Müharibə, qiyməti artan buğda və Azərbaycan üçün risklər

 Müharibə, qiyməti artan buğda və  Azərbaycan üçün risklər
  02 Aprel 2022    Oxunub:869
Bir aydan çox davam edən Rusiya-Ukrayna münaqişəsi dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, geosiyasi gərginlik fonunda yaranacaq tədarük çatışmazlığı səbəbindən qlobal ərzaq və yem qiymətləri 8-20 faiz bahalaşa bilər. Təşkilatın məlumatına görə, ümumilikdə qlobal ərzaq qiymətləri indeksi yanvarla müqayisədə 3,9 faiz, 2021-ci ilin eyni dövrünə nəzərən isə 24,1 faiz artıb. Bu zaman buğdanın qiyməti 2,1 faiz, qarğıdalı 5,1 faiz, ümumilikdə dənli bitkilərin qiymətləri 3 faiz bahalaşıb.
Rusiya və Ukrayna dünyanın ən mühüm kənd təsərrüfatı istehsalçılarıdırlar. Bu ölkələr arpa tədarükünün 19 faizini, buğdanın 14 faizini və qarğıdalının 4 faizini təmin etməklə qlobal taxıl ixracının üçdəbirini həyata keçirirlər. Rusiya sanksiyalar fonunda daxili təlabatı ödəmək üçün avqustun 31-ə qədər bir sıra ərzaq məhsullarının, şəkərin, dənli bitkilərin, buğdanın ixracına məhdudiyyətlər tətbiq edib. Münaqişə nəticəsində artıq buğdanın qiyməti son 14 ilin ən yüksək göstəricisi olub. Ukraynada müharibə başlayandan sonra buğda bazarında qiymət 40%-dən çox artıb ki, bu da taxıl məhsulları üçün ən yüksək artım olub. Martın 7-də buğda bazarı 2008-ci ildən bəri maksimuma çatıb – 1 buşel 12,6 dollarına və ya 1 kq 0,46 dollarına bərabər olub. Son günlər buğda 2.74% ucuzlaşaraq buşeli 12.46 dollar təşkil edib. Ucuzlaşmaya baxmayaraq, əmtəənin qiyməti son illərin ən yüksək göstəricilərində qalmağa davam edir.

Statistik məlumatlara əsasən, Azərbaycanda illik buğda təlabatı 3,5 milyon tondur. Ölkəmizin özünün buğda ilə təminatı 60 faizə yaxındır. Digər 40 faiz isə idxal olunur. Ölkəmizin ən çox taxıl, buğda idxal etdiyi ölkə Rusiyadır. Azərbaycan 2021-ci ildə 331,919 milyon dollar dəyərində 1 148 060 min ton buğda idxal edib. İdxalın həcmi 2020-ci illə müqayisədə 15.9% az olsa da, dəyəri 11.8% artıb. İdxal olunan buğdanın ümumi həcminin 190 473 tonu (57,969 milyon dollar) bərk buğda, 951 112 tonu (270,396 milyon dollar) yumşaq buğda və meslin, 6 475 min tonu (3,553 milyon dollar) isə toxumluqdur.



Rusiya 2021-ci ildə Azərbaycanın əsas buğda tədarükçüsü olaraq qalıb: bu ölkədən 315,191 milyon dollar dəyərində 1 094 236 ton buğda idxal olunub. İdxalın həcmi 18.9% azalsa da, dəyəri 7.5% artıb. Ümumilikdə, Azərbaycana buğda idxalının 95.3%-i Rusiyanın payına düşüb. 2021-ci ildə Azərbaycana digər buğda tədarükçüsü Qazaxıstan olub: bu ölkədən 15,850.6 milyon dollar dəyərində 52 746 min ton buğda idxal olunub. İdxalın həcmi 3.5 dəfə, dəyəri 4.7 dəfə artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov AzVision.az -a müsahibəsində bildirib ki, dünyada buğda ixracının 29 faizi Rusiya və Ukraynanın payına düşür. Rusiya-Ukrayna müharibəsi artıq dünya bazarında buğdanın qiymətinin sürətlə artmasına zəmin yaradır:

“Təklif ciddi şəkildə azalır, digər tərəfdən tələb cüzi olsa da ilbəil artır. Tələblə təklif arasında balans yaratmaq üçün təbii ki, qiymətlər artmalıdır. Onsuz da müharibədən qabaq, postpandemiya dövründə qiymətlərdə artım müşahidə olunurdu. Bu da müxtəlif səbəblərdən- iqlim dəyişikləri, pandemiya dövründə dəyər zəncirində qırılmalar, gübrə qiymətinin artması və digər səbəblərdən oldu. Dekabrda bizdə də unun və çörəyin qiymətinin artması ilə bağlı müzakirələr başladı. Artıq bu proses bir qədər də ciddiləşib. Rusiya ixracını məhdudlaşdırır. Bütün bunlar göstərir ki, 2022-ci ildə buğdanın qiymətində artımları davamlı müşahidə edəcəyik”.



Azərbaycanın taxılla bağlı ehtiyatlarının olduğunu deyən departament rəhbəri qeyd edib ki, bu, bir müddət daxili bazarda taxılın qiymətinin saxlanılması üçün istifadə oluna bilər. Lakin Azərbaycan üçün ən optimal variant alternativ bazarları axtarmaqdır:

“Qiymətlər Rusiyada məhdudlaşmanın nə qədər davam etməsi, müharibənin gedişatından asılıdır. Ola bilsin ki, Rusiya idxala qoyulan məhdudlaşmanı daha tez götürsün və ya uzatsın. Ona görə alternativ bazarların axtarışı ilə yanaşı, ölkədə taxıl və buğda istehsalının həcmini artırmalıyıq. Bu da iki üsulla ola bilər: ekstensiv və intensiv. Ekstensiv üsulla məhsul istehsalını artırmaq üçün əlavə əkin sahələri tələb edilir. Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərdə əkinə yararlı torpaqların buğda və əkin dövriyyəsinə qaytarılması nisbətən daxili təlabatı ödəməyə imkan yarada, 100 faiz olmasa da müəyyən faiz artıra bilər. İkinci ən önəmli məsələ məhsuldarlığı intensiv üsulla istehsalı artırmaqdır. Burada əkin sahələri saxlanılmaqla məhsuldarlığın artırılması nərəzdə tutulur”.

R.Hüseynov qeyd edib ki, ötən il Azərbaycanda buğda istehsalında hər hektara düşən məhsuldarlıq 31.7 sentner olub. Son 5 ildə orta məhsuldarlıqda artım müşahidə edilmişdir. Lakin bunu, buğda istehsal edən bir sıra qabaqcıl ölkələrlə müqayisə etsək, bu rəqəmin aşağı olduğunu görərik. Ekspert qeyd edib ki, bu sahədə görüləsi işlər davam etdirilməlidir.

- Rusiyadan buğda idxalı asılılığını azaltmaq üçün başqa hansı ölkələrin taxıl ixrac etdiyinə baxmalıyıq. ABŞ, Kanada, Avstraliya, Argentina kimi ölkələrlə yanaşı, bizə ərazi baxımından nisbətən yaxın olan Qazaxıstan, Rumıniya, Polşa, Bolqarıstan kimi buğda ixrac edən ölkələr var. Hər bir halda Qazaxıstandan olan idxalı artırmaq olar. Şərqi Avropa ölkələrindən də idxala önəm verilə bilər. İndiki halda hansı variantın optimal olmasını demək çətindir, çünki hesablamalar aparılmalıdır”.



Azərbaycanda əhalinin böyük hissəsinin kaloriyə olan ehtiyacı çörək üzərindən qarşılandığı üçün buğda çox ciddi strateji məhsuldur. Beynəlxalq statistik məlumatlara əsasən, Azərbaycanda un istehsalı 2020-ci ildə adambaşına 84-85 kq-dır. Amma inkişaf etmiş ölkələrdə bu rəqəm 55-65 kq-dır.

R.Hüseynov bildirib ki, Azərbaycanda un istehlakının daha çox olması buğdanın ərzaq təhlükəsizliyini saxlamaq üçün önəmli məhsul olduğunu deməyə əsas verir:
“Hökümət də əvvəllər bu istiqamətdə kifayət qədər iş görüb ki, qiyməti nisbətən tənzimlənsin. Buğda qiymətlərinin kəskin artımının qarşısının müəyyən miqdarda almaq üçün ölkədə buğda və unun idxalı, satışı 2017-ci ilin yanvarın 1-dən 2024-cü ilin yanvarın 1-ə qədər ƏDV-dən azaddır. Eyni zamanda Azərbaycandan un və buğdanın ixracının qarşısını almaq üçün hər tona 200 dollar dəyərində rüsum tətbiq edilir. Ölkədə buğda ehtiyatlarının lazımlı səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Bu tədbirlərin özü qiymət artımın nisbətən yumşaldılmasına yönəlik addımlardır. Lakin beynəlxalq bazarlardakı vəziyyət qiymət artımının nisbi olduğunu göstərir.



Şimali Afrika ölkələrindən artıq bəzisi də buğda idxalını məhdudlaşdırmaq barədə düşünürlər. Bu tendensiya baş verərsə, ciddi problemlər yaşana bilər. Dünya Bankının məlumatlarına görə, dekabrın sonlarında buğdanın orta qiyməti hər tona 370 dollar idisə, hazırda 400 dollara yaxındır. Qiymətlər son 14 ilin ən yuxarı göstəricisidir. İki ay bundan əvvəl son 7 ilin yuxarı qiymətləri idi. Bu tendensiya davam edərsə, xəbər agentlikləri indiyə qədər olmayan qiymət deyə qeyd edəcəklər”.

Milli Məclisin deputatı, iqtisadçı eksper Vüqar Bayramov qeyd edib ki, ötən ilin sonlarında və bu ilin əvvəlində qlobal bazarda taxılın qiymətində artım müşahidə olunurdu. Onun sözlərinə görə, Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin başlamamışdan xeyli müddət öncə də strateji məhsulların ehtiyatlarının artılması ilə bağlı qərar qəbul edib, bununla bağlı Prezident tərəfindən göstərişlər verilib:

“Bu baxımdan taxılın qiymətində artımların davam edəcəyini, həm də Rusiyanın taxıl ixracını məhdudlaşdırdığını nəzərə alaraq, mövcud ehtiyatların istifadəsi, yerli istehsalın artırılması və qısa müddətli dövr üçün isə başqa idxal mənbələrinin tapılması istiqamətində işlər aparılır”.



Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə taxıl istehsalının genişləndirilməsi və yerli istehsalın artırılması da əsas hədəflər sırasındadır. O qeyd edib ki, Rusiyanın taxıl ixracatına müəyyənləşdirdiyi məhdudiyyətlərin minumumlaşdırılması istiqamətində işlər aparılır, xüsusən də taxıla olan tələbin ödənilməsi ilə bağlı sistemli fəaliyyətlər davam etdirilir: “Ona görə digər ölkələrdən taxıl idxalının həyata keçirilməsi, yerli istehsalın genişləndirilməsi və ehtiyatların artırılması əsas prioritetdir. Proqnoz ondan ibarətdir ki, növbəti illərdə ərzaq təklifi və ərzaq məhsullarının qiymətlərindəki artımlar davam edəcək”.



Azərbaycanın taxılla təminetmə səviyyəsinin artırılması istiqamətində siyasətin aparıldığını deyən Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə qeyd edib ki, əsas hədəf mövcud əkin sahələrindəki məhsuldarlığın yüksəldilməsi hesabına yerli istehsalın həcmi artırılmasıdır:
“Müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, taxıl əkinlərində pilot suvarma sistemlərinin daha geniş tətbiq olunması, gübrə və pestisidlərin normaya uyğun istifadə edilməsi, fermerlərin daha da maarifləndirilməsi istiqamətində əhatəli işlər görülür ki, məhsuldarlıq göstəriciləri daha da yüksəlsin və yerli istehsal bunun hesabına artsın”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti