Erməni mediası: "Rus notası ilə bıçaq sümüyə dirəndi"

      Erməni mediası:    "Rus notası ilə bıçaq sümüyə dirəndi"
  18 Avqust 2022    Oxunub:1710
Rusiyanın Ermənistandakı səfirliyinin İrəvana nota verməsi erməni cəmiyyətində hiddətə səbəb olub. Yerli mediada dərc edilən yazıların əksəriyyətində isə hüzn günlərində müttəfiqdən belə bir siyasi-diplomatik təzyiqin gəlməsi xalqın aşağılanması kimi qiymətləndirilir.
Məsələn ermənilərin məşhur "Hraparak" saytı Rusiya səfirliyinin məlum davranışını qınayan geniş yazı dərc edib. AzVision.az məqalədən maraqlı hissələri təqdim edir:

"Dünən Rusiyanın İrəvandakı səfirliyi görünməmiş addım ataraq Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdi. Qeyd edək ki, "Surmalu" hadisələrində dərhal sonra "Soros" dairələrinin və xüsusilə də “Sasna Tsrer” qruplaşmasının nümayəndələrinin Rusiya əleyhinə yazıları və bəyanatları yayıldı. Onlar məlum hadisənin Rusiya xüsusi xidmət orqanlarının işi olduğunu iddia ediblər. “Ruslar gedəndə onlar ya soyqırımı (1915), ya zəlzələ və Sumqayıt hadisəsi (1988), ya da "Surmalu" (2022) faciələri qoyub gedir. Bu fikirlər təsadüfdürmü? Hakimiyyətin təsiri altında olan Telegram kanallarında, xüsusən də "Bagramyan 26"da eyhamlı materiallar dərc olunub. Hakimiyyət nəzarəti altında fəaliyyət göstərən QHT və siyasi partiya sektorunun nümayəndələri rusların geosiyasi qarşıdurma, hibrid müharibə və s. ilə məşğul olduqlarını yazırlar.

"Böyük qardaş"ın notası İrəvanı qorxudacaqmı?
Qeyd edək ki, bir neçə gündür ki, dövlət və hökumət səviyyəsində müttəfiq dövlətin ünvanına səslənən kobud ittihamlara heç bir reaksiya verilməyib. Onların da mətbuatında susqunluq hökm sürür. Belə görünür ki, hakimiyyət bu prosesə şəxsən rəhbərlik etməsəydi, "sorosçular"ın dövriyyəyə buraxdığı versiya ilə razılaşmazdı. Axı bu, həm də həmin səlahiyyətlilərin dəsti-xəttidir - məsuliyyətdən yayınmaq üçün ictimai narazılığı süni şəkildə başqa subyektlərə yönəltmək", - məqalədə yazılıb.

Müəllif qeyd edir ki, Nikol Paşinyan hakimiyyətə gələndən bu cür "oynayır", hər şeydə günahkar kimi özünü və komandasını deyil, sələflərini, xalqı, Avropa və Rusiyanı görür. Paşinyan Rusiyaya bu prinsiplə yanaşdı, Moskvanı müttəfiq hesab edərək siyasi balanslaşdırma ilə məşğul oldu.

"Adının çəkilməsini istəməyən Xarici İşlər Nazirliyinin keçmiş yüksək rütbəli rəsmisi dünən bizimlə söhbətində dedi ki, "Surmalu" hadisəsi sadəcə bir bəhanədir, Moskva Ermənistan hökumətini etibarlı tərəfdaş hesab etmədiyinə dair siqnal göndərir. Rusiya ictimaiyyət üçün açıqlama, izahat tələb edir. Yəni aşkar deyir ki, "Bizə deyin, siz bizimləsiniz, yoxsa Qərblə?" . Keçmiş XİN rəsmisi onu da vurğuladı ki, bıçaq bir gün sümüyə dirənməli idi. Bəlkə də gec oldu amma bunun indi baş verdiyini sübut edə bilərik. Adətən, müttəfiq dövlətlər arasında belə məsələlər daha çox müzakirə formatında həll olunur. Bir qayda olaraq hər zaman açıq bəyanatlardan yayınılır. Lakin bu konkret bəyanat nəinki dərc olundu, həm də mətn kifayət qədər sərt söz ehtiyatına malik idi. Onlar geniş ictimai izahat da gözləyirlər. Keçmiş diplomat deyir ki, karyerasında belə halla rastlaşmayıb, bu cür arzuolunmaz söz ehtiyatları ilə zəngin notanın olmasını xatırlamır" , - Hraparaq yazıb.

Nəşr həmçinin qeyd edir ki, Rusiyanın sadə insanların ortaya versiya qoymasına nota ilə cavab verməsini Ermənistanın daxili işlərinə kobud müdaxilə, söz azadlığına mane olmaq kimi də dəyərləndirilə bilər.

"Dünən bəziləri bu notadan hiddətləndi, dedilər ki, insanların öz fikir və fərziyyələrini söyləmək hüququ var. Keçmiş yüksək rütbəli diplomat da qeyd etdi ki, bu cür hallarda hökumət göstərməlidir ki, bu, dövlətin mövqeyi deyil. Yəni burada söhbət müttəfiq dövlətdən gedir. Əks halda susmaq razılıq əlaməti sayılacaq. Əgər hakimiyyət ayağa qalxıb açıq şəkildə desə ki, bəli, bu, bizim dövlət siyasətimizdir, o zaman məlum bəyanat daxili işlərə müdaxilə sayılar. Dörd ildir manevr edirlər ki, bu cür olaylar dövlət siyasəti deyil, bunlar müxtəlif medianın mövqeyidir, anlaşılmaz teleqram kanallarıdır, şəxslərin fərdi fikridir və s. Amma daha dərindən araşdıranda görürsən ki, bütün bu sistemlə hökumətin birbaşa əlaqəsi var. Nəticə etibarı ilə bir gün səbr qədəhi dolub daşmalı idi və bu, ilk ciddi xəbərdarlıq oldu", - nəşr keçmiş XİN rəsmisindən sitat gətirib.

Xatırladaq ki, Ermənistan mediasında İrəvandakı “Surmalu” ticarət mərkəzindəki partlayışda “Moskva izi” barədə o qədər xəbər yayıldı ki, Rusiyanın bu ölkədəki səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərmək məcburiyyətində qaldı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Nota   Rusiya  





Xəbər lenti