Eks-prezident Saakaşvilinin Gürcüstan siyasətini həmişəlik tərk etmək istəyini vəkili Valeri Gelbaxiani bəyan edib. Hökumətyönlü “İmedi” televiziya şirkətinə müsahibəsində o qeyd edib ki, müvəkkilini “siyasi motivli hökmlə” uzunmüddətli həbs cəzası şəraitində “yalnız fiziki baxımdan sağ qalmaq maraqlandırır”. Keçmiş prezident Saakaşviliyə “sağlamlığını bərpa etməyə” icazə verilsə, “onu artıq Gürcüstan siyasəti maraqlandırmayacaq”, yalnız Ukraynada siyasətlə məşğul olacaq.
Vəkil öz çıxışını Mixail Saakaşvilinin müxalifətdə olan Vahid Milli Hərəkat (VMH) partiyasındakı keçmiş tərəfdaşlarına ünvanladığı kobud ifadə ilə yekunlaşdırıb: “ Mişa Gürcüstan siyasətindən gedir. Bu ***-lar (nalayiq söz gəlir) isə heç kimi parlamentə keçirməyi (qarşıdakı parlament seçkiləri nəzərdə tutulur) bacarmayacaqlar və hamı onları ələ salacaq”.
Mixail Saakaşvili özü də yaxın çevrəsindəki nümayəndələri vasitəsilə dəfələrlə bəyan edib ki, son illərdə VMH-ni ayaqda saxlayan məhz o olub və bu partiyanın seçiciləri 100 faiz onun şəxsi elektoratıdır. Əksər gürcü ekspertlər bu qiymətləndirmə ilə tam razıdırlar: 2020 və 2016-cı il parlament seçkilərində bütün səslərin təxminən üçdə birini toplayan VMH-yə səs verənlər partiyanı əsasən onun təsisçisi və daimi lideri ilə eyniləşdirənlərdir.
Mixail Saakaşvilinin digər vəkilləri, anası Giuli Alasaniya və oğlu Eduard Saakaşvili da son zamanlar Gürcüstanın ən böyük müxalifət partiyasını ittiham edərək, nüfuzdan düşdüyünü bəyan ediblər. Sabiq prezidentin oğlu bəyan edib ki, ötən il sentyabrın 29-na keçən gecə atasının Gürcüstana qayıtması (bundan sonra eks-prezidenti Gürcüstan xüsusi xidmət orqanları həbs edib) “fəlakətə çevrilən kobud səhvdir”.
Eduard Saakaşvili etiraf edib ki, atası tərəfdarlarından daha çox dəstək və daha çox “küçə fəaliyyəti” gözləyirdi ki, bu da sonda hakimiyyət dəyişikliyinə gətirib çıxaracaqdı. Lakin onun ümidləri özünü doğrultmayıb.
Hakim “Gürcü Arzusu” (GA) partiyasının liderləri Mixail Saakaşvilinin Gürcüstan siyasətindən gedəcəyi ilə bağlı verdiyi vədlərə inanmırlar. Parlamentin GA-dan olan deputatı bununla bağlı bütün bəyanatları “qeyri-ciddi” adlandırıb. VHM rəhbərliyi isə Mixail Saakaşvilinin özünün susmasına diqqət çəkib. “Biz partiyada bu məsələni yalnız Saakaşvili şəxsən açıqlama verdikdən sonra müzakirə edəcəyik”, - anonim qalmaq istəyən VHM liderlərindən biri bildirib.
“Nation.ge” müstəqil xəbər agentliyinin eksperti David Avalişvili də qeyd edib ki, hakimiyyətin ən populyar müxalif siyasətçi Saakaşvilidən qurtulması şirnikləndiricidir, lakin yalnız Gürcüstanın işlərinə qarışmayacağı ilə bağlı müəyyən təminat alındıqdan sonra.
Xatırladaq ki, Mixail Saakaşvili vəzifə səlahiyyətlərini aşmaq ittihamıyla iki cinayət maddəsi üzrə altı və üç il müddətinə azadlıqdan məhrum edilib. Tiflis şəhər məhkəməsində daha üç ittiham üzrə dinləmələr davam edir. Ümumilikdə keçmiş prezidenti 11 ilə qədər həbs gözləyir.
Nadir Quliyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


