Maraqlıdır ki, dünən separatçıların rəhbəri olan Arayik Arutyunyan rəsmi dairələrlə görüşmək üçün Ermənistana getdiyini bəyan etdi. Ermənistan rəhbərliyi nəzərdə tutulandan bir gün sonra iclas çağıra bilərdi ki, Vətən müharibəsindən sonra ortalıqda qalan keçmiş qondarma rejimin rəhbəri də burada iştirak etsin. Çünki işğal dönəmində Arutyunyan az qala İrəvandakı məmurların toy məclislərinə də dəvət olunurdu.
Elə "Hraparak" nəşri də bu maraqlı və təəccüb doğuran detala diqqət çəkib. Nəşr iddia edir ki, artıq Nikol Paşinyan da Arayik Arutyunyandan bezib və onu siyasi arenadan uzaqlaşdırmağa çalışır.
"Bir il əvvəl ali şuranın iclaslarında təkcə Arayik deyil, həm də Vitali Balasanyan, bəzən başqa "rəsmi" şəxslər də iştirak edirdi. Əslində Paşinyan Bakını inandırmağa çalışır ki, Qarabağ mövzusu Ermənistan üçün qapadılıb. O da mümkün variant sayılmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan rəhbərliyini təkcə Xankəndinə getməməsi tələbini ortaya qoymayıb. Azərbaycan həm də Xankəndidəki "rəsmilərin" qəbulunu, birgə görüşlərin keçirilməsi barədə birbaşa tələb də irəli sürüb", - nəşr artıq Bakının İrəvanın siyasətini müəyyənləşdirdiyini iddia edib.
Müəllif həmçinin yazıb ki, Nikol Paşinyan Xankəndidəki qondarma hökuməti də devirməyə, Arutyunyanı istefaya məcbur etməyə çalışır. O çalışır ki, burada bir daha "prezident" seçmək mümkün olmasın, "dövlət strukturları" iflic vəziyyətinə düşsün və Xankəndi başsız bədənə çevrilsin. Təsadüfi deyil ki, ötən gün Xankəndidə baş verən aksiyaların təşkilatçılarından biri də Ermənistan hakimiyyəti ilə əlaqələri olan Tiqran Petrosyan olub.
Tural Tağıyev
AzVision.az