"Hanı FHN-nin helikopteri, hanı itlər?" - Erməni vəkil üsyan etdi

 "Hanı FHN-nin helikopteri, hanı itlər?" -   Erməni vəkil üsyan etdi
  15 Avqust 2022    Oxunub:1281
Dünən İrəvanın "Surmalu" ticarət mərkəzində baş verən partlayış erməni cəmiyyətində olan narazılığı birə-beş artırıb. AzVision.az xəbər verir ki, yerli saytlar hökumətin bu cür böhran vəziyyətinə hazır olmadığını yazır, siyasətçilər xilasedicilərin yarıtmaz fəaliyyətini vətəndaş amilinin ikinci plana atılmasına sübut kimi təqdim edirlər.
İrəvanda xilasedicilərlə vətəndaşlar arasında dava düşüb - VİDEO
Məsələn Ermənistan parlamentinin keçmiş deputatı Levon Doxolyan məlum proseslərlə bağlı diqqət çəkən açıqlama verərək deyib ki, "balıq başdan iylənər"

- Fövqəladə hallar naziri ixtisasına və təcrübəsinə görə “əməliyyatçı” olmalıdır. O, hər hansı siyasi komandanın üzvü olmaya da bilər. Amma nazir bu sahədə əməliyyatlara nəzarət edə bilən mütəxəssis olmalıdır. Partlayışdan təxminən bir gün keçib və traktorçular dağıntıları aradan qaldıra, uçan binanın altında qalan insanları tapa bilmirlər. Heç əl ilə aparılan aktiv axtarış işləri də görünmür... Əgər hansısa yüksək vəzifəli məmur dağıntılar altında olsaydı, axtarışa bütün dövlət aparatı cəlb olunardı, - keçmiş deputat gileylənib.


Tanınmış erməni vəkil Robert Hayrapetyan da aidiyyəti qurumların səbatsızlığından şikayətlənib. O, açqılamasında hələ də dağıntılar altında qalan vətəndaşlardan birinin qohumunun narazı fikirlərini xatırladıb.

- İtkin sayılan vətəndaşlardan birinin qohumu deyib ki, "Qardaşımın hamilə arvadı, 5 yaşlı oğlu və bacısı dağıntılar altındadır. Aktiv iş üçün texnika yoxdur, daşları əllə daşıyırıq”. Doğrudan da bu məsələni anlaya bilmirəm. Bəyəm partlayışdan sonra xeyli davam edən yanğını söndürmək üçün helikopterdən, xüsusi itlərdən və ya başqa vasitələrdən istifadə etmək mümkün deyildi? Əvvəllər onlar helikopter pas atmasın deyə rayondan rayona uçmaqla gedirdilər, - vəkil deyib.

Xatırladaq ki, dünən İrəvanın “Surmalu” topdansatış ticarət mərkəzində güclü partlayış baş verib. Nəticədə ölənlərin sayı 6 nəfərə çatıb. Rəsmi məlumatlara görə hadisə nəticəsində 60-dan çox adam xəsarət alıb, 18 nəfər isə itkin sayılır. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Dağıntı  





Xəbər lenti