Kremlin nüvə zərbəsi ssenariləri - NATO -nun cavabı necə olacaq

  Kremlin nüvə zərbəsi ssenariləri  - NATO -nun cavabı necə olacaq
  01 Oktyabr 2022    Oxunub:1036
Son günlər dünya mediasında nüvə müharibəsinin başlağayacağı ilə bağlı silsilə yazılar dərc edilir, Rusiya prezidenti Vladimir Putinin bəşəriyyəti bu silahla təhdid etməsinin təhlükələri araşdırılır. Elə analitiklər də KİV-in yazdıqlarının indi daha çox real göründüyünü deyirlər.
Məsələn, Müharibə Araşdırmaları İnstitutu (ISW) belə hesab edir ki, Moskvanın Ukraynaya nüvə hücumuyla bağlı 2 ssenari var.

ISW-nin son hesabatında qeyd edilir ki, prezident Vladimir Putin Rusiyanın mövqeyini sabitləşdirmək və növbəti hücum üçün öz qüvvələrini bərpa etməkdən ötrü vaxt qazanmağa çalışır. O, məhz bu məqsədlə Ukrayna ərazilərini qeyri-qanuni ilhaq etməyə tələsirdi.

"Ukraynanın dörd vilayətinin qanunsuz ilhaqı o demək deyil ki, Putin daha kiçik bir məqsəd üçün Ukrayna dövlətini məhv etmək kimi açıq şəkildə bəyan etdiyi məqsədindən əl çəkib. Əgər ilhaq münaqişəni yeni cəbhə xətləri boyunca sabitləşdirsə, Kreml öz gücünü bərpa edə və yaxın illərdə Ukraynanı işğal əməliyyatlarını bərpa edə bilər. Lakin bu halda o daha güclü və ərazi üstünlüyü mövqeyindən çıxış edə bilər", - hesabatda yazılıb.

Eyni zamanda, analitiklər Putinin sentyabrın 30-dakı çıxışında Kiyevin əks-hücumunun davam edəcəyi təqdirdə Rusiyanın Ukraynaya qarşı dərhal nüvə silahından istifadə etmək niyyətində olmasına dair heç bir əlamət görməyiblər.

Rusiya nüvə zərbəsi üçün hədəfləri seçib – Britaniya kəşfiyyatı
Rusiya prezidenti artıq heç bir "qırmızı xətt" müəyyən etməyib. Üstəlik, bu müharibə zamanı Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəd bölgələrindəki hərbi obyektlərə zərbələr endirməklə Kremlin əvvəllər elan etdiyi “xəttləri” dəfələrlə “pozub”.

Putin hazırkı cəbhə xəttində münaqişəni dondurmaq və Rusiya qüvvələrini bərpa etmək üçün Rusiyanın səfərbərliyinə vaxt vermək istəyir.

Həmçinin Müharibə Araşdırmaları İnstitutu hesabatında onu da açıqlayıb ki, onlar Rusiyanın nüvə silahından nə vaxt istifadə edə biləcəyini proqnozlaşdıra bilməzlə. Çünki bu, yalnız Putinin “şəxsi qərarı” olacaq.

Kreml nüvə silahından istifadə ilə hədələmək əvəzinə, qismən səfərbərlik və qışda enerji təzyiqi yolu ilə öz məqsədlərinə nail olmağa çalışacaq.

Bununla belə, Putin cəbhəni sabitləşdirməyə və hazırlıqsız yeni əsgərlərlə münaqişəni dondurmağa nail olmayacaq.

Hesabatda qeyd olunur ki, hətta Rusiya lideri Ukraynanı nüvə silahı ilə vurmağa, məsələn, bir və ya bir neçə şəhərə, yaxud da mühüm infrastruktura hücum etməyə cəhd etsə, bu, Kiyevi, həm də Qərbi təslim olmağa məcbur etməyəcək, əksinə, “böyük avantüra” olacaq.

Təhlilçilər deyirlər ki, Putinin taktiki nüvə silahından istifadə etmək üçün iki əsas variantı var. Bunlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu iflic etmək üçün əsas yerüstü rabitə xətlərinə və komanda məntəqələrinə zərbələr endirmək və yaxud təmas xətti yaxınlığında Ukrayna qüvvələrinin böyük cəmləşmə nöqtələrini vurmaqdır. Bununla belə, “bir nüvə silahı bu hədəflərin heç birinə qarşı həlledici olmayacaq”.

Putin əhəmiyyətli nəticələr əldə etmək və Ukraynanın əks-hücum əməliyyatlarını sarsıtmaq üçün bu ölkənin ərazisində bir neçə taktiki nüvə silahından istifadə etməli olacaq. Nüvə silahından istifadənin miqyası çox güman ki, Qərbin cavab zərbəsi riskini artıracaq. Bu isə öz növbəsində potensial itkilərin sayını yüksəldəcək.

Beləliklə, analitiklər vurğulayırlar ki, Rusiyanın nüvə silahından istifadəsi Putinin çatmaq istədiyi hərbi məqsədlərə nail olduğunu göstərmək üçün böyük oyun olacaq.

Rusiyanın nüvə silahını işə salması ən yaxşı halda cəbhə xəttini indiki sərhədlər daxilində dondursa da, Moskvanın bütün Ukraynanı ələ keçirməsinə mane olacaq.

Bundan əlavə, ehtimal edilir ki, NATO Kreml Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə Rusiyanın mövqelərinə adi zərbələrlə cavab verəcək. Hər şey isə analitiklərin dediyi kimi yalnız Putinin şəxsi qərarlarından asılıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Nüvə   NATO   İlhaq   Səfərbərlik   Putin  





Xəbər lenti