Ağanın "aftvit diplomatiyası"

// Zəngəzur dəhlizinin yubanmasının səbəbini İranda axtarmalıyıq

      Ağanın "aftvit diplomatiyası"
  21 İyul 2022    Oxunub:6733
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

İranın ali dini rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ermənistan sərhədilə bağlı məşhur tviti kimə ünvanlanmışdı və ağa niyə onu məhz indi yazmağı lazım bilib? Xrono-məntiqlə yanaşsaq, Seyyid həmin gün Ərdoğan və Putinlə görüşmüşdü. Ola bilərmi ki, onlardan hansısa biri ağanı duyuq salan fikir işlədib, yaxud, məsələn, şeir deyib və cəddinəqurbanolduğum da "aftvit diplomatiyası"nı işə salaraq, “a-lya Tramp” stilində mövzuya fatihə verib?!
Nəzəri cəhətdən bəli. Hazırda həmin üç ölkə həm üçlükdə, həm də cüt-cüt geosiyasi kurslarını ortaq məxrəcə yaxınlaşdırmaq məqsədilə sərf-nəzər etməyə çalışırlar. Ona görə də ifa etdikləri geosiyasi simfoniyanın notlarını dəqiqləşdirərkən regional dissonansların müzakirəsi də tamamilə mümkündür. Amma bu zaman başqa bir nüans da ortaya çıxır.

Cəmi 2 gün əvvəl Azərbaycanın dövlət başçısı İlham Əliyev keçirdiyi müşavirədə Ermənistanın üstünə götürdüyü öhdəliklərə növbəti dəfə toxunaraq demişdi ki, əgər onlar status tələbindən əl çəkməsələr, biz də Zəngəzurla bağlı məsələni qaldıra, halal torpaqlarımıza status istəyə bilərik. Seyyidin aftvitinin bu fikrə cavab olaraq da ortaya qoyulduğunu güman edə bilərik, zira, ortada təcrübə var: Hər dəfə Azərbaycan Zəngəzur məsələsinə toxunanda İran hansısa formada reaksiya verir. Əvvəllər “Güney Qafqazda sərhədlərin dəyişdirilməsinə yol verməyəcəyik” formulundan istifadə edirdilər. İndi isə mətləb daha çılpaq ortaya qoyulur: “İran-Ermənistan sərhədinin bloklanmasına qarşı çıxacağıq, çünki bu, minlərlə illik bir əlaqə yoludur”.


“İran-Ermənistan sərhədinin bloklanması” nə deməkdir?! Yəni İran Araz boyunca Azərbaycanın nəzarətində olan dəhlizin yaradılmasına etiraz edir. (Təkcə) Azərbaycanınmı? 10 noyabr Bəyannaməsinə görə, Naxçıvana gedən yol Rusiya sərhədçilərinin nəzarətində olmalıdır. Elə isə, istisna deyil ki, Xameneyinin Putinlə görüşündə məhz bu məsələ də müzakirə olunub və ondan sonra ağanı qarınağrısı tutduğundan, aftvitini əlinə alıb.

Bu ehtimal çox vacib məsələyə aydınlıq gətirir. İndiyə qədər belə bir sual açıq qalırdı ki, doğrudanmı, Rusiya özünün vasitəçiliyi ilə razılaşdırılan və elə özünün də nəzarət edəcəyi yolun işə düşməsini əngəlləyir? Amma indi aydınlaşır ki, Zəngəzur dəhlizinin reallaşmasını tormozlayan əsas qüvvə İran ola bilərmiş... Bəli, burada onun marağı çox məhdud şəkildə Qərblə üst-üstə düşə də bilər, amma ortada ciddi fərq var: Avropa Birliyi dəhlizin Rusiyanın nəzarətində olmasını istəmirsə, İran ümumiyyətlə, olmasını istəmir.

Hazırda bu məsələ güman ki, İran-Rusiya-Türkiyə üçbucağında aktiv geosiyasi sövdələşmə mövzusudur. Bu üçlük “3+3” formatının birinci triosudur. İkisinin – Moskva ilə Ankaranın “Zəngəzur dəhlizi” məsələsində maraqları üst-üstə düşür. Amma Tehranı da necəsə ortaq məxrəcə gətirmək lazımdır, çünki əks halda İran istər Yaxın Şərqdə, istərsə də Güney Qafqazda onların təkərlərinə yoğun bir ağac soxa bilər. İstisna deyil ki, son yarım ildə Tehranla Moskva arasında müşahidə olunan intensiv diplomatik trafikin əsas müzakirə mövzularından biri də bu olub.

Hazırda Rusiya “Zəngəzur dəhlizi”nin 10 noyabr Bəyannaməsində göstərilən formada işə düşməsində son dərəcə maraqlıdır, çünki bu, Avropa istiqamətində qurulan yeni logistika sxemlərinin vacib bir şaxəsinin onun nəzarətində olacağı deməkdir. Türkiyə Rusiyadan da artıq maraqlıdır, çünki həmin logistikanın qovşaq düyünləri onun ərazisində yerləşəcək. Qalır İranı yola gətirmək ki, bu zaman bir vacib sualın üzərinə gəlirik: Axı İrana nə lazımdır?!

Əslində cavab sadədir: Elə Rusiyaya lazım olan, yaxud, Azərbaycana təsir “rıçaq”larının mümkün qədər çox saxlanılması. Bu gün həmin “rıçaq”lar əsasən üçdür:
✔️ Azərbaycanda iranpərəst şiə azlığın ideoloji yüyənini əlində saxlamaq;
✔️ Ermənistana yardım göstərmək
✔️ Ötən ilin payızındakı kimi sərhəddə hərbi təlimlər keçirmək.


Bunlardan birincisi xeyli zəifləyib və gözdən düşüb, “Kərimə dövlət” ətrafında yaranan komik vəziyyətin sübut etdiyi kimi, iranpərəst fundamentalistlər cəmiyyətin daxilində ancaq rişxəndlə qarşılanırlar.
Üçüncüsünə gəlincə, İran öz ərazisində istədiyi qədər hərbi təlim keçirə bilər: Azərbaycanda bu, heç kimi narahat etmir, əksinə, onların yenə öz texnikalarını vurub-vurmayacaqlarını görmək üçün həvəslə izləyirik. Hətta mərc gələnlər də olur.

Qalır ikinci: Ermənistana açıq və gizli yardımlar. Məhz buna görə Tehran “min illik əlaqə yolunu” itirmək istəmir. Axı Naxçıvandan keçəcək yolla gizli yükləri göndərmək olmayacaq...

Bu geosiyasi düyünü çözməyin bir yolu var: Azərbaycanı həqiqi dost ölkə sayaraq, hipotetik, uydurma risklərə görə özünü pisikdirməmək. Ya Azərbaycana, onun sülh, dostluq və əməkdaşlıq niyyətinin təmizliyinə inanmaq, ya da əks halda cəmiyyətin İsrail sevgisinə təəccüblənməmək lazımdır. Çünki müsəlman İranın rəhbəri tvitterdə “Zəngəzur dəhlizi”nə qarşı çıxanda yəhudu ölkəsinin səfiri “Təbriz nağılları” kitabı ilə şəklini paylaşır.



Teqlər: İran   Zəngəzur  





Xəbər lenti