Türkiyə PKK-ya qarşı yeni əməliyyata başladı - FOTO+VİDEO

Akar: "Birinci mərhələdəki hədəflər ələ keçirilib"

Türkiyə PKK-ya qarşı yeni əməliyyata başladı -  FOTO+VİDEO
  18 Aprel 2022    Oxunub:1155
Türkiyə İraqın şimalındakı terror yuvalarını məhv etmək üçün əməliyyata başlayıb. AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əvvəlcə Pilotsuz Uçan Aparatlar (PUA) və helikopterlər havadan zərbələr endirib, daha sonra komandoların rəhbərliyi ilə quru əməliyyatına başlanılıb.
Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, "Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, “Pəncə Kilit” adlı əməliyyatda Metina, Zap və Avaşin-Basyan bölgələrində əvvəlcədən müəyyən edilmiş hədəflər vurulub".


O, planlaşdırılan hədəflərin hamısının ələ keçirildiyini və çoxlu sayda terrorçunun zərərsizləşdirildiyini qeyd edib: “Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə terror hədəflərinə qarşı “Pəncə-Kilit” əməliyyatına başlayıb. Bu əməliyyatın məqsədi sərhəd təhlükəsizliyimizdir. Hazırlanan plan çərçivəsində həyata keçirilən əməliyyatda ilk olaraq Metina, Zap və Avaşin-Basyan bölgələrindəki terror hədəfləri hava qüvvələrimiz tərəfindən atəşə tutulub. Qəhrəman pilotlarımız terror təşkilatına aid sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarları və sözdə qərargahlardan ibarət hədəfləri uğurla vurub. Fırtına, MLRA və digər artilleriya elementlərinin təyin etdiyi hədəflər şiddətli atəşə tutularaq tam dəqiqliklə vurulub. ATAK helikopterlərimizin, PUA-ların dəstəyi ilə qəhrəman komandolarımız və Bordo Berelilərimiz qurudan keçərək, eyni zamanda hava hücumu əməliyyatı ilə bölgəyə yerləşib. Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.



Nazir onu da vurğulayıb ki, mehmetçik xalqın məhəbbətindən, inamından, duasından ruhlanaraq, komandirlərinin əmri ilə öz işini böyük qəhrəmanlıq və fədakarlıqla yerinə yetirir.

“Mehmetçiyin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə heç bir şübhəmiz yoxdur. Ümid edirəm ki, bu əməliyyat planlaşdırıldığı kimi uğurla başa çatacaq. 40 ildir ölkəmizi bürüyən terror bəlasından millətimizi xilas etmək əzmindəyik. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Terror təşkilatının dağılma prosesində olduğunu görürük. Bu arada bizim bütün fəaliyyətlərimiz dost və qardaş İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə həyata keçirilir. Bir daha demək istəyirəm ki, bizim yeganə hədəfimiz terrorçulardır. Mülki əhalinin, ətraf mühitin, mədəni və dini strukturların zədələnməməsi üçün maksimum həssaslıq göstərilir”.


Daha sonra müdafiə naziri Akar “Pəncə-Kilit” əməliyyatı çərçivəsində həyata keçirilən hava əməliyyatına qatılan pilotlarla radioəlaqə qurub. Nazir pilotlara uğurlar arzuladığını çatdırb. O bildirib ki, "fəaliyyətinizi böyük qürur və məmnuniyyətlə yaxından izləyirik. İndiyədək qarşıya qoyulan hədəflər planlaşdırıldığı kimi uğurla həyata keçirilib. Hərbi Hava Qüvvələrimizin şanlı tarixinə uyğun olaraq yerinə yetirdiyiniz bu missiyalar həmişə qürurla xatırlanacaq".





Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər:



Xəbər lenti