Özbəkistanda kimya zavodunda partlayış baş verib

   Özbəkistanda kimya zavodunda partlayış baş verib
  04 Oktyabr 2022    Oxunub:752
Özbəkistanın Daşkənd vilayətinin Çirçik şəhərində kimya zavodunda yanğın, daha sonra isə partlayış baş verib. Bu barədə Daşkənd vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Çərşənbə axşamı səhər saat 8:30 radələrində Daşkənd vilayətinin Çirçik şəhərində yerləşən “Maxam-Chirchiq” müəssisəsinin 5 saylı zavodunun sintez sexində yanğın baş verib. Yanğın partlayışla nəticələnib”, - məlumatda deyilir.

Qeyd olunur ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikası işləyir, yanğının lokallaşdırılması və aradan qaldırılması istiqamətində tədbirlər görülür. Partlayış nəticəsində iki işçi yaralanıb.

“Maxam-Chirchiq”kimya zavodu Özbəkistanda mineral gübrələr və kimya məhsulları istehsal edən ən iri müəssisələrdən biridir.

Mərkəzi Asiyanın ən qədim azot zavodlarından birinin bazasında yaradılan müəssisədə hazırda 40-dan çox adda məhsul, o cümlədən karbamid, ammonium nitrat, ammonium sulfat, kalium sulfat, dənəvər azot-kükürd gübrəsi və geniş istifadə olunan digər məhsullar istehsal olunur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti