Ermənilərin "baş taktiki" Bakının təlim siyasətini təriflədi

   Ermənilərin    "baş taktiki"    Bakının təlim siyasətini təriflədi
  01 Sentyabr 2022    Oxunub:1474
Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmi nümayəndəsi, 44 günlük müharibədə "taktiki geri çəkilmə etmişik" açıqlaması ilə gülüş hədəfinə çevrilmiş Artsrun Ovanisyan Azərbaycanın ilk dəfə "Vostok-2022" təliminə qatılmasını dəyərləndirib. Maraqlıdır ki, "Armtimes"a müsahibə verən keçmiş "baş taktik" Azərbaycan Ordusunun bu illər ərzində güclənməsini dilə gətirərək hərbçilərimizi tərif edib.
- Azərbaycan bu hərbi təlimlərdə ilk dəfədir iştirak edir. Bu cür təlimlər hər bir ölkənin ordusu üçün vacibdir. Çünki onlar böyük təcrübə qazanırlar. Güclü ordular ildə bir neçə dəfə təlim keçirən ordulardır. 44 günlük müharibədən əvvəl, 2015-ci ildən başlayaraq Azərbaycan ildə bir dəfə, daha sonra iki dəfə, 10 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı əməliyyat təlimləri keçirməyə başladı. Bu hərbi təlimlər Azərbaycan ordusunu sonradan Ermənistanla başlayan müharibədə döyüş hazırlığına gətirdi. Dövlət aparatı, silahlı qüvvələr, nəzarət sistemi, səfərbərlik proqramı, hər şeyi yoxlamalaq lazım idi, - Artsrun ordumuzun son illərdə güclü şəkildə qurulmasını etiraf edib.

Artsrun dediyini deyir: "Qaçmamışıq, taktiki geri çəkilmişik"
Hərbi ekspert Azərbaycanla Ermənistanın hərbi gücünü müqayisə edərək İrəvanın hələ də fil qulağında yatdığını etiraf edib.

- Ordunun daha güclü və döyüşə hazır olması üçün bütün imkanlardan istifadə etmək lazımdır. Hərbi təlimlər təşkil etməklə yanaşı, xaricdəki təlimlərdə, BMT missiyalarında da iştirak etmək gərəkir, dünyanın güclü dövlətləri ilə əlaqə saxlamaq, onların təcrübəsini öyrənmək və bu ölkələrdən ən vacib şeyləri götürmək lazımdır. Lakin prioritet tapşırıq ölkə daxilində təlimlər təşkil etməkdir və bu təlimlər tez-tez keçirilməlidir. 2020-ci il müharibəsindən sonra Ermənistanda irimiqyaslı hərbi təlimlər keçirilmədi, - Hovanisyan gileylənib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək “Vostok-2022” təlimlərini müşahidə edəcəklər. “Vostok-2022” təlimlərində 50 min nəfərdən çox hərbçi iştirak edəcək və təlimlər 2022-ci il sentyabrın 1-dən 7-dək Şərq Hərbi Dairəsinin yeddi poliqonunda keçiriləcək.

Bundan əlavə, manevrlərdə KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin operativ komanda-nəzarət qrupları, hərbi kontingentləri və müşahidəçiləri iştirak edəcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistandır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təlim   Azərbaycan  



Xəbər lenti