Azərbaycan sülh müqaviləsinin elementlərini Ermənistana təqdim edib - YENİLƏNİB

 Azərbaycan sülh müqaviləsinin elementlərini Ermənistana təqdim edib -  YENİLƏNİB
  03 Oktyabr 2022    Oxunub:1148
Cenevrədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzVision.az-a bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov İsveçrə tərəfinə Ermənistan xarici işlər naziri ilə görüşə ev sahibliyi etdiklərinə görə minnətdarlıq bildirib.

Nazir görüşün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. Səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu qeyd edilib.

Bununla yanaşı, normallaşma prosesində mövcud çətinliklər, delimitasiya və kommunikasiya xəttlərinin açılması məsələləri, habelə Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsi barədə qarşı tərəf məlumatlandırılıb.

Dövlət katibi Livia Leu bölgədə normallaşma prosesinin davam etməsinin, hərbi toqquşmalardan çəkinməyin vacib olduğunu bildirib. İsveçrə tərəfinin neytrallıq prinsiplərinə əsaslanaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə daim hazır olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, gələcək danışıqların perspektivləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

****
Cenevrədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin dövlət katibi Livia Leu ilə görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "Twitter" hesabında bildirib. Azərbaycanlı nazir isveçrəli həmkarını oktyabrın 2-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüş barədə məlumatlandırıb.

"Mən İsveçrəyə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm. Ümid edirik ki, bu görüş regionumuzda sülhə təkan verəcək".

AzVision.az


Teqlər:





Xəbər lenti