Azərbaycan gəncləri radikal dini cərəyanlara qarşı

Azərbaycan gəncləri radikal dini cərəyanlara qarşı
  13 Aprel 2014    Oxunub:1433
Xurafatçı və radikal dini cərəyanların əməlləri dünya ictimaiyyətində islamafobiya yaradır.
Radikal dini cərəyanların ölkəmizdə törətdiyi əməllər gənclərimizi də narahat edir. AzVision.az xəbər verir ki, gənclərin Mənəvi İnkişafı İctimai Birliyi problemlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: Radikalizmə qarşı ən təsirli mübarizə üsulu xurafata deyil, Qurani-kərimə əsaslanan həqiqi İslam əxlaqının insanlara çatdırılmasıdır.

Son zamanlar ölkəmizdə din adı altında aktivləşən radikal cərəyanların fəaliyyətinin artdığı müşahidə olunur. Bu, həm Dini Qurumlar üzrə Dövlət Komitəsini, həm təhlükəsizlik orqanlarını narahat etdiyi kimi, ictimai birlik olaraq bizi də narahat edir. Xüsusilə gənclərimizin cihad adı altında digər ölkələrə döyüşməyə göndərilməsi və çoxsaylı ölüm xəbərləri həqiqi İslam anlayışının təbliğinə, bu istiqamətdə maarifləndirmə işinə diqqətin artırılmasının zəruri olduğunu göstərir.

Azərbaycan tolerantlığa görə dünyada seçilən ölkələrin sırasındadır. Lakin ölkəmizin bu uğurundan xoşlanmayanlar son zamanlar məhz bu məsələ üzərindən ölkəmizdə narahatlığa səbəb olacaq oyunlar oynamağa başlayıblar. Təbii ki, dövlətimiz çox güclüdür və xalqımızın təhlükəsizliyinə qarşı atılacaq hər hansı bir hərəkətə icazə verməz. Ancaq dövlətimizin bu mövzu ilə əlaqədar aldığı tədbirlərlə yanaşı, quruluş məqsədi gənclərimizin mənəvi inkişafı və maarifləndirilməsi istiqamətində fəaliyyət göstərmək olan bütün ictimai təşkilatlar da gənclərin radikal cərəyanlara qarşı maarifləndirilməsi işində dövlətimizə yaxından dəstək verməlidir.

Bildiyimiz kimi, hər hansı bir problemin həlli ilk öncə onu doğuran səbəbləri müəyyən etməklə mümkündür. Son zamanlar daha qabarıq şəkildə üzə çıxan bu problemlərin mənbəyini axtardıqda isə bunun Sovet İttifaqının səbəb olduğu mənəvi böhranın günümüzə qədər gəlib çatmasında görürük. Sovet rejimi dövründə mövcud olan materialist-darvinist ideologiyalar uzun müddət təsirini itirmədiyi üçün bu rejimdən sonra gənclərimiz dərin mənəvi boşluğa düşdülər. Düşdükləri bu mənəvi boşluqdan əziyyət çəkən insanlar İslamı öyrənərək bu böhrandan çıxmaq istədiklərində isə seçim baxımından qarşılarında demək olar ki, alternativi olmayan çox güclü və fəal təbliğat metodları olan xurafatçı və radikal cərəyanları görürlər. Bundan sonra din haqqında öyrəndikləri yanlış məlumatlara görə İslamın şiddətə, terrora, zorakılığa izn verdiyi qənaətinə gəlirlər. İslam əxlaqına tamamilə zidd olan bu fikirlərin insanlar tərəfindən qəbul edilməsinin tək səbəbi İslam haqqında məlumatsız olmalarıdır. İslam əxlaqının əsas mənbəyi Qurani-kərimdir. Radikal cərəyanlar, əsasən, İslam əxlaqının tam əksi olan xurafatları din adı altında təbliğ edirlər. Əgər İslam xurafatlarla deyil, əsas mənbədən, yəni Qurani-kərimdən anlaşılan dildə, gözəl və düzgün şəkildə izah edilərsə, cəhalət və xurafat nəticəsində ortaya çıxmış radikal cərəyanlar özlərinə tərəfdar tapa bilməzlər. Radikalizm və xurafata qarşı həqiqi Quran əxlaqının anladılmasını israrla vurğulamağımızın səbəbi çox bəsitdir. Belə ki, İslam adına insanları aldadan radikallara qarşı həqiqi din əxlaqının təbliği bu problemin yeganə həll yoludur. Xurafatçı və radikal cərəyanların hədəfi olan insanlar məhz din əxlaqını, İslamı öyrənmək istəyən insanlardır. Bu insanlara İslam əxlaqı düzgün şəkildə izah edilməzsə, problemləri həll etmək mümkün olmayacaq.

Bununla yanaşı, İslam əxlaqının tam əksi olan xurafatları din adı altında təbliğ edən xurafatçı və radikal cərəyanların əməlləri dünyada İslam dininə qarşı ədalətsiz münasibətin formalaşmasına – islamofobiyaya səbəb olur. Quran əxlaqına əsaslanan həqiqi islami dəyərlər təbliğ edildikdə, bu, həm də onun əsassız hücumlardan qorunmasında, cəmiyyət üçün təhlükəli olan islamofobiya meyillərinin qarşısının alınmasında mühüm rol oynayar.

Yuxarıda da vurğuladığımız kimi, radikalizmə qarşı mübarizənin ən təsirli yolu gənclərimizə İslamın xurafata, cəhalətə və radikalizmə qarşı olması mövzusunda maarifləndirmə işlərinin aparılmasıdır.

Din adı altında xurafatların, radikal fikirlərin təbliği zamanı, əsasən, gənclər hədəfə alındığından maarifləndirmə işi xüsusilə təhsil müəssislərində tələbə və şagirdlər arasında aparılmalıdır. Ali, peşə-iхtisas, orta ixtisas və ümumi təhsil müəssisələrində müvafiq fənlər daxilində də (məsələn, ümumtəhsil məktəblərində tədris olunan "Həyat bilgisi" fənnində) tədris zamanı İslamın sülhü, sevgini, bağışlamağı, yardımsevərliyi, mərhəməti, fikir azadlığını, tolerantlığı, elmi və müasirliyi təşviq etdiyi və həmçinin terroru, şiddəti, məcburiyyəti, zorakılığı isə rədd etdiyi tələbə və şagirdlərə xüsusi vurğulanmalıdır.

Dövlətimizin aidiyyəti qurumları ilə yanaşı, ictimai fəaliyyətlə məşğul olan bütün təşkilatlar da konfranslar, seminarlar, söhbətlər təşkil edərək İslamın sülhü, sevgini, mərhəməti təşviq etdiyini, terrorun, zorakılığın və məcburiyyətin dinimiz tərəfindən qəti olaraq qəbul edilmədiyini gənclərimizə aşılamalıdırlar.

Xüsusilə radio-televiziya, qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinin bu mövzularda maarifləndirici layihələr hazırlaması qısa müddətdə çox gözəl nəticə alınmasına səbəb olacaq vasitələrdir.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi təsis edildiyi gündən etibarən davamlı olaraq sülh dini olan İslamın adının radikalizm və terrorizmlə bərabər çəkilməsinə qarşı maarifləndirmə işləri aparır. Bununla da radikal cərəyanların təsir dairəsini azaltmağa cəhd göstərir. Birliyimiz bu istiqamətdə “İslam Terroru Lənətləyir” adlı yüzlərlə gəncin iştirak etdiyi konfranslar təşkil etmiş, mövzu ilə bağlı filmlərin izlənməsini və saytların hazırlanmasını təmin etmişdir.

Birliyimiz digər mövzularda olduğu kimi, bu mövzuda da xalqımıza və dövlətimizə yaxından dəstək verməyə davam edəcək.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi


Teqlər:





Xəbər lenti