Çevriliş xəbərləri Si Cinpinə qarşı informasiya müharibəsi idi

   Çevriliş xəbərləri Si Cinpinə qarşı    informasiya müharibəsi    idi
  26 Sentyabr 2022    Oxunub:961
Çində hakimiyyət çevrilişi haqqında sosial şəbəkələrdə müxtəlif xəbərlər yayıldı. Məlum oldu ki, bu xəbərləri Qərb ölkələrində siyasi sığınacaq alan çinli dissidentlər yayıblar. Çin lideri Si Cinpinin ev dustaqlığına alınması barədə xəbərlər təsdiq olunmadı. Buna baxmayaraq, bu tip xəbərlərin yayılması rəqiblərinin Si Cinpinə qarşı informasiya müharibəsinin tərkib hissəsi sayıla bilər.
Məsələni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu Çin Kommunist Partiyasının növbəti qurultayının oktyabrın 16-da keçiriləcəyini xatırladıb. “New York Times” dərgisinin yazdığına görə, qurultayda böyük dəyişikliklər gözlənilmir.

- Çin Kommunist Partiyasının qurultayı hər beş ildən bir keçirilir. Qurultay ölkənin sabit inkişafı və hakimiyyətin davamlılığına səs verəcək. Ölkənin hazırki lideri Si Cinpin üçüncü dəfə baş katib seçiləcək. Halbuki, Si Cinpindən əvvəlki rəhbərlər partiyaya 2 dəfədən çox rəhbərlik etməyin əleyhinə idilər. Buna baxmayaraq, baş nazirin dəyişdiriləcəyi gözlənilir.

Partiyanın Mərkəzi Komitəsinin qurultaydan əvvəl oktyabrın 9-da plenumu keçiriləcək. Adətən qurultaylar arasındakı 5 il müddətində Mərkəzi Komitənin 7 plenumu keçirilir. Plenumda Si Cinpin Mərkəzi Komitə üzvləri qarşısında çıxış edəcək, qurultay məruzəsinin əsas tezislərini səsləndirəcək. Plenum Mao Tsedunun ideyalarına, Den Syaopinin inkişaf nəzəriyyəsinə və Si Cinpinin inkişaf platformasına sadiq qalacağını təsdiq edəcək. Qurultaylarda tənqidə yer yoxdur. Ona görə də kiminsə hansısa tezisə iradı varsa, bu plenumda səslənməlidir. Ancaq Mərkəzi Komitə üzvlərindən kiminsə Si Cinpinin daxili, xarici və təhlükəsizlik siyasətinə qarşı çıxış edəcəyi proqnozlaşdırılmır. Halbuki, Çinin bəzi oliqarxları Pekinin ABŞ-la qarşıdurmasının yanlış olduğunu düşünür, bunun onların kapitallarına və investisiyalarına mənfi təsir etdiyi qənaətindədirlər, - politoloq deyib.

Ekspert qeyd edib ki, Çin Kommunist Partiyası yeniliklərə etibar etmir. Pekin SSRİ-nin taleyini yaşamaqdan çəkinir.

- Çin Kommunist Partiyasının rəhbərliyində indi də belə hesab edirlər ki, SSRİ-də yeniqənqurma illərində tənqidlərin səslənməsinə imkan verilməsi ölkənin dağılmasına səbəb oldu. Si Cinpin SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun “səhvini” təkrarlamaq istəmir. Çin ciddi çağırışlarla üz-üzədir. Pekinin Tayvan adasına görə Vaşinqtonla münasibətləri gərgindir, qonşuları Hindistan, Vyetnam, Yaponiya və Avstraliya Çinin artan hərbi gücündən narahatdırlar və bölgədə silahlanma prosesi geniş vüsət alıb. Buna baxmayaraq, Çin Kommunist Partiyasının qurultayında xüsusi olaraq başqa dövlətlərin adının çəkiləcəyi ehtimal edilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin  



Xəbər lenti