Yeni ekoloji fəlakət: Çaylar dərmanlarla çirkləndirilib

   Yeni ekoloji fəlakət:    Çaylar dərmanlarla çirkləndirilib
  16 Fevral 2022    Oxunub:2980
Tunisdəki Mavi çay dərman vasitələrinin ən çox toplandığı yerlərdən biridir. AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın York Universitetində aparılan araşdırma zamanı məlum olub.
Qeyd olunub ki, çayda parasetamol, nikotin, kofein, epilepsiya və diabet dərmanları geniş şəkildə aşkar edilib. Hesabatda bildirilir ki, dünyadakı çayların dərman vasitələri və əczaçılıq məhsulları nəticəsində çirklənməsi qlobal sağlamlığa və ətraf mühitə təhlükə yaradır.

Bu, dünya miqyasında aparılan ən əhatəli araşdırmalardan biridir. Pakistan, Boliviya və Efiopiyadakı çaylar ən çox çirklənmiş çaylar arasındadır. İslandiya, Norveç və Amazon tropik meşələrindəki çaylar aparılan araşdırmada ən yaxşı nəticəyə malik olub. Çaylarda ən çox yayılmış dərman vasitələrinin əksəriyyyətinin təsiri hələ də məlum deyil. Lakin artıq müəyyən edilib ki, suda həll oluna bilən hamiləliyə qarşı dərman vasitələri balıqların inkişafına və çoxalmasına təsir edə bilər. Elm adamları çaylara atılmış antibiotiklərin artmasının onların dərman kimi effektivliyini məhdudlaşdıra biləcəyindən qorxurlar.

Araşdırma aparmaq üçün yüzdən çox ölkədə 1000-dən artıq sınaq yerindən su nümunəsi götürülüb. Ümumilikdə, nümunə götürülmüş 258 çayın təxminən 60-dan çoxunda “aktiv dərman maddələri” suda yaşayan orqanizmlər üçün təhlükə yaradacaq səviyyədə olub.

Tədqiqata rəhbərlik edən Dr. Con Vilkinson “BBC”-yə deyib: "Adətən, biz bu kimyəvi maddələri qəbul edirik, onlar orqanizmimizə zəruri təsir göstərir və sonra bədənimizi tərk edirlər. İndi bildiyimiz odur ki, hətta ən müasir təsirli çirkab su təmizləyici qurğular belə bu birləşmələri çaylara və ya göllərə düşməzdən əvvəl tamamilə məhv etmək iqtidarında deyil”.

Ən çox aşkar edilmiş iki dərman preparatı epilepsiya və sinir ağrılarının müalicəsində istifadə edilən karbamazepin və diabetin müalicəsində istifadə edilən metformin olub. Yüksək konsentrasiyalar həmçinin kofein (qəhvə) və nikotin (siqaret) kimi sözdə gündəlik istifadə olunan maddələrdə və həmçinin ağrıkəsici parasetamolda aşkar edilib. Afrikada malyariyaya qarşı tibbdə istifadə edilən artemisinin tərkibində də yüksək konsentrasiya tapılıb.



“Çaylarda bu cür dərmanların olmasının mənfi təsirlərindən danışa bilərik, lakin siz hər bir dərman vasitəsini ayrıca sınaqdan keçirməlisiniz və aparılan tədqiqatların sayı nisbətən azdır", - Böyük Britaniyanın Hertfordşir Universitetinin su ekoloqu Dr. Veronika Edmonds-Broun deyib.

Onun sözlərinə görə, bununla bağlı vəziyyət daha da pisləşəcək, çünki fiziki və ya psixi hər hansı bir xəstəliyə qarşı farmakoloji həllərdən getdikcə daha çox istifadə edirik.

Hesabatda deyilir ki, çaylarda olan antibiotiklərin artması eyni zamanda davamlı bakteriyaların inkişafına səbəb olur, dərmanların effektivliyini azaldır, nəticədə bu, "ətraf mühit və qlobal sağlamlıq üçün qlobal təhlükə" yarada bilər. Ən çox çirklənmə ərazilər əsasən aşağı və orta gəlirli ölkələrdə, kanalizasiya sularının axıdıldığı, çirkab suların zəif nəzarət olunduğu və əczaçılıq istehsalının olduğu ərazilərdə mövcuddur.

“Biz Nigeriyada və Cənubi Afrikada çox yüksək konsentrasiyalı əczaçılıq məhsulları ilə çirklənmiş çayları gördük və bu, əsasən tullantı sularının təmizlənməsində infrastrukturun olmaması ilə bağlıdır", - Böyük Britaniyanın Birmingem Universitetində yaranan çirkləndirici maddələr sahəsi üzrə dosent Dr. Mohamed Abdallah söyləyib.

Nə etmək olar? - sualının cavabında hesabatın əsas müəllifi Vilkinson məyusedici fikir söyləyir: "Problemi həll etmək üçün məndən daha ağıllı olan bir çox insana ehtiyac olacaq. Hazırda təsiredici amillərdən biri dərmanların düzgün istifadəsidir. Bu, antibiotiklər kimi dərmanları əldə etməyi çətinləşdirmək və dozalara daha sərt məhdudiyyətlər qoymaq deməkdir”.

Aydan Mustafayeva
AzVision.az


Teqlər: Çirklənmə   Çaylar   Hesabat  





Xəbər lenti