Pekin hansı “strateji səhvi” təkrarlamaq istəmir?

   Pekin hansı  “strateji səhvi”  təkrarlamaq istəmir?
  14 Oktyabr 2022    Oxunub:986
Bazar günü Pekində Çin Kommunist Partiyasının qurultayı keçiriləcək. Qurultaya hazırlaşan partiyanın sədri və ölkənin lideri Si Cinpinin Çinin gələcək inkişafı ilə bağlı məqaləsi yayımlanıb. Si Cinpinin fikrincə, ölkəsi dünya liderləri sırasında yerini möhkəmlətməlidir.
Kommunizmin qurulması ideyasından imtina etməyən Si Cinpin SSRİ-nin acı taleyini yaşamamaq üçün məqaləsində partiya yoldaşlarını strateji səhvlər buraxmamağı tövsiyyə edib.

Görəsən Si Sinpin “strateji səhv” dedikdə nəyi nəzərdə tutub?

Məsələni - a şərh edən politoloq Elxan Şahinoğlu xatırladıb ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov hakimiyyətə gəldiyi 1985-ci ildə islahatlara başladı. Ancaq uzun illər qapalı ölkənin və qapalı rejimin başlatdığı islahatlar imperiyanın dağılmasını sürətləndirdi. Qorbaçovun hakimiyyətə gəlişinin 6-cı ilində SSRİ dağıldı.

- Ona görə də Si Cinpin “strateji səhv” dedikdə SSRİ-dəki islahatları nəzərdə tutub. Yəni kommunist lider hesab edir ki, Çin siyasi islahatlara başlasa, fikir müxtəlifliyinə şərait yaratsa ölkənin SSRİ kimi dağılması labüd olacaq. Si Cinpinin məntiqinə görə, Kommunist Partiyası ölkəni doğru istiqamətdə inkişaf etdirir və nəyisə dəyişməyə ehtiyac yoxdur. Siyasi sistem olduğu kimi qalmalıdır. Si Cinpin məqaləsində ABŞ-la qarşıdurmadan, Tayvan böhranından da söz açıb. Çin lideri ölkəsinin xarici və təhlükəsizlik siyasətində prinsipal mövqeyindən geri çəkilməyəcəyini bir daha vurğulayıb. Bu o deməkdir ki, Pekin Tayvana nəzarət siyasətindən imtina etməyəcək və ABŞ-la gərginlik davam edəcək, - ekspert deyib.

Politoloqun sözlərinə görə, Si Cinpin Çin Kommunist Partiyasının 16 oktyabr qurultayında üçüncü dəfə partiyanın sədri seçilmək istəyir. Onun yazdığı məqalə bu məqsədə xidmət edir.

- Ancaq bu gedişat partiya sıralarında heç də hamının ürəyincə deyil. Çünki bir qrup kommunist hesab edir ki, Si Cinpin 1980-ci illərdən qoyulan ənənəni pozur. Bu ənənəyə görə bir şəxs partiyada iki dəfədən çox sədr seçilməməlidir. Bundan başqa illərdir artım göstərən Çin iqtisadiyyatında ciddi problemlər müşahidə edilir. Ümumdünya Bankının hesabatına görə Çin iqtisadiyyatı bu il cəmi 2.8 faiz artım göstərə bilər. Halbuki, Çin hakimiyyəti 5.5 artıma çatacaqlarına ümid edirdilər. Bir qrup kommunist iqtisadiyyatdakı geriliməni Si Cinpinin yanlış idarəetməsi ilə əsaslandırır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin   Kommunizm  





Xəbər lenti