Yaponiya hökuməti tam tərkibdə istefa verdi

   Yaponiya hökuməti tam tərkibdə istefa verdi
  10 Avqust 2022    Oxunub:769
Yaponiyada son üç həftə ərzində Nazirlər Kabinetinin reytinqi 10 faizədək aşağı düşüb. Bunun səbəbi kimi, ilk növbədə ölkə daxilində baş verən proseslər – inflyasiya və siyasətçilərin “Birlik kilsəsi” ilə şübhəli əlaqəsi göstərilir.
Nəticədə Yaponiyanın baş naziri Fumio Kişida son bir neçə həftə ərzində səsvermələrdə əhalinin dəstəyinin azalması fonunda hökumətdə və hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində dəyişiklik edəcək. Artıq proses başlayıb. Belə ki, Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib.

Yaponiyada hökumətin tam tərkibdə istefa verməsi, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər ərəfəsində həyata keçirilən ənənəvi prosedurdur. İstefa verən nazirlər yeni kabinet formalaşanadək vəzifələrini formal olaraq həyata keçirirlər. Hökumətin yeni tərkibində xarici işlər naziri Yoşimasa Hayaşinin və Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun öz vəzifələrini saxlayacağı gözlənilir. Bununla yanaşı, müdafiə naziri Nabuo Kişinin Baş nazirin təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunacağı bildirilir. Onun yerinə isə 2008-2009-cu illərdə ölkənin müdafiə naziri olmuş Yasukazu Hamadanın təyin olunacağı qeyd edilir.

F.Kişidanın hakim Liberal Demokratik Partiyanın (LDP) rəhbərliyində də dəyişikliklər aparacağı bildirilir. Əsas belə dəyişiklik kimi iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiudanın LDP siyasi şurasının rəhbəri vəzifəsinə gətiriləcəyi qeyd edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti