Quş qripi epidemiyası narahatlığı: Virus sürətlə yayılır

   Quş qripi epidemiyası narahatlığı:    Virus sürətlə yayılır
  11 Noyabr 2022    Oxunub:1603
Dünya miqyasında epidemiyaya çevrilən quş qripinin çöl quşları arasında sürətlə yayılması narahatlıq doğurub.
Son olaraq, Fransa "yüksək risk" səbəbindən ölkə daxilində quşçuluq təsərrüfatlarında məcburi karantin tətbiq edib. Avropa Birliyinin ikinci ən böyük toyuq istehsalçısı olan Fransa Kənd Təsərrüfatı Nazirliyi ev quşları və çöl quşları arasında yoluxma hallarının artmaqda davam etdiyini açıqlayıb. Avqustun 1-dən noyabrın 8-dək 49 ölkədə 22 milyon heyvan öldürülüb.

Oxşar mənzərə bütün Avropa İttifaqında (Aİ) hökm sürür. Aİ tarixində ən ağır quş qripi böhranı bu il yaşanıb və region təsərrüfatlarlnda saxlanılan 50 milyondan çox quş öldürülüb.

Quş qripi adətən yaz və payız fəsillərində müşahidə edilir. Bununla belə, sonuncu epidemiya yay mövsümü boyu davam edib. Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) ötən ay verdiyi açıqlamada xəstəliyin yay mövsümündə davam etməsinin gələcək mövsümlərdə yayılma riskini artırdığını vurğulayıb.

Oktyabr ayında EFSA, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) və Avropa İttifaqının Quş Qripi üçün Referans Laboratoriyası tərəfindən hazırlanmış hesabatda Böyük Britaniyada 161 yüksək patogenli quş qripi (HPAI) hadisəsinin aşkar edildiyi müəyyən edilib və 3,2 milyon ev və çöl quşunun öldürüldüyünü bildirib. Məlumata görə, virus Avropanın 37 ölkəsini əhatə