Topqapı Muzeyində əsəri qorunan azərbaycanlı rəssam - MÜSAHİBƏ

Topqapı Muzeyində əsəri qorunan azərbaycanlı rəssam - MÜSAHİBƏ
  17 Aprel 2014    Oxunub:13850
Sabir Mehtiyev: `Görsəm ki, qocalıq daha məni əldən salıb, vətənimə dönərəm`

Sovetlə İttifaqının dağılması, Qarabağ müharibəsi, müstəqillik Azərbaycanın siyasi-ictimai həyatı ilə yanaşı mədəniyyətinə və incəsənətinə də təsirsiz ötüşmədi. Əksər sənətkarların həyat axışı dəyişmişdi. Sovet rejiminin verdiyi imkan və şəraitdən məhrum olmuş, gələcək fəaliyyətlərini müstəqil şəkildə davam etdirmək məcburiyyətilə üz-üzə qalmışdılar.

Arzu, istək, istedadın verdiyi potensial imkanlar real sosial şəraitlə səsləşmirdi. Sosial yaşamı sırf sevdiyin və ixtisas seçdiyin işlə stəmin etmək çox nadir hallarda mümkün olurdu. Məhz bu səbəbdən də bir çox sənətkarlar, özəlliklə də təsviri incənəsət ustaları kobud desək, çörək pulu qazanmaq üçün başqa ölkələrə axın etməyə başladılar. Rəssam Sabir Mehtiyev də məhz belə sənətçilərdən biri idi.

Tanışlıq: Sabir Nağı oğlu Mehtiyev 1952-ci ilin 9 mart tarixində Naxçıvanın Ordubad şəhərində doğulub. 5 yaşından rəsmlə maraqlanıb. Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini qırmızı diplomla bitirdikdən sonra Tiflis Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 1978-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Tələbəlik illərindən etibarən fərdi sərgiləri keçirilib. Əsərləri Azərbaycan, Gürcüstan, Rusiya, Almaniya, Avstraliya, Yeni Zelandiya, İtaliya, Fransa, İspaniya, Avstriya, Kanada və digər ölkələrin şəxsi və muzey kolleksiyalarında saxlanılır.

Sabir bəylə söhbətimiz İstanbuldakı emalatxanasında baş tutdu...

- 6 illik təhsilini başa vurduqdan sonra ata yurdu Naxçıvana qayıtdım və rəssamlıq fəaliyyətini orada davam etdirməyə başladım. O ərəfədə heç Bakıya gələ bilmirdim. Anamı, xəstəliyindən dolayı tək qoya bilmirdim. Onun qayğısına qalmalıydım. Ta ki 2004-cü ildə anam dünyasını dəyişənə qədər.

“Müharibə gedən ölkədə rəssamlıq donar”

Sovet dönəmində bir rəssam olaraq heç bir sıxıntımız yox idi. Həyatımız gözəl keçirdi. Amma ermənilərin torpağımıza təcavüzündən sonra hər şey dəyişdi. Müharibə gedən ölkədə rəssamlıq donar. Rəssamların maddi dolanışıq səviyyəsi aşağı düşdü. Sırf rəssamlıq etməklə dolanmaq mümkünsüzləşdi. Yalnız hər hansı bir təhsil ocağında və ya fərdi şəkidə dərs demək səni bu sıxıntıdan müəyyən qədər qurtara bilərdi.

Mənim də maddi sıxıntılarım 1988-ci ildən başlandı. Düz 7 il ailəmi əzab-əziyyətlə dolandırdım, 1200 dollar borca girdim. O dövr üçün az məbləğ deyildi. Türkiyədə çalışmağımı məndən 5-6 il öncə gəlmiş bir-iki tələbəm tövsiyyə etmişdi: “Sabir müəllim, biz, səninlə müqayisədə rəssam deyilik, amma biz ayda 700-800 dollar pul qazanırıq. Sən niyə gəlmirsən?”.

