“İstədiyimizi edə bilmədik” - Mərhum deputatın xanımı

“İstədiyimizi edə bilmədik” - Mərhum deputatın xanımı
  23 Aprel 2014    Oxunub:1654
“İnsanlar bu gün də onun yaxşılıqlarından danışırlar”.
Bu gün sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatından 3 il ötür.

Ailəsi, yaxınları hər il olduğu kimi bu il də Anar Məmmədxanovun məzarını ziyarət edərək ruhunu yad ediblər.

Bu barədə AzVision.az-a sabiq deputatın həyat yoldaşı İradə Məmmədxanova məlumat verib.

Adi vətəndaşların Anar Məmmədxanova olan sevgisindən söz açan həyat yoldaşı onun xeyirxah, kasıblara, imkansızlara əl tutan insan olduğunu deyib.

“Həmişəki kimi bu gün də məzarını ziyarət etdik. Hətta bir qadın mənə yaxınlaşıb dedi ki, Anar vaxtı ilə onun uşağının müalicə olunmasına sorğusuz-sualsız , araşdırmadan yardım edib. O mənə bildirdi ki, “biz elə bilirdik ki, bu da bizə inanmaz, yola verər, aldadar. Amma Anar müəllimə yaxınlaşıb problemi demək kifayət oldu”.

İnsanlar yenə də onu, etdiyi yaxşılıqları unutmayıblar. O elə bir insan idi ki, daima sağlam addımlar atırdı, dostluq etdiyi insanlar bu gün də onun yaxşılıqlarından danışırlar. Həyatdır, Allah rəhmət etsin, nə etmək olar?”.

İ.Məmmədxanova bildirib ki, millət vəkilinin ad gününə qədər onunla bağlı iki cildlik kitab buraxılışını planlaşdırır.

“Anarın yayda ad günü olacaq. Çalışacam ki , iki cildli kitabın çapı ona qədər hazır olsun. Birinci cild Anarın məqalələrindən ibarət olacaq. İkinci cilddə isə onun müsahibələri toplanacaq. Hələlik bunları etməyə imkanımız çatır. Digər üçüncü cilddə isə onun dostlarının xatirələri yer alacaq. Amma bunu daha sonraya planlaşdırırıq. Onun “Kubinka” ilə bağlı filminə gəldikdə isə rejissorun günahına görə elə yarımçıq da qaldı. İstədiyimizi edə bilmədik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti