Cəmil Quliyevin 1 ili: İTV-də nə dəyişib?

Cəmil Quliyevin 1 ili: İTV-də nə dəyişib?
  22 Aprel 2014    Oxunub:1743
Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyevin İTV-yə rəhbərlik etdiyi ötən 1 il bu telekanal üçün hansı yeniliklərlə əlamətdar olub? Azvision.az əməkdaşının bu sualını İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bu cür cavablandırıblar:
- Ötən 1 ildə İTV-nin yaradıcılıq həyatında diqqəti çəkən bir çox yeniliklər baş verib. Bu, özünü ilk növbədə kadr potensialının gücləndirilməsində, proqram siyasətindəki uğurlu dəyişikliklərdə, yeni layihələrin reallaşdırılmasında göstərib. Xatırladaq ki, Cəmil Quliyev Baş direktor seçilərkən öz fəaliyyətində azərbaycançılıq, milli-mənəvi dəyərlərin geniş təbliği, konstruktiv dialoq, peşəkarlıq və mədəniyyət kimi məfhumlara üstünlük veriləcəyini bildirmişdi. Bunu yəqin ki, tamaşaçılar, media ekspertləri də təstiqləyər ki, verilən sözə layiqincə əməl olunub. Cəmil Quliyev və komandası müəyyən olunmuş hədəflərə çata bilib.

İTV-dən bildiriblər ki, son 1 ildə tərəfsiz və qərəzsiz informasiya yaymaq, obyektiv təhlillər aparmaq, cəmiyyətin siyasi, etnik, dini rəngarəngliyini geniş spektrdə əks etdirmək, maarifçilik istiqamətli verlişlərə geniş yer ayırmaq kanalın efir siyasətinin prioritetləri olub: “Son aylarda İTV-də ictimai rəyin mesajlarına həssaslıq dərəcəsi xeyli artmış, kardların pekəşarlıq səviyyəsi yüksəlib. Ölkənin teleradio məkanında professionallığı, demokratik dəyərlərin inkişafında xüsusi xidmətləri ilə seçilən, hörmət qazanan yaradıcı qüvvələrin hesabına təzələnmə bu kollektivdə tamamilə yeni ab-hava yaranmasına təkan verib”.

Hər bir telekanalın nüfuz qazanmasında veriliş və proqramların tamaşaçılara, dinləyicilərə yüksək səviyyədə çatdırılmasına çalışan və buna nail olan səriştəli aparıcıların böyük rolu var. Bununla bağlı İTV-dən deyiblər ki, kanalda peşəsinin vurğunu olan, hərtərəfli hazırlığı ilə seçilən aparıcılar çalışır. İlk növbədə Şaiq Məmmədovun, Vəsilə Vahidqızının, Zaur Mahmudovun, Jalə Sabirqızının, Ramiz İdrisoğlunun, Azər Süleymanovun, Saleh Bağırovun, Aynur Fətullayevanın, Könül Arifqızının, Hüsniyə Məhərrəmovanın, Nigar Sabirqızının, Günay Namidarın, Kamran Quliyevin, Könül Məmmədovanın adlarını çəkmək olar. Şaiq Məmmədovun aparıcılığı ilə hər bazar günü saat 21:00-da efirə gedən "Həftənin yekunu" proqramında Azərbaycanda və dünyada baş verən hadisələr studiyaya dəvət olunmuş qonaqların iştirakı ilə diskussiya obyektinə çevrilir, gündəlikdəki mövzu ilə bağlı ekspert rəyləri diqqətə çatdırılır. "Ortaq məxrəc", "Qarabağ sərvətləri", "Carçı", "Qanundankənar" verilişləri, "Açıq dərs" tok - şousu müzakirə olunan mövzuların əhatəliliyi, problemlərə yanaşma tərzi ilə seçilir.

- Ötən 1 ilin uğurlarından danışarkən gündən-günə yeniləşən "Yeni gün" səhər proqramının fəaliyyətini də qeyd etməliyik. Proqramda maraqlı insanların, siyasətçilərin, elm xadimlərinin günün prioritet mövzuları ətrafındakı müzakirələri, mədəniyyət və incəsənət ustalarının yaradıclıq nailiyyətləri ilə bağlı informasiyalar tamaşaçı auditoriyası tərəfindən razılıqla qarşılanır. "Yeni gün" proqramı siyasi baxışlarından, dini görüşlərindən, milli mənsubiyyətindən asılı olmayaraq hamının üzünə açıqdır. "Yeni gün"də təqdim olunan müxtəlif janrlı sujetlər, aktual mövzularda telefon bağlantıları proqramın yaradıcılıq üstünlüklərini təstiqləyən fakrlardır. Bir sözlə "Yeni gün" son aylar həm formatına görə, həm də məzmun etibarı ilə xeyli dəyişib, yeniləşib,- deyə kanaldan bildiriblər.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən həmçinin onu da dedilər ki, "Carçıfilm" Yaradıcılıq Birliyinin son 1 ildəki fəaliyyəti də razılıq doğurur. Birlik əməkdaşlarının hazırladılğı filmlər və verilişlər həyatın bütün sahələrini əhatə edir, tamaşaçılara Azərbaycanın keçmişi və bu günü haqqında geniş bilgilər verir.

Ötən bir il İctimai Radionun kollektivinin də uğurları ilə müşayiət olunub. Həftənin 6 günü səhər saat 8-dən 12-dək "Yeni gün" proqramı rəngarəng mövzuları, interaktiv müzakirələri, səhərin ruhuna uyğun mahnıları ilə sübh tezdən ətrafına xeyli dinləyici toplayır. Yeni layihələrdən olan "Kinoda yaşanan ömür", "Səhnə həyatı", "Sübhə doğru" proqramları da böyük dinləyici auditoriyası qazanıb. Bir sözlə, İctimai Teleradionun kollektivi son 1 ildə qazanılan uğurlarla haqlı olaraq öyünür və bundan sonra da tamaşaçı və dinləyicilərin görüşünə yalnız yüksək səviyyəli proqramlarla gəlmək niyyətindədir.


Teqlər:





Xəbər lenti