Bakıda Qafqazın ən böyük məscidi tikilir

Bakıda Qafqazın ən böyük məscidi tikilir
  15 Aprel 2014    Oxunub:4019
Bakıda nadir memarlıq nümunəsi olan məscid tikilir. Bu məscid Qafqazda ən böyük ibadət ocağı olacaq.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, dövlətimizin başçısının bilavasitə təşəbbüsü ilə tikilən məsciddə dörd min insan eyni vaxtda ibadətlə məşğul ola biləcək. Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarət olacaq. Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir.

Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaq. Bu şamların altında isə dini ayələr quraşdırılacaq. Dini qaydalara əsasən, məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaq. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin ümumi hündürlüyü isə 95 metr nəzərdə tutulub. Minarələrin içərisində xüsusi lift quraşdırılacaq. Eyni zamanda, məscidə xüsusi gözəllik verəcək minarələrdə Quran ayəsi ilə bəzədilmiş kəmərbənd quraşdırılacaqdır. Məscidin giriş portalı da xüsusi zövqlə hazırlan;b. Hündürlüyü 27 metr olan portal məscidə xüsusi gözəllik verir.

Layihəyə əsasən, məscidin daxili də xüsusi texnologiya ilə hazırlanacaq. Daxili divarlar yapma elementləri ilə dekorativ detallarla xalça kimi yığılacaq. Burada hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaq. Pəncərələrin haşiyəsi isə eni 57 santimetr olan qabarma detallarla tamamlanacaq.

Ümumiyyətlə, nadir memarlıq nümunəsi olan məsciddə möminlərin ibadəti üçün bütün zəruri şərait yaradılacaq. İki ibadət zalı ayrı-ayrılıqda kişi və qadınlar üçün nəzərdə tutulub. Hərəkət rahatlığı üçün giriş qapılarında kişilər üçün dörd, qadınlar üçün iki eskalator quraşdırılacaq.

Layihədə əlilliyi olan möminlər də nəzərə alınıb. Onların məscidə rahat giriş və çıxışı üçün bütün zəruri şərait yaradılacaq. 1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda dörd yüzdən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulub.



Teqlər:  





Xəbər lenti