Zelenski: "Putinin ölüm qorxusundan istifadə edilməlidir"

      Zelenski:    "Putinin ölüm qorxusundan istifadə edilməlidir"
  16 Avqust 2022    Oxunub:1035
Rusiya vətəndaşlarına viza verilməsinə qadağa qoyulması rus xalqını Vladimir Putinin müharibəni mümkün qədər tez bitirməklə bağlı qərarlarına təzyiq göstərməsinə səbəb ola bilər.
Putinin “hegemona əyilməyən” dediyi dövlətlər hansılardır?
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın prezidenti Vladimir Zelenski “The Washington Post” qəzetinə müsahibəsində deyib.

Zelenski viza qadağasında yaşamaq hüququnu əlindən alan heç bir şeyin olmadığını vurğulayaraq, bu cür sanksiyaları çox yaxşı və dinc təzyiq üsulu adlandırıb.

- Qərb ölkələri Rusiya Federasiyasının bütün vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişinə qadağa qoya bilər... Mən əvvəldən dedim ki, sərhədlərin bağlanmasını ən mühüm sanksiyalar hesab edirəm. Çünki onlar (ruslar-red.) yad əraziləri başqa ölkələrin əlindən alırlar. Yaxşı, qoy onlar öz fəlsəfələrini dəyişənə qədər öz aləmlərində yaşasınlar. Beləcə ölkələr sərhədlərini bağlayıb enerji resurslarına embarqo qoymalıdırlar. Şəxsən mənim fikrim odur ki, bütün digər variantlar daha zəif görünür. Enerji tədarükünə tam embarqo yoxdur, sərhədlər isə bağlanmayıb, - Zelenski deyib.

Zelenski istisnasız olaraq bütün rusları Rusiyaya qaytarmağa çağırıb.

- Nə olursa olsun Rusiya Federasiyasının vətəndaşlarıdırlar, müharibəni dəstəkləyənlər var, dəstəkləməyənlər də. Hansılar ki, övladları xaricdə oxuyur, məktəbdə, universitetlə və sairdə təhsil alırlar. Qoy Rusiyaya getsinlər. Burada dəhşətli bir şey yoxdur. Qoy qayıtsınlar, bu əbədi deyil, lütfən qayıtsınlar... Onda hər şeyi başa düşəcəklər, - prezident vurğulayıb.

Həmçinin, Zelenskinin fikrincə, ruslar Kremlin hərəkətlərinə təsir edə bilərlər.

Zelenski Rusiya vətəndaşlarına viza verilməsinə qadağa qoyulmasını Putinə birbaşa təsir etməyin yeganə yolu hesab edir.

- Bu, Putinə təsir etməyin yeganə yoludur. Çünki bu adamın öz həyatından qorxmasından başqa qorxusu yoxdur. Onun həyatı isə əhalisinin onu təhdid edib-etməməsindən asılıdır. Artıq onu heç nə təhdid etmir. Ona görə də əhalisi onun qərarlarına təzyiq edəndə nəticə olacaq və müharibə də bitəcək.Bunlar çox başa düşülən sanksiyalardır, çox sadədir. Söhbət nə puldan, nə qazdan, nə borulardan gedir, nə də almanların qışda istiliyi olmayacağından. Sadəcə bir il ərzində sərhədləri bağlayın və nəticəni görəcəksiniz, - Zelenski qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Ukrayna   Zelenski  





Xəbər lenti