ABŞ-ın sanksiya tətbiq etdiyi 20 ölkə - Siyahı

ABŞ-ın sanksiya tətbiq etdiyi 20 ölkə - Siyahı
  25 Aprel 2014    Oxunub:13872
Tarixi boyu ABŞ dəfələrlə digər ölkələrə qarşı sanksiyalar tətbiq edib. Siyahıya nəzər salsaq görərik ki, Amerika hökuməti tətbiq etdiyi sanksiyaların nəticələrindən daim razı qalıb və gələcəkdə də analoji addımlar atacağı istisna olunmur.

Sanksiyaların effektivliyi və zəruriliyi daima müzakirə edilir, lakin bu məsələdə hələ də vahid fikir yoxdur. Çünki bəzi ölkələr bu məhdudiyyətlərdən ustalıqla yayına bilirlər. AzVision.az ABŞ-ın müxtəlif vaxtlarda müxtəlif sanksiyalar tətbiq etdiyi 20 ölkəni təqdim edir.

Balkan ölkələri

Balkan yarımadasında müharibə zamanı BMT Təhlükəsizlik Şurası Serbiya və Monteneqro ərazisində sanksiyaların tətbiq edilməsi ilə bağlı bir sıra qətnamələr qəbul edib.



İlk növbədə silah alınması qadağan edilib, xarici maliyyə müəssisələrində olan hesablar donduruldu.

Belarus

ABŞ, 2004-cü ildə “Belarusda demokratiya haqqında akt” qəbul edib. Konqresmenlər Belarusa satılan silahlar və texnologiyalar haqqında məlumatın açıqlanmasını tələb ediblər. Qanun layihəsində Belarusda “demokratik proseslərə dəstək” üçün vəsait ayrılması nəzərdə tutulub.



Sanksiyalar zamanla daha da sərtləşdirildi. 2011-ci ildə isə bir sıra şəxslərin səfərinə məhdudiyyətlər qoyuldu, onların aktivləri donduruldu. Sanksiyaların tətbiq olunduğu şəxslər siyahısında Belarus prezidenti Aleksandr Lukaşenko, onun oğulları Viktor və Dmitri, həmçinin jurnalistlər, məmurlar, hakimlər və s şəxslər var.

Birma

1997-ci il Birmaya qarşı sanksiyalar tətbiq olunub. Nəticədə Amerika şirkətləri bu ölkəyə investisiya yatırmaq imkanını itirdilər, hərbi xuntanın üzvlərinin ABŞ-a daxil olması da qadağan edildi.



Ənənəvi olaraq, sanksiyaların tətbiq olunduğu şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və bank hesabları dondurulub.

2003-cü ildə sanksiyalar daha da sərtləşdirildi. Birmadan ixrac tamamilə dayandırıldı. Ölkənin ABŞ-dakı aktivləri donduruldu.

Kot-d’İvuar

2011-ci ildə ABŞ, Kot-d’İvuarın bir sıra şəhərlərində seçkilərinin nəticələri ləğv edildiyinə görə,prezident Loran Qbaqbo, onun xanımı və tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib. Qeyd edək ki, məhz bu saxtakarlıq nəticəsində Qbaqbo ikinci müddətə ölkə prezidenti seçilib.



Ənənəvi olaraq, sanksiyaların tətbiq olunduğu şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və bank hesabları dondurulub.

Kuba

Kubaya qarşı ilk sanksiyalar 1960-cı ildə, Amerika fiziki və hüquqi şəxslərinin mülklərinin milliləşdirilməsindən sonra tətbiq olunmağa başlanıb. Sonra sanksiyalar embarqoya qədər genişləndirilib.



1962-ci ildə Kuba, Amerika Dövlətləri Təşkilatından çıxarıldı, ABŞ Hərbi Dəniz Qüvvələri isə ölkə ətrafında qarantin zonası yaratdılar.

1966-cı ildən isə ABŞ vətəndaşları Kubaya səfər etmək imkanından məhrum oldular. Bu qaydanı pozanları 10 ilə qədər həbs və böyük miqdarda cərimə gözləyir.

Kubaya qarşı tətbiq olunan sanksiyalar bu gün də qüvvədədir. İqtisadi blokadalar Kuba iqtisadiyyatına 100 milyard dollar miqdarında ziyan vurub.


Konqo Demokratik Respublikası

Konqo Demokratik Respublikasına (KDR) qarşı sanksiyalar 2006-cı ildən bəri tətbiq olunur. Sanksiyaların müddəti bir necə dəfə uzadılıb.



BMT-nin xüsusi nümayəndəsi Marqo Vallsrem 2010-cu ildə KDR-in hökumət qüvvələri zorlama və qətllərdə ittiham etdi.


İran İslam Respublikası

1979-cu ildə Tehranda Amerika səfirliyinin tutulmasından sonra ABŞ banklarında İrana məxsus qızıl ehtiyatları və aktivlər donduruldu. Bundan əlavə, İranla İş birliyi quran şirkətlərə qarşı da sanksiyalar tətbiq olundu.

1995-ci ildə sanksiyalar yumşaldıldı və üçüncü ölkələr vasitəsilə İrana Amerika məhsullarının satılması imkanı yaradıldı.



2012-ci ildə İran bankalarına, həmçinin ölkənin atom sənayesi ilə iş birliyi olan şirkətlərə qarşı sanksiyalar növbəti dəfə sərtləşdirildi.

2014-cü ilin əvvəlində rəsmi Tehrana qarşı sanksiyalar nisbətən yumşaldıldı.

