Zaporojye AES-ə iki mərmi düşüb

   Zaporojye AES-ə iki mərmi düşüb
  30 Avqust 2022    Oxunub:1483
Ukrayna qoşunları Zaporojye Atom Elektrik Stansiyasının(ZAES) ərazisini iri çaplı artilleriyadan atəşə tutub. İşlənmiş yanacaq anbarı yaxınlığında iki mərmi partlayışı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə hazırda Rusiyanın nəzarəti altında olan Enerqodar rəsmiləri məlumat yayıblar.

Vurulan PUA AES-in damına düşüb
"Bu gün saat 06:50-də Ukrayna Silahlı Qüvvələri ZAES ərazisini və şəhərin sahil ərazilərini atəşə tutub. İri çaplı artilleriyadan istifadə olunub. Nəticədə işlənmiş yanacaq anbarı binasının yaxınlığında iki partlayış qeydə alınıb", - şəhər administrasiyasının Teleqram kanalı məlumat yayıb. Məlumatda o da qeyd edilib ki, hazırda atışlar davam edir.

Xatırladaq ki, rəsmi Kiyev ZAES-in tez-tez atəşə məruz qalmasına görə Rusiyanı ittiham edib. Ukrayna rəhbərliyi dəfələrlə Kremlin işğalda qalan məlum AES-də təxribatlar törətdiyini bəyan edib.

Qeyd edək ki, ZAES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, bloklarının sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasılarından biri sayılır. Moskva martın 4-dən ZAES-ə nəzarət edir. Rusiya hərbçiləri AES-in "peyk şəhəri" kimi tanınan Enerqodarı da zəbt ediblər.

Son zamanlar isə ZAES-in ərazisi bir neçə dəfə atəşə tutulub. Hətta bir sıra obyektlərə ziyan da dəyib. Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyindən məlum problemin, ümumilikdə münaqişənin həllində kömək istəyib.
Rusiya isə bu günlərdə Kiyevin ZAES-də böyük fəlakətə səbəb olacaq partlayışlar törətməyə hazırlaşdığını iddia etmişdi.

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi Rusiyanı öz qoşunlarını və şəxsi heyətini ZAES-dən dərhal çıxarmağa çağırıb. Həm Ukrayna, həm də Rusiya Federasiyası eyni vaxtda razııq əldə edərlərsə, BMT MAQATE missiyasının atom elektrik stansiyasına səfərini dəstəkləməyə hazırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti