Ərdoğan Putinlə danışıb

 Ərdoğan Putinlə danışıb
  29 Sentyabr 2022    Oxunub:905
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, iki ölkə liderləri Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Prezident Ərdoğan görüşdə uzun müddətdir üzərində işlədikləri əsir mübadiləsinin uğurla başa çatmasından və BMT-nin dəstəyi ilə əldə edilən İstanbul razılaşmasının fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib.

Noyabrda başa çatan taxıl ixracı mexanizminin uzadılmasının ümumi maraqlara uyğun olduğunu xatırladan prezident Ərdoğan Rusiya gübrələri və taxıl məhsullarının fasiləsiz ixracı məsələsi üzərində işləri davam etdirdiklərini bildirib.

Prezident Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu bildirib.

O, xüsusilə Ukraynanın bəzi bölgələrinin Rusiyaya birləşdirilməsi məsələsində bu prosesi asanlaşdırmaq üçün Rusiyadan müsbət addımların gözlənildiyini vurğulayıb.

Rusiya prezidenti Putini danışıqlara bir daha şans verməyə çağıran prezident Ərdoğan Türkiyənin bu prosesdə yardımçı rol oynamağa hazır olduğunu bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti