İrəvanda Putinin həbsini tələb edən anti-Rusiya mitinqi keçiriləcək

   İrəvanda Putinin həbsini tələb edən    anti-Rusiya mitinqi keçiriləcək
  10 Avqust 2022    Oxunub:892
Ermənistanda Rusiya əleyhinə kütləvi etiraz aksiyası planlaşdırılır. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, etirazçılar daha çox Ukrayna müharibəsini qabardacaqlar.
Gümrüdə anti-Putin aksiyası - FOTOLAR
"Rusiyanın Ukraynada başlatdığı müharibə gündəmdədir. Məlum olduğu kimi, müharibə başlayandan sonra Ermənistana xeyli sayda rus, ukraynalı və belarus köçdü. Sonuncular nəinki Ermənistanda yaşayırlar, onlar hətta müəyyən sahələrdə aktiv fəaliyyət göstərir, həm də siyasi fəallıqlarını artırmağa çalışırlar. Bu şəxslərin əksəriyyəti isə Ukraynada başlayan müharibəyə neqativ münasibət bəsləyirlər. Köç edənlər həmçinin vaxtaşırı anti-Putin aksiyaları da keçirirlər.

Beləliklə, avqustun 24-ü, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın 6 aylıq ildönümündə Ermənistanda məskunlaşan müharibə əleyhdarı olan ruslardan ibarət qrup etiraz aksiyası keçirəcək. Etiraz tədbiri saat 18:00 üçün planlaşdırılır. Aksiya axşam İrəvan Opera Meydanında olacaq, daha sonra isə Rusiya Meydanına yürüş təşkil olunacaq. Mitinq təşkilatçıları “Qardaş qırğını müharibəsini dayandırmaq, Putin və onun tərəfdaşlarını hakimiyyətdən məhrum etmək və həbs etmək tələbi ilə” nümayişlər və imza toplanmasının olacağını deyiblər. Ola bilsin ki, Gümrüdə də analoji etiraz aksiyası və imza toplanması tədbiri baş tutsun", - məqalədə yazılıb.

Xatırladaq ki, analoji etiraz aksiyası artıq ötən bazar günü Gümrüdə keçirilib.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Aksiya   Rusiya  







Xəbər lenti