar meydana çıxıb.

Artıq “Amazon”un anbarlarında robotlar adi işçiləri kütləvi şəkildə əvəz edirlər. “Wallmart” supermarketlərində isə merçendayzerlərin yerini tuturlar. Yaxın on ildə onların pərakəndə satış sektorunda 7 milyondan çox işçini əvəzləyəcəyi proqnozlaşdırılır.

Bu gün robot cərrahlar adi həkimlərdən daha dəqiq və səliqəli işləyir, hətta nazik damarlara da nüfuz edərək, demək olar ki, heç bir səhv buraxmırlar. Yaxud insan hüquqşünasın müqavilədə gözdən qaçırdığı səhvi robot hüquqşünas aşkar edə bilir. “McKinsey”nin proqnozuna görə belə robotlar yaxın gələcəkdə vəkillərin 22%, assistentlərin 35%-ni əvəz edəcək. Bu, hələ başlanğıcdır.

Robot texnikası bazarı xidmət və sənaye robotları sahəsinə bölünür. Sənaye robot manipulyatorlarının yaşı 50 ildən çoxdur. Bu robotlardan avtomobil sənayesində, elektronika mühəndisliyində, qida sənayesində geniş istifadə olunur. Xidmət robotu texnikası sahəsi isə yenidir, təzəcə formalaşır. Bunlar evdə, təhsildə, təhlükəsizlikdə, logistikada, tibdə istifadə edilən robotlardır.


İri korporasiyalarda robotlar və süni intellekt nəinki insanlarla yanaşı işləyir, həm də onların işinin səmərəliliyinə nəzarət edir. Xüsusi alqoritmlər konkret işçinin nə dərəcədə yaxşı işlədiyini qiymətləndirir, hətta nəticələrə əsasən onun maaşını hesablayır. “Amazon” bunun hesabına ildə hər anbarda 22 milyon dollara qədər qənaət edir, lakin işçilər bundan narazıdırlar və robotlarla əvəzlənmələrinə etiraz edirlər.

Növbədə kimdir?

Rusiyanın İnternet Təşəbbüslərinin İnkişafı Fondunun hesablamalarına görə, yaxın on ildə ölkədə 6 milyona qədər işçi ixtisara düşəcək. Daha 25 milyon insan işini davam etdirmək üçün yenidən təlim keçməli olacaq.

Dünya İqtisadi Forumu (WEF) 75 milyon iş yerinin itiriləcəyini proqnozlaşdırır. Mühasiblər, notariuslar, kassirlər, kuryerlər, mühafizəçilər, sürücülər, katiblər, qablaşdırıcılar, bank işçiləri, smetaçılar, muzey işçiləri, korrektorlar, deşifrəçilər və zəng mərkəzi operatorları kənarda qalacaqlar. Pərakəndə satışda avtomatlaşdırma kassirlərin, satıcıların, anbar administratorlarının və mühafizəçilərin yoxa çıxmasına səbəb olacaq.

Onlayn platformalar səyahət, daşınmaz əmlak, evlilik agentlərini, sorğu əsasında mal və xidmətləri seçən digər menecerləri sıxışdırırlar. Robotlar intellektual, hətta yaradıcı peşələri də fəal şəkildə mənimsəyirlər. Məsələn, artıq canlı tərcüməçiləri xüsusi servislər əvəz edir. “Microsoft”dakı süni intellekt haqqında yazının əvvəlində danışdıq. Oxşar alqoritmlərdən artıq “Forbes” və “Associated Press” də biznes və idman xəbərləri yazmaq üçün istifadə edirlər. Sırada kopirayterlər, radio və televiziya aparıcıları, blogerlər və şoumenlər var.


“Yeni Peşələrin Atlası “layihəsi 2030-cu ilə qədər yox olacaq peşələrin siyahısını tutub. Deyəsən, yaxın gələcəkdə heç birimiz işimizi itirməkdən sığortalanmırıq.

Amma yaxşı xəbərlər də var: Birincisi, robotlar hələ ki hər şeyi edə bilmirlər.

Robotlar nəyi bacarmırlar?

Robotlar ilk növbədə mürəkkəb tapşırıqların öhdəsindən yaxşı gəlmirlər. Sadə dildə desək, nəsə səhv olarsa, necə improvizasiya etməyi bilmirlər və proqram bunu qabaqcadan görmür. Bizim üçün sadə və adi görünən əməliyyatları robotlar çox çətinliklə yerinə yetirirlər. Məsələn, əşyaları götürməyi, qapını açmağı, pilləkənlərlə qalxmağı, hərəkətləri dəyişməyi və s. Bunun bariz nümunəsi robotların olduğu səs-küylü yapon otelində ortaya çıxıb, nəticədə onların yarısını işdən uzaqlaşdırmalı olublar. Məlum olub ki, avtomat köməkçilər attraksionlar haqqında danışa bilmir, xorultunu kömək üçün müraciət kimi qəbul edir, hətta qəbul zamanı sənədlərin surətini belə çıxara bilmirlər.


İkinci zəif nöqtə emosiyalar, daha dəqiq desək, emosional intellektdir. Məsələn, Kiki və ya Zora kimi “dost” robotlar xahiş olunduqda əyləndirə, sakitləşdirə və dəstək ola bilirlər. Ancaq duyğuları sözlər olmadan tanımağı, yəni əsl empatiya göstərməyi hələ öyrənməyiblər.

Əlbəttə, robotların danılmaz üstünlüyü də var: onlar maşın təlimindən istifadə edərək yeni qabiliyyətləri tez öyrənirlər. Məsələn, beş il əvvəl AlphaGo “GO” oyununda insana qalib gələ bilmirdi, amma bu gün çempionlara da qalib gəlir.
Düzdür, hələ ki hər şey o qədər də hamar getmir. “Alphabet X moonshot” özünü öyrənən universal robot yaradıb. O ətraf dünyanı müşahidə etmək və təkbaşına yeni bacarıqlar öyrənmək üçün kameralardan və maşın öyrənmə alqoritmlərindən istifadə edir. Ancaq indiyə qədər onun həqiqətən yaxşı bacardığı yeganə şey zibilləri çeşidləməkdir.

Hansı yeni peşələr yaranacaq?

İkinci yaxşı xəbər: robotların sayəsində yeni peşələrə sahib olacağıq.
WEF-in elə həmin “Future of Jobs 2018” hesabatına görə, məhv edilmiş 75 milyon iş yeri əvəzinə 130 milyon yeni iş yeri yaranacaq. Ancaq onları əldə etmək üçün indidən hazırlaşmaq lazımdır. “Silisium vadisi”ndən olan ekspertlərin fikrincə, yaxın gələcəkdə biz yeni təhsil proqramlarının hazırlanmasına daha çox sərmayə qoymalıyıq. Çünki sürətli avtomatlaşdırma on il əvvəl mövcud olmayan yeni peşələrin yaranmasına səbəb olacaq.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Kristofer Pissarids hesab edir ki, alimlər, robot mühəndisləri, menecerlər və icraçı direktorlar, risk menecerləri, universitet professorları, neft-qaz mühəndisləri, kibertəhlükəsizlik mütəxəssisləri və baza məlumatları mütəxəssisləri peşələri hələ bir müddət qalacaq.

WEF hesab edir ki, iş bazarında ən böyük tələbat başqalarına yeni texnologiyalardan istifadə etməyi öyrədənlərə və onları təkbaşına inkişaf etdirənlərə - süni intellekt və maşınqayırma üzrə mütəxəssislərə, proseslərin avtomatlaşdırılması üzrə ekspertlərə olacaq.


Şirkətlərə təkcə insanları robotlarla əvəz etmək deyil, həm də məhsuldarlığı optimallaşdırmaq sərfəlidir. Prosesləri avtomatlaşdırmaq üçün texnologiyaları həqiqətən ehtiyac duyulan yerlərdə tətbiq etmək lazımdır. Məsələn, Berklidəki Kaliforniya Universitetinin Əmək və Təhsil Araşdırmaları Mərkəzinin məlumatına görə, uzaqmənzilli yük maşını sürücüləri çətin ərazilərdə dronlara kömək edəcək və ya avtomobilləri uzaqdan təmir edəcəklər.

Sonra nə olacaq?

Nəhayət, üçüncü yaxşı xəbər odur ki, bizim robotlarla ortaq gələcəyimiz var: biz sadəcə birlikdə işləməyi öyrənəcəyik. Kornell Universitetinin İnsan-Robot Əlaqəsi üzrə tədqiqatçısı Qay Hoffmanın fikrincə, insanlar bəzi sahələrdə robotlarla çiyin-çiyinə işləyəcəklər.
Robot texnikası yeni iş yerləri də yaradır. Robotlar düzəldə və yığa bilən kifayət qədər kadr yoxdur. Onlar biokimya mühəndisliyi, kompüter, robot-insan əlaqəsi sahəsində çalışan mütəxəssislərdir. Əvvəllər olmayan yeni bir peşə meydana çıxacaq: robotlara baxan insanlar. İnsanlar robotlara tapşırığı və ətraf mühiti daha yaxşı başa düşməkdə kömək edəcəklər. Qarşıdakı 15 il ərzində birlikdə işləyəcəyik.

Hazırladı: Nadir Qocabəyli
AzVision.az


Teqlər: Texnologiya   Gələcək   Robotlar  





Xəbər lenti