O dövr üçün də bu, böyük məbləğ idi. Nəhayət, çox götür-qoydan sonra 1995-ci ildə Turkiyəyə gəldim. Düşündüm bir neçə ay işləyib həm 8 nəfərdən ibarət ailə üzvlərimin dolanışığını, övladlarımın təhsil almasını təmin edərəm, həm də borclarımı qaytararam. Beləcə, dəvətsiz-filansız, tanımadığım İstanbula üz tutdum. Nə tanıdığım bir kimsə, nə də gedəcəyim bir ünvan vardı. Bircə, zamanında rəssamlığı öyrətdiyim bir dostumun telefonu vardı. 3-5 gün onda qalmaq ümidilə zəng elədim, o da “mən uzaqdayam, yanımda da qalmağa yerim yoxdur” deyincə, hər şeydən əlim üzüldü. Allahdan başqa ümid edəcəyim bir kimsə qalmamışdı. Əşyalarımı vağzala qoyub ucuz otel axtarışına çıxdım. 10 dollarlıq otellə danışıb günü 7 dollara, bir nəfərlik bapbalaca bir yerdə qaldım.

“Əshabi-Kəf pirinə qoç nəzir edəcəyəm”

Düz 18 gün iş axtardım, tapa bilmədim. Türkiyəyə gəlmək üçün borc-xərc elədiyim 300 dollar da bitmək üzrəydi. Təkcə iki günlük otel və geri qayıdış üçün avtobus biletimin pulu qalmışdı. Çıxılmaz vəziyyətdəydim, canım çox sıxılmışdı. Buranı ümid yeri bilib gəlmişdim, indi hansı üzlə evə qayıdacağım mənə dərd olmuşdu.

Axşam saatları idi. Ümidsiz halda üzümü görə tutub yalvarmağa başladım: “Ay Allah, sən bilirsən mən bura niyə gəlmişəm. Gəzməyə, kefə yox, ailəmin kiməsə möhtac olmaması üçün burdayam. Mənə yardım et. Ailəmin yanına üzüqara göndərmə. Əhd edirəm, Naxçıvana gedən kimi Əshabi-Kəf pirinə qoç nəzir edəcəyəm”. Bu söz ağzımdan çıxar-çıxmaz sanki zəlzələ oldu. Bütün hər tərəf sanki gurum-gurum əsməyə başladı. Əllərimi tutmuşam çarpayıdan, amma elə titrəyir ki, müvazinətimi saxlaya bilmirəm. Neçə saniyə davam etdiyini xatırlamıram, amma şüşələrin səsi qulağımda cingildəyirdi.

Həyatımda da heç vaxt qarabasmalarım olmayıb ki, deyim adətkaram. Amma o gün qulağım eşidəcək bir səs duydum: “Nəzirini qəbul etdik”. Və o səsi duyduqdan sanki ətraf sakitləşdi. Vücudumun əsməsi də dayandı. Soyuq tər basmışdı məni. Əvvəl zənn etdim ki, zəlzələdir, durub pəncərədən baxdım, amma hər tərəf sakitlik idi. Zəlzələ qorxusu olsaydı, camaat bir-birinə dəyərdi. Xatırlayanda hələ də möcüzə kimi gəlir mənə...

II Əbdülhəmid Sultandan “Osmanlı soyağacı”na...

Üzümü yuyub rahatlamaq üçün otelin foyesinə düşdüm. Özümlə kağız və qara qələm də götürmüşdüm. Bir az çəksəm, eynim açılar düşündüm. O anda otelə nurani simalı, saqqalı bir kişi girdi. Qeyri-ixtiyari olaraq başladım onun portretini qara qələmlə çəkməyə. Yanımda da cavan bir oğlan oturmuşdu, arabir boylanıb rəsmə baxaraq gülümsəyirdi. “Əlinə sağlıq, nə tez çəkdin bu rəsmi sən?” deyib öz portretini ilə sifariş etdi.

Qiymət anlaşmasına gəlincə, ən aşağı məbləği dedim ki, sifariş etsin. Yağlı boya ilə çəkilməsini istədiyi üçün 200 dollar dedim. Baha bilib qiyməti öldürməyə çalışdı. Ümumiyyətlə, Türkiyədə, mənim də o vaxt xəbərsiz olduğum bir ənənə varmış. Ən bahalı bir şeyi 10 dollara belə satsan, deyəcək “bahadır”. Öldürə-öldürə 25 dollarda dayandı. Turkiyəyə gələndə dostum Akif Zeynalov demişdi ki, “sənə ilk kim iş versə, ən aşağı qiymət də desə belə razılaş. Qoy əl işini görsünlər”. Mən də onun məsləhətini xatırlayıb məcburiyyətdən razılaşdım. Düşündüm 25 dollara üç 3 gün əlavə qalaram, o müddətə bəlkə bir iş çıxar.

Nəysə, bu sifariş verən adam özünün portretini desə də, gedib 34-cü Osmanlı padşahı II Əbdülhəmid Sultanın vəsiqəlik ölçüdə bir rəsmini gətirdi ki, bunu çək. O günün gecəsi yatmadım, səhərə qədər sulu boya ilə rəsmi çəkdim. Axşam sifariş verdi, səhər saat 9-da gəlib götürəndə təəccübdən gözləri hədəqədən çıxmışdı. Sonra elə həmin adamdan ikinci sifariş - Fatih Sultan Mehmetin at üstündə, qoşunları ilə dənizə girən rəsmini çəkdim. 100 dollara razılaşdıq. Səhər başlayıb, axşama bitirdim. Üçüncü sifarişim Fatih Sultan Mehmetin İstanbulu aldıqdan sonra qoşunla qalaya girişi, ön tərəfdə ölülər, at üstündə bayraqlar və s. tam bir süjetli əsər idi ki, bunu da 150 dollara çəkdim. İki gündə 275 dollar pul qazandıqdan sonra rahat bir nəfəs aldım ki, artıq qalmaq imkanim var. Növbəti gün mənim üçün yeni səhifə başlandı...

“Sifariş olmasa, dünyanın ən məşhur rəssamı belə acından ölər”

Üç sifarişi ard-ardına verən şəxsin vasitəsilə Osmanlı Yayın Evindən iş dəvəti aldım. İlahiyyat xadimi, bir çox dini kitabların müəllifi Əbdülqədir Dədəoğlu, Osmanlının 36 padşahının portretini sifariş etdi. Üstəlik mənə havayı qalmağa yer verdilər, yeməyi də onlarla birlikdə yeyirdim. “Osmanlı soyağacı” rəsmini 10 günə bitirdim. Daha sonra Erdem Holdinqin sahibi Zeynal Abidin Erdem o əsərimi 25 min dollara alıb Topkapı muzeyinə hədiyyə etdi. Ölçüsü də böyükdür – uzunluğu 2,20 sm, eni 1,70 sm. Bu iş üçün əmək haqqım da məni qane etdi - 2400 dollar qonorar aldım.

O dövrdə, tanımadığım bir məmləkətdə bu qədər pulu necə qazanacaqdım? Sifariş olmasa, dünyanın ən məşhur rəssamı belə acından ölər. Mən də həyatımı, dolanışığımı rəsm sayəsində qazanmışam. Zamanla işləyə-işləyə həm İstanbulda, həm də Bakıda ev aldım, övladlarımı oxutdum, qızlarımın toylarını etdim. Oğlum Bakıda memarlığı oxuyur. Bu yaxınlarda nişanlamışam. Bunların hamısını fırçamın gücünə etmişəm.

“... Əsərimi Türkiyə Cumhurbaşqanlığının imarəti üçün almaq istəyirlər...”

Hazırda sərbəst çalışıram, tələbələrim var. Universitetdə dərs deməyə dəvət etdilər, amma getmədim. Rəsmi yerə bağlanmaqla həyatımı məhdudlaşdırmaq istəmədim. Özəl dərs verirəm, dərnəkdə çalışıram. Özəldən qazandığım pul universitet maaşından da yüksəkdir. Həyatım boyu bir yerə bağlı şəkildə işləmədim. Sərbəstliyi, azadlığı sevirəm. İşlərim barədə də nə kiməsə hesabat verirəm, nə də kimdənsə izn alıram. Bu şəkildə həm daha rahat çalışıram, həm də istədiyim zaman istədiyim yerə getmək imkanım olur.

19 ildir burda yaşayıram və bu zaman ərzində geniş çevrəm də yaranıb, az-çox tanınmışam. Dəfələrlə fərdi sərgim keçirilib. Lakin başqa şəhərlərdə keçirilən sərgilərə bəzən gedə bilmirəm. Hətta İstanbuldakı sərgilərimin hamısına getmək imkanın olmur. Bir dəfə Taksimdə, Marmara otelindəki sərgimə vaxt azlığından adam təyin etdim ki, nə satsan 20 faizi sənindir. Keçən il Ankarada bir neçə rəssamla birgə mənim də əsərlərimin sərgisi keçirildi. İşin çoxluğundan ora da gedə bilmədim. Ordan zəng etdilər ki, əsərimi Türkiyə Cumhurbaşqanlığının imarəti üçün almaq istəyirlər, mənim iznim lazımdır.

Demək olar ki, dünyanın hər yerində əsərlərim var. Vaxtilə Rusiyada tez-tez sərgilər keçirərdik. Hazırda emalatxanamda digər Azərbaycan rəssamlarının əsərləri var. Satıldıqca pulunu müəllifə göndərirəm. Bakıdan da dəvətlər alıram, lakin gedib-gəlmək çətindir, burdakı işlərimin gedişatına da mane olur. Amma Bakıda sərgi açmaq çoxdankı arzumdur. Demək olar ki, Türkiyəyə gəldiyimdən bəri Bakıda sərgim olmayıb.

“Tələbələrim mənə doğma balam kimi qayğı göstərirlər”

Tez-tez məndən soruşurlar ki, Azərbaycanda daha yaxşı imkan, şərait yaradılsa, qayıdarammı? Çətin sualdır. Düzdür, evim, ailəm ordadır. Amma burda da bir iş düzənim var. Buranın vətəndaşıyam, təqaüdə çıxmışam. Bəzən ehtiyacımız olan dərmanları belə pulsuz alırıq. Azərbaycanda nəinki pulsuz dərman almaq, xəstələnəndə heç həkimə getməyə pulun olmur. Aldığın maaşla ayı birtəhər başa vurursan. Burda çox insan kirayədə yaşadığı halda, mən ev aldım.

İstanbula çox alışmışam, darıxmıram, evimdəki kimi hiss edirəm özümü. Amma Allah ömür versin, yaşlandığımda, görsəm ki, qocalıq daha məni əldən salıb, vətənimə dönərəm. Qızlarıma yaxın yaşamaq istərdim. Nə yaxşı ki, internet var. Demək olar ki, uşaqlarımla hər gün skype-da görüşürəm. Tələbələrim balalarım kimidir. Burda 3 nəfər türk qızını Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına üçün mən hazırladım. Hazırda oranın tələbələridir. Xanımım Bakıda olanda, türk tələbələrim mənə doğma balam kimi qayğı göstərirlər.

Bir dəfə ürəyimdə ciddi problem yaranmışdı, yoldaşım da Bakıdaydı. Kurtköy uzaq bir ərazidə yaşayan Reyhan adlı tələbəm var. Yoldaşı da millət vəkilidir. Gəldilər məni məcbur maşınla ürək klinikasına apardılar. Biz ora çatana qədər artıq həkim müayinə üçün hər şeyi hazırlamışdı. Tələbələrimi övladlarımdan ayırmıram.

“Dolanışığımı özəl dərslərlə sığortalayıram”

Həyatımdan razıyam. Özümü reklam etməyi, gözə soxmağı sevmirəm. İşimi bəyənən özü gəlib məni tapır. Əsərlərimin satışı da məni qane edir. 1000 dollara da satdığım olub, 8 minə də, 10 min dollara da. Amma satış bu gün var, sabah olmaya bilər. Ona görə də dolanışığımı özəl dərslərlə sığortalayıram. Hazırda 25 tələbəm var. İstanbul çox bahalı şəhərdir. Amma mən lüks həyat marağında deyiləm. Ehtiyaclarımı ödəsəm, bəsimdir.

Sevda Babayeva / İstanbul (Türkiyə)

Qalereya




Teqlər:  





Xəbər lenti