AzVision.az xəbər verir ki, bunu rusiyalı iş adamı, "Taşir" şirkətinin rəhbəri Samvel Karapetyan səsləndirib. O, xalqa çağırış edərək deyib ki, belə kritik riskləri qiymətləndirmək və Ermənistan-Rusiya münasibətləri ilə bağlı gələcək düşmənçilik ritorikasının qarşısını almaq vacibdir.
"Ermənistanda vəziyyətin sabitləşməsinə populist bəyanatlar deyil, əsasında Rusiya amili olan real geosiyasi müttəfiqlər, dövlətin möhkəmlənməsinə yönəlmiş sistemli iş kömək edə bilər. Bu gün çoxları Ermənistanda vəziyyətin dəyişməsi, sabitliyinin pozulmasından faydalanmaq istəyir. Lakin biz öz siyasi əqidəmizdə möhkəm olmalıyıq. Son illər Rusiya ilə Ermənistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi-texniki, iqtisadi, mədəni və sosial sahələrdə sabit tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi faktlarını nəzərdən qaçırmaq mümkün deyil.
Bu gün Rusiyada tarixi vətənləri ilə sıx bağlı olan bir neçə milyon erməni yaşayır. Tələsik səsləndirilən bəyanatlara qarşı diqqətli olmalısınız. Hansı ki, belə fikirlər iki müttəfiq dövlət arasında yalnız uçurum yaratmaq məqsədi ilə səsləndirilir. Bu gün Ermənistana sülh lazımdır. Ona görə də mən Moskvaya qarşı düşmənçilik ritorikasının dayandırılmasını və Rusiyadakı erməni icmalarının qüvvələrinin Ermənistan ətrafında birləşməsini son dərəcə vacib hesab edirəm", - erməni əsilli rus iş adamı deyib.
Tural Tağıyev
AzVision.az