İraq

İraqa qarşı ticari sanksiyalar 1990-cı ildən tətbiq olunmağa başlanılıb. Dərman və qida məhsulları, neft və neft məhsulları ixracı istisna olunmaqla digər məhsulların idxalı qadağan edilib.



Sanksiyalar 2010-cu ildə ləğv edilib.

Livan

Livana qarşı sanksiyalar 2012-ci ildə, ölkənin suverenliyinə, onun demokratik proseslər və institutlarına təhlükə törədən şəxslərə qarşı tətbiq edildi.



Digər ölkələrdə olduğu kimi burada da sanksiyaların tətbiq olunduğu şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və banklarda olan hesabları dondurulub.

Liviya

2011-ci ildə ABŞ Liviyaya qarşı ticari və maliyyə sanksiyaları tətbiq etdi. Məhdudiyyətlər bir sıra bank və şirkətlərə şamil edilib.



Sanksiyalar Müəmmər Qəddafi rejiminə qarşı tətbiq edilib. Qoyulmuş məhdudiyyətlər sonradan yeni hökumətin xahişi ilə ləğv edilib.

Şimali Koreya

ABŞ tərəfindən Şimali Koreyaya ilk iqtisadi sanksiyalar 1950-ci ildə tətbiq edilib və 2008-ci ilə qədər davam edib.



2013-cü ildən etibarən isə əlavə sanksiyalar tətbiq olunmağa başladı. Sanksiyaların tətbiq olunduğu şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və banklarda olan hesabları dondurulub.

Somali

Somaliyə qarşı sanksiyalar əsasən “Əl –Şəbab” qruplaşması ilə bağlıdır. Bu ölkəyə sanksiyalar 2010-cu ildə qoyulub.



“Əl –Şəbab” qruplaşması həmin vaxt Somali paytaxtının bir hissəsinə və cənub ərazilərinə nəzarət edirdi. Ölkədəki bütün terror qruplaşmaları ilə əlaqəsi olan şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların bank aktivləri və hesabları dondurulub.

Sudan

ABŞ, 2007-ci ildə, birtərəfli qaydada Sudana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.
Sanksiyalara əsasən bir sıra şəxslərin aktivləri, hesabları dondurularaq müsadirə edildi. Bundan əlavə Amerika vətəndaşları və şirkətlərinə də bu şəxslərlə əməkdaşlıq etmək qadağan edildi.



Bununla da 30 Sudan şirkəti ABŞ-la ticarət əməliyyatları aparmaq və ABŞ banklarından maliyyə yardımları almaq imkanından məhrum oldular.

Onların ABŞ-da olan aktivləri dondurulub.

Cənubi Sudan

2014-cü ildə Cənubi Sudan hökuməti ilə yerli üsyançılar arasında toqquşmaların fonunda bu ölkəyə qarşı sanksiyalar tətbiq olundu.



Ölkədə hüquqi bərabərsiliyə yol verən bütün şəxslərin bank hesabları donduruldu, aktivləri müsadirə olundu. Amerika vətəndaşları və şirkətlərinə həmin şəxslərlə əlaqə qadağan edildi.

Suriya

Suriyaya qarşı iqtisadi sanksiyalar 2004-cü ildən tətbiq olunmağa başlanıb. Sanksiyalar Suriya rejiminin terror təşkilatlarına yardım etməsi, Livanın işğal edilməsi, kütləvi qırğın silahları və İraqda üsyançılara dəstək verilməsi müqabilində qəbul edilib.



Sanksiyalara əsasən bir sıra şəxslərin və şirkətlərin aktivləri, hesabları dondurularaq müsadirə edildi. Bundan əlavə, Amerika vətəndaşları və şirkətlərinə də bu şəxslərlə əməkdaşlıq etmək qadağan edildi.

Ukrayna

2014-cü ilin mart ayında Ukrayna və Krımdan olan üç məmura qarşı sanksiyalar tətbiq edilib.



Viktor Yanukoviç, Serqey Aksenov və Viktor Medeveçukun ABŞ-a daxil olması qadağan edilib. Onların həmçinin bu ölkədə aktiv və hesabları da dondurulub.

Yəmən

2012-ci ildə Yəməndə vətəndaş müharibəsi fonunda ABŞ hakim rejimə aid edilən şəxslərə qarşı sanksiyalar tətbiq edib.



Onların ABŞ girişi qadağan edilib, ölkə ərazisində aktivləri dondurulub.

Zimbabve

Zimbabve rejiminə qarşı sanksiyalar 2002-ci ildə qəbul edilib.
Sanksiyalara əsasən bir sıra şəxslərin və şirkətlərin aktivləri, hesabları dondurularaq müsadirə edildi. Bundan əlavə, Amerika vətəndaşları və şirkətlərinə də bu şəxslərlə əməkdaşlıq etmək qadağan edildi.



“ZanU-PF” partiyasının fəallarına qarşı qəbul edilən sanksiyalar ümumilikdə ölkə iqtisadiyyatına ziyan vurur. Zimbabve rəhbərliyi bildirir ki, ölkədəki iqtisadi böhranın səbəbkarı beynəlxalq birlikdir.

Rusiya

2014-cü ilin mart ayında ABŞ Rusiyanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiq edilməsinə qərar verib. Sanksiyaların tətbiq olunduğu şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və banklarda olan hesabları dondurulub.



Bundan əlavə, 2012-ci ildə Amerika hökumətinin iddialarına görə, Serqey Maqnitskinin ölümündə günahkar olan rusiyalı şəxslərə qarşı sanksiyaların tətbiq olunması barədə qərar qəbul edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti