Meksika mətbuatında Ermənistanın təxribatları işıqlandırılıb

Meksika mətbuatında Ermənistanın təxribatları işıqlandırılıb
  04 Noyabr 2022    Oxunub:655
Meksikanın ən çox oxunan və nüfuzlu mətbu orqanı “Reforma” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə bağlı müsahibəsi dərc olunub.
Azərbaycanın Meksikadaki səfirliyindən AzVision.az -a verilən məlumata görə, müsahibədə, ölkəmizin BMT TŞ qətnamələrinə uyğun olaraq öz ərazilərini Ermənistan işğalından azad etdiyinə, habelə 2020-ci ilin noyabr ayında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistanın cinayətkar əməllərini davam etdirdiyi və cari ilin sentyabr ayının 12-si gecə saatlarında bu ölkənin silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutduğu, həmçinin həmin mövqelərin arasındakı əraziləri minaladığı barədə məlumat verilib.

Ermənistan tərəfindən törədilən təxribatın qarşısının alınması məqsədilə, Azərbaycan Ordusu tərəfindən cavab tədbirlərinin görüldüyünü bildirən səfir, bu təxribatın qarşısının alınması zamanı 70-dən çox hərbçimizin şəhid olduğunu qeyd edib.

Məqalədə həmçinin, 2020-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi qeyd olunub, Ermənistanın sözügedən bəyanata zidd olaraq, özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı və həmin əraziləri minalamağa davam etdiyi bildirilib. Həmçinin, Ermənistanla münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizinin qurulması üçün Azərbaycan tərəfindən müvafiq addımların atıldığı, lakin Ermənistanın müxtəlif bəhanələrlə bu prosesi gecikdirdiyi qeyd olunub.

Səfir həmçinin, Azərbaycanın hazırda Avropa üçün çox vacib tərəfdaş olduğunu, bu xüsusda qısa zaman öncə Avropa İttifaqı ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.

Müsahibədə keçmiş münaqişə zamanı Meksikanın daima beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi qeyd olunub və Meksikanın bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqe və həmrəyliyin Azərbaycan Hökuməti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti