Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşüb - YENİLƏNİB
Görüşdə, eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib. Delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsi nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu bildirilib.
Nazir Üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən bəyanatların icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Astanada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi özünün tviter hesabında paylaşım edib.
Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, nazirlər üçtərəfli bəyanatların bütün müddəalarına əməl etməyə, onun şərtlərinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrup vasitəsilə həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Görüşdə həmçinin Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işi və ölkələr arasında sülh müqaviləsi kontekstində aparılan danışıqlar prosesi müzakirə olunub. Tərəflər yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
***
Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşü başlayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında məlumat verib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


