Yandırıb-yaxırsan, ay Tayvandakı: Pelosinin çəhrayı geyiminin anlamı nə idi - VERSİYA

  Yandırıb-yaxırsan, ay Tayvandakı:  Pelosinin çəhrayı geyiminin anlamı nə idi -  VERSİYA
  04 Avqust 2022    Oxunub:2020
Dünya mediasının gündəmindən düşməyən "Pelosi qalmaqalı" ilə bağlı bir sıra suallar hələ qalmaqdadır. Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin olduğu təyyarə gecə saatlarında məxfi şəkildə Tayvana enə bilərdi. Lakin bu halda onun adaya gəlişinə diqqət çəkmək mümkün olmayacaqdı. Məqsəd isə mümkün qədər çox hay-küy yaratmaq olub.
Pelosi Tayvanı problemsiz tərk etdi - VİDEO
Səfərdə ən çox diqqət çəkən məqamlardan biri Taybeyin hava limanında görünən Pelosinin çəhrayı geyimdə gecə qaranlığında sanki işıq saçması idi. Bu cür ciddi təhlükəli, qalmaqallı səfərlərdə adətən əsas personaj ətrafdakılardan fərqlənə biləcək geyimlərdə olmur. Təbii ki, onun açıq rəngə üstünlük verməsinin, xüsusən də Tayvanda çəhrayı rəngli geyimlə meydana çıxmasının xüsusi bir anlamı vardı. Bu, təkcə kameralar qarşısında diqqət çəkmək üçün atılmış bir addım sayılmamalıdır. Pelosinin dünyanın ən həssas bölgələrindən sayılan adaya mübahisəli səfəri özlüyündə simvolik olduğundan, çəhrayı geyinməsi də bir növ siyasi mesaj kimi qəbul edilməlidir.


Maraqlıdır ki, Pelosi adaya uçuşu zamanı öz geyimində heç bir dəyişiklik etmədi. Günün əvvəlində o, Malayziya parlamentini ziyarət etmək üçün dikdaban ayaqqabısı və diqət çəkən mirvari aksessuarı ilə eyni kostyumu geyinmişdi. Çəhrayı rəng onu qəsdən böhran yaratmaqda günahlandıran Çinə qarşı döyüşkənlikdən çox, Tayvanla dostluq aktı kimi qəbul olunmalı idi. Pelosinin qəsdən belə kostyumla qaynar bir məkanda peyda olmasını özünü məşhur amerikalı siyasətçi Hillari Klintona bənzətməsi kimi də qəbul etmək olar.


1995-ci ildə o vaxtkı birinci xanım Pekində keçirilən Birləşmiş Millətlər Təşkilatının Qadınlara dair IV Ümumdünya Konfransında “Qadın hüquqları insan hüquqlarıdır” deyərkən Pelosinin kostyumu ilə diqqət çəkəcək dərəcədə oxşar paltar geyinmişdi. Pelosinin səfəri kimi Klintonun çıxışı da bir qədər mübahisəli olmuşdu. O, çıxışı zamanı dünyanın hər yerində, o cümlədən Çində qadınların üzləşdiyi təhdidlərdən ətraflı danışmış və ev sahibinin fərqli fikirlərə dözümsüzlüyünə incə formada işarə vurmuşdu. Bu məqam Pekin tərəfindən senzuraya məruz qalmışdı.

Pelosi Klintonun Çini açıq şəkildə tənqid etməsini təkrarlamaqla tarixi yaddaşı təzələsəydi, bu aşkar təxribatçı addım olardı. İctimaiyyət yəqin ki, heç vaxt bu incə jestlərin dolğun izahını bilməyəcək. Bir çox qadın liderlər kimi Pelosi də üslub seçimləri ilə bağlı suallara nadir hallarda cavab verir. Lakin şübhə yoxdur ki, Nümayəndələr Palatasının sədri geyimin gücünü anlayır, koordinasiya edilmiş üz mimikalarından tutmuş, o vaxtkı prezident Donald Trampa etiraz üçün geyindiyi ağ kostyumuna qədər bu üslübları yüksək qiymətləndirir və bundan müntəzəm istifadə edir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Pelosi   Çin   Tayvan   Geyim  





Xəbər lenti