“Dünyanın üçüncü-dördüncü gücünə çevrilə bilərik” – Hasan Oktay (müsahibə)

   “Dünyanın üçüncü-dördüncü gücünə çevrilə bilərik” –    Hasan Oktay (müsahibə)
  16 Dekabr 2021    Oxunub:2660
Hər bir mürəkkəb dövr özündə həm də yeni imkanların toxumlarını daşıyır. Məsələ o toxumları cücərdə bilməkdədir. Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay əmindir ki, bugünkü problemləri aşmaq üçün regional səyləri birləşdirsək, nəticə umduğumuzdan da qat-qat artıq olacaq.
- Türkiyənin Güney Qafqaz, İran, Orta Asiya və Pakistan ilə iqtisadi maraqları nələrdir və yaxın gələcəkdə hansı addımların atılması planlaşdırılır?
- Bu gün Türkiyə iqtisadiyyatı heç də ən yaxşı günlərini yaşamır. Böhrandan yayınmaq üçün atılmalı olan addımlardan biri də qonşu və dost ölkələrlə iqtisadi əlaqələrin ən yüksək səviyyəyə qaldırılmasıdır. Tehranın nüvə anlaşmasının nəticələri uğurlu olarsa, o zaman İran, Türkiyə, Azərbaycan və Pakistan üçün yeni dövr başlaya bilər. İslamabadın 44 günlük müharibədə göstərdiyi səmimi yaxınlıq və dostluq Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinin daha da yüksəlməsinə təkan verib. Təəssüf ki, bu əlaqələr hələ də istənilən dərəcədə yüksək səviyyəyə çatdırılmayıb. Düşünürük ki, bu, baş tutacaq.
İranın da burada marağı olduqca böyükdür. Çünki qarşıda İranın da iqtisadiyyatını çətin günlər gözləyə bilər. Bu çətinliklərin öhdəsindən ancaq birlikdə gəlmək mümkündür. Bu əməkdaşlıq mexanizminin işini gücləndirmək vacibdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da həm bu ölkələrlə, həm də Rusiya ilə İqtisadi əlaqələri yüksək səviyyəyə qaldırmağa çalışır.
"Çin artıq təkcə iqtisadi güc olmaq istəmir" – Dr. Ali Semin (müsahibə)

- Orta Asiya ölkələri ilə əməkdaşlığın perspektivlərinə Türkiyənin baxışları necədir?
- Bu yaxınlarda İstanbulda Türk Dövlətləri Təşkilatının toplantısı baş tutdu. Gələcəkdə bu təşkilatı iqtisadi işbirliyi formatına çevirmək barədə düşünülür. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarları ilə qaz mövzusunda müzakirələr apardılar. Gələcəkdə bura Qırğızıstanı, Özbəkistanı və Qazaxıstanı da qataraq, sadəcə qaz deyil, çeşidli sahələrdə iqtisadi işbirliyi mexanizminə çevirmək lazımdır. Çünki təbii sərvətlərlə zəngin bir bölgədə yaşayırıq. Rəcəb Tayyib Ərdoğan bölgədəki mövcud və mümkün böhranların qarşısını almaq üçün türkdilli ölkələri iş birliyi içində görmək istəyir. Bu iş birliyini hər sahəyə yaymaq lazımdır. Amma sürətli və effektiv işləmək gərəkdir. Düşünürəm ki, həm Pakistanla, həm də Türk dövlətləri ilə sürətli iqtisadi inteqrasiya öz müsbət təsirlərini göstərəcək.

- Bəs bu planları əngəlləyən amillər nədir, yaxud, nə ola bilər?
- Bir qədər gecikmişik. Amma hələ də çox şey itirilməyib. Əlimizdə olan imkanların təcili şəkildə dəyərləndirilməsinin vaxtı gəlib. Əks təqdirdə regionda iqtisadi böhran yayıla bilər. Bu səbəbdən, bütün imkanları səfərbər edərək, Çinin dünya iqtisadiyyatından qismən geri çəkilməsindən sonra yaranan fürsətdən istifadə etmək vacibdir. Türkiyə və birliyə qoşulan ölkələr dünyanın ehtiyaclarını qarşılamağa yönəlmiş ixracat yönümlü iqtisadiyyat qurmaq yönündə əməkdaşlıq etməklə bu böhrandan birlikdə yayına bilərlər.

- Əgər hər şey planlaşdırıldığı kimi getsə, türk dünyasının qazancı nə olacaq?
- Müstəqil olan və olmayan ölkələrlə birlikdə üç yüz milyonluq türk dünyasından bəhs edirik. Əgər bu iqtisadi birləşmə baş verərsə, böyük ehtimalla, dünyanın üçüncü və ya dördüncü iqtisadi gücünə çevrilə bilərik. Amerikanın Çin ilə iqtisadi qarşıdurmasını nəzərə alsaq, dünyada ciddi bir boşluq yaranacaq. Təbii ki, bu boşluğu doldura biləcək siyasi-iqtisadi birlik – türk birliyi sürətli şəkildə inkişaf edəcək. Düşünürəm ki, 21-ci əsrə türk birliyi, türk gücü damğasını vuracaq.

Bəxtiyar Məmmədov
AzVision.az

Teqlər:   Türkiyə   Azərbaycan   Orta-Asiya  







Xəbər lenti