Vətən Müharibəsində endirilən zərbələrin yeni görüntüləri yayıldı - VİDEO

   Vətən Müharibəsində endirilən zərbələrin yeni görüntüləri yayıldı -    VİDEO
  14 Aprel 2022    Oxunub:2828
Ictimai Televiziya Vətən Müharibəsi qəhrəmanı, əfsanəvi pilot polkovnik-leytenant Rəşad Nadirovun İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yolu barədə veriliş hazırlayıb. Verilişdə qəhrəman pilotlarımızın Vətən müharibəsində həyata keçirdikləri uğurlu tapşırıqlara dair yeni əməliyyat çəkilişləri də yer alıb.


Qeyd edək ki, Rəşad Nadirov 13 iyun 1982-ci ildə Bakı şəhərində doğulub. Əslən Masallı rayonunun Əhmədli kəndindəndir. Atası mühəndis, anası evdar qadın olub. Ailədə 4 qardaş 1 bacı olmaqla Rəşad ailənin kiçik övladıdır. Ailəlidir, iki qızı var.

O, Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə təhsil alıb. Heydər Əliyev adına Ali Hərbi təyyarəçilik məktəbinə qəbul edildikdən sonra həmin məktəbin raket və kosmonavtika texnikasının uçuş istismarı fakültəsini uğurla bitirib. Təhsilini bitirdikdən sonra hərbi hissədə təyyarəçi-operator kimi xidmətə başlayıb. Mi-24 tipli döyüş-nəqliyyat vertolyotunda pilot olub. Akademiyadan kapitan rütbəsində məzun olub. Sonra Mi-24 eskadriliyasının komandiri kimi xidmətə davam edib.

2016-cı ilin avqust ayında növbəti ali təhsil almaq üçün Almaniya Federasiyasının Köln şəhərində birləşmiş dillər məktəbində 1 il, 2017-ci ildə isə Almaniyanın generallar-admirallar baş qərargah kursunda ali təhsil alıb.

Bir çox Avropa ölkələrində Almaniya, Avstriya, İngiltərə, Belçikada təlimlərdə iştirak edib. İngilis, türk, rus və alman dillərini bilir.

Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində düşmən həmlələrinin qarşısını almaq məqsədilə uçuşlar edib. Hədəfin seçilib dəqiq məhv edilməsində peşəkarlıq nümayiş etdirib. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətindəki Arazboyu hücumları zamanı qoşunlara hava dəstəyi verilməsində yaxından iştirak edib. Düşmənin hücuma keçən tank kalonu və avtomobil texnikasının məhvində, geridən ön xəttə gətirilən silah-sursat və eləcə də ərzaq təminatının qarşısının alınmasında da uğurlu əməliyyatları olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.


Teqlər:



Xəbər lenti