Cənubi Koreya “Google” və “Meta”nı cərimələdi

Cənubi Koreya “Google” və “Meta”nı cərimələdi
  14 Sentyabr 2022    Oxunub:751
Koreya Respublikası istifadəçilərin məxfilik hüquqlarını pozduğuna görə Google və Meta şirkətlərini 50 milyon və 22 milyon dollar məbləğində cərimələyib.
Müvafiq qərar çərşənbə günü Koreya Respublikasının Şəxsi Məlumatların Mühafizəsi Komissiyasının saytında qeyd olunub.

Məxfilik hüquqlarının pozulması riski yüksək olaraq qiymətləndirilib. Buna görə də, komissiya Google-a qarşı 69,2 milyard von (təxminən 50 milyon dollar), Meta-ya qarşı isə 30,8 milyard von (təxminən 22 milyon dollar) məbləğində cərimə təsdiqləyib. Bu qərarın səbəbi şirkətlərin qanunsuz şəkildə istifadəçilərin şəxsi məlumatlarını yığaraq reklamda və digər məqsədlərdə istifadə etmələri olub.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, şirkətlər üçüncü tərəf saytlar da daxil olmaqla, öz xidmətlərinin istifadəçilərinin davranışları və maraqları haqqında məlumatları toplayıb təhlil ediblər.

Səlahiyyətlilərin sözlərinə görə, Google və Meta bu hərəkətləri barədə açıq şəkildə xəbərdarlıq etməyib və istifadəçilərdən razılıq almayıblar. Komissiya korporasiyalara bu vəziyyəti düzəltməli olduqları ilə bağlı göstəriş verib.

Qeyd edək ki, Google informasiya yığımını 2016-cı ildən, Meta isə 2018-ci ildən başladıb. Bu məsələ ilə bağlı istintaq 2021-ci ilin fevral ayından başlayıb.

Google və Meta verilən bu qərara təəssüfləndiklərini bildiriblər. Google şikayət etmək niyyətində olduğunu, Meta isə mümkün variantlarını nəzərdən keçirəcəyini bildirib.

Şəms Şahinli
AzVision.az


Teqlər:



Xəbər lenti