Qarabağ atları: 30 minlik "Sultan" - Bu atı həvəskar minə bilməz + FOTOLAR

 Qarabağ atları: 30 minlik "Sultan" - Bu atı həvəskar minə bilməz + FOTOLAR
  17 Aprel 2022    Oxunub:6944
Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının hərrac yolu ilə satışı həyata keçirilib. Hərracda ilk dəfə üç Qarabağ atı - “Sahil”, “Zilaxar” və “Sultan” hərraca çıxarılıb.
4-5 yaşlarındakı hər bir at duruşu, rənglərinin gözəlliyi ilə seçilirdi. Təsadüfi deyil ki, ilk hərracda atları görmək üçün xeyli ziyarətçi gəlmişdi. Onlardan atları almaq istəyənlər də var idi.

Əvvəlcədən məlumat verildiyi kimi başlanğıc hərrac qiyməti "Sahil"ə 5 min manat, "Zilaxar"a 7 min manat, "Sultan" isə 40 min manat qoyulub.

Hərracın başlamasına dəqiqələr qalmış hər kəs satış mərkəzində öz yerini alıb. Hamı atları görməyin həyacanında idi.



İlk olaraq "Sahil" atı nümayişə çıxarılıb. 2018-ci il təvəllüdlü cins at sahibini tez zamanda tapıb. Tərtəli Habil İbrahimov 5500 manat təklif edərək atı alıb. 10 ildən çox təsərrüfatla məşğul olan Habil İbrahimov deyir ki, bir neçə atı olsa da, Qarabağ cins atı olmayıb:

"Yerli at cinslərimiz olub, lakin Qarabağ cins atı ilk dəfədir alıram. Hərraca gələndə düşünmürdüm ki, bu atlardan birinin sahibi ola bilərəm. Amma çox sevindim ki, büdcəmə uyğun qiymətlə bu gözəl ata sahib oldum. Gələcəkdə bu kimi hərraclarda yenidən iştirak edib, yeni atlar almaq istəyərəm”.



İkinci "Zilaxar" atı nümayişə çıxarılıb. Start qiyməti 7000 min manat olan at saatda 55-57 km sürətlə qaçır. 2017-ci il təvəllüdlü ata ilk 7200 manat təklif edilir. Lakin çox keçmir ki, atın hərrac qiyməti yenidən yüksəlir və 7500 manat təklif edilir. Elə "Zilaxar" atını bu qiyməti təklif edən Orxan Qardaşxanov alıb.

Sahibkarlıq fəaliyyəti iıə məşöul olan O.Qardaşxanov at sürmək həvəskarıdır:

“Atları sevirəm. Qarabağ atı olduğu üçün bu atı almaq istədim. Sırf özüm üçün almışam. Daha əvvəl xarici cins bir atım olub, onu satmışam. Bu atı satmaq məqsədilə almıram, hədiyyə də verməyi düşünmürəm. İmkan daxilində növbəti hərraclara da qatılmağı düşünürəm. Bu qiymət bu cür atlar üçün çox azdır”.



Və nəhayət hərraca məşhur 30 minlik at çıxarılıb. 2018-ci il təvəllüdlü "Sultan" xüsusi təlim görmüş cıdır atıdır və saatda 57 km sürətlə qaçır. Lakin bu at hərracda satılmayıb. Elə sahibi, 4-cü nəsil məşqçi Sərxan Tağıyevin də arzusu atın alınmaması olub:

““Sultan”ı keçən il almışam. Bu atların hər üçü Cıdır mövsümünün açılışına tam hazırdılar, 4-5 yaşlı atlardır. Atların baxımları fərqli olur, cıdır atı olduğu üçün onların baxımı da tam başqadır. “Sultan” atının qiymətinin baha olmasının səbəbi onu rənginin gözəlliyi, əzələ quruluşu ilə əlaqədardır. Ortalama bir atın baxımı heç də ucuz deyil. Beynəlxalq standartlara cavab verən elit idman növlərindəndir. Bu atları həvəskarlar minə bilməz, mütləq təlim keçmiş atçılar minməlidir”.



Hərrac bitdikdən sonra atların satışı son qiymətə uyğun rəsmiləşdirilib və onlar sığortalanaraq sahiblərinə təhvil verilib.

İlk olaraq 6 atın hərrac yolu ilə satışa çıxarılması planlaşdırılsa da, hərracın birinci günü 2 at satılıb.
Daha sonra jurnalistlərə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunmasıdır:



"Eyni zamanda yerli damazlıq təsərrüfatlarının yetişdirdiyi heyvanların satışını stimullaşdırmaq, onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaq da əsas məqsəddir. Bildiyiniz kimi ölkədə heyvanların satışına- yerli və xaricdən gətirilən damazlıq heyvanların satışına dövlət tərəfindən dəstək verilir. Belə ki, satılan heyvanların 60 faiz dəyəri dövlət tərəfindən ödənilir. Məsələn, əgər bir heyvanın qiyməti 2 min manatdırsa, fermer onun 800 manatını ödəyərək həmin heyvana sahib ola bilir. Qalan 1200 manat dövlət tərəfindən ödənilir. Nəticə etibarilə bu da dövlət dəstəyinin nəticəsidir”.

Xatırladaq ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksi həftə içi beş gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə texnika, heyvanlar və satış haqqında məlumatın verilməsi üçün 1 659 satış mərkəzi də fəaliyyət göstərir.






























Aytən Zəhra
AzVision.az


Teqlər: Qarabağ   at   hərrac  



Xəbər lenti