“Beyin mərkəzləri gələcəyin formalaşmasına təsir göstərirlər” – Səadət Yusifova

O bildirib ki, qloballaşma və müasir texnologiyaların sürətli inkişafı nəticəsində dünyanın “kiçilməsi”, informasiyaya dövlət inhisarının aradan qalxması yeni qeyri-dövlət aktorlarının, o cümlədən də beyin mərkəzlərinin rolunu əhəmiyyətli dərəcədə artırır. Beyin mərkəzləri dövlətin “gələcəyin idarə edilməsi” strategiyasının tərkib hissəsi olmaqla, həm də dövlət idarəçilik sisteminin aparıcı komponentinə çevrilirlər. Onlar dövlətin daxili və xarici siyasət metodlarını, simmetrik və assimetrik çağırışlara qarşı mübarizə üsullarını, beynəlxalq səviyyədə milli maraqların təmin edilməsi siyasətini işləyib hazırlayır, gələcəyi proqnozlaşdırmağa çalışırlar.
Beyin mərkəzləri akademik dairələrlə hakimiyyət, hökümətlə vətəndaş cəmiyyəti arasında vasitəçi rolunu oynayır. Bu dövlət orqanları ilə elmin sıx əməkdaşlığına, dövlət siyasətinə töhfə verməyə, qlobal proseslərə strateji baxış formalaşdırmağa imkan yaradır, daha effektiv, düşünülmüş siyasət yürütməyə, milli maraqların təmin edilməsi ilə bağlı elmi-əsaslandırılmış qərarların qəbul edilməsinə yardım edir.
Səadət Yusifova vurğulayıb ki, beyin mərkəzləri gələcəyi proqnozlaşdırmaqla müəyyən mənada onun formalaşmasına təsir göstərirlər. Belə ki, beyin mərkəzləri proqnozları verməklə və gələcəyin mümkün ssenarilərini hazırlamaqla, hadisələrin mümkün inkişafına hazırlaşmaqla və preventiv mexanizmləri tətbiq etməklə, qaçılmaz olaraq bu proseslərin kortəbii inkişaf istiqamətini və mümkün nəticələrini dəyişir. Bu gün beyin mərkəzləri nəinki dövlət daxili, həm də qlobal sosial-siyasi oyunçulara çevrilir.
AzVision.az
Teqlər: Beyin-mərkəzləri