Laboratoriyada yetişdirilən beyin hüceyrələri kompüter oyunu oynayır

  Laboratoriyada yetişdirilən beyin hüceyrələri kompüter oyunu oynayır
  14 Oktyabr 2022    Oxunub:1119
İnsan beyninin sirrini açmaq, şüuru qavramaq və onun potensialını araşdırmaq üçün bir çox maraqlı tədqiqatlar aparılır. Son illərdə süni intellekt ön plana çıxsa da, canlı beyin hüceyrələrinin texnologiya ilə birləşdirilməsi araşdırmaları fərqli bir istiqamətə yönəldib.
Elm adamları həm insan, həm də siçan embrionundan götürülmüş kök hüceyrələrdən laboratoriyada yüz minlərlə beyin hüceyrəsi yetişdiriblər. Elektrodlara qoşulan və hiss etmə qabiliyyətinə malik olan bu mini beyinə klassik kompüter oyunları arasında yer alan Pong oyunu öyrədilib. Mini beyin cəmi beş dəqiqə ərzində oyunu öyrənib.

Mütəxəssislər "mini beyin"in ətraf mühiti hiss edə və reaksiya verə biləcəyini söyləyirlər.

"Neuron" jurnalına yazan "Cortical Labs" şirkətindən Dr. Brett Kaqan laboratoriyada yetişdirilən ilk "hiss edilə bilən" beyin yaratdığını iddia edib.

Digər ekspertlər işi "həyəcanlı" hesab etsələr də, beyin hüceyrələrini "hiss edə bilməsi" barədə danışmağın tez olduğunu qeyd ediblər.

Kagan bildirib ki, bu orqanizm kənar mənbədən məlumat ala, həmin məlumatları emal edə və real vaxt rejimində reaksiya verə bilər.

Mini beyinlər ilk dəfə 2013-cü ildə mikrosefaliya genetik xəstəliyini öyrənmək üçün istehsal edilib və o vaxtdan bəri beyin inkişafı araşdırmalarında istifadə olunur.

Ancaq bu araşdırmada ilk dəfə olaraq kompüter oyunu kimi xarici bir stimula qoşularaq qarşılıqlı əlaqə qurulub. Tədqiqat qrupu siçan embrionunun kök hüceyrələrindən 800.000 beyin hüceyrəsi yetişdirib. Onlar mini beyni, oyunda topun hansı tərəfdə olduğunu və alt çubuqdan nə qədər uzaq olduğunu ötürən elektrodlara birləşdiriblər. Buna cavab olaraq beyin hüceyrələri də öz fəaliyyətlərinə başlayıblar.

Lakin tədqiqatçılar mini beynin şüuru olmadığı üçün insan kimi Pong oynadığından xəbərsiz olduğunu vurğulayıblar.

Alim bu texnologiyanın nəhayət Alzeymir kimi neyrodegenerativ xəstəliklərin müalicələrini sınaqdan keçirmək üçün istifadə olunacağına ümid etdiyini söyləyib.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti