Si Cinpin 3-cü dəfə Çin Kommunist Partiyasının baş katibi seçildi

   Si Cinpin 3-cü dəfə Çin Kommunist Partiyasının baş katibi seçildi
  23 Oktyabr 2022    Oxunub:703
Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayında partiyanın yeni formalaşmış 205 nəfərlik Mərkəzi Komitəsinin oktyabrın 23-də keçirilmiş ilk plenumunda ÇKP-nin Mərkəzi Komitəsinin hazırki baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən Mərkəzi Komitənin baş katibi seçilib.
AzVision.az xəbər verir ki, Si Cinpin Çin kommunist inqilabının lideri Mao Cedondan sonra 3-cü dəfə partiyanın rəhbəri seçilən ilk şəxsdir. ÇKP-nin Mərkəzi Komitəsinin baş katibi seçilən şəxs Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının növbəti illik iclasında (adətən mart ayının əvvəlində keçirilir) Çin Xalq Respublikasının sədri vəzifəsinə yeganə namizəd olur. 2018-ci ildə ölkə konstitusiyasına edilmiş dəyişiklik bir nəfərin 2 dəfədən çox ÇXR sədri seçilməsinə olan məhdudiyyəti aradan qaldırıb.

İlk plenumda Mərkəzi Komitənin 25 nəfərlik Siyasi Bürosunun, Siyasi Büronun 7 nəfərlik Daimi Komitəsinin yeni tərkibi müəyyən olub. Si Cinpin həm də Siyasi Büronun Daimi Komitəsinin 7 üzvündən biri seçilib. Qanunverici orqanın illik iclasında növbəti 5 il müddətinə ÇXR Sədrindən başqa, Dövlət Şurasının sədri (Baş nazir), ali qanunverici orqan olan Xalq Nümayəndələri Yığıncağının sədri, məşvərətçi orqan olan Xalq Siyasi Məşvərət Şurasının sədri, baş nazirin birinci müavini və digər rəhbəri vəzifələr məhz Siyasi Büronun Daimi Komitəsinin üzvləri arasından müəyyən olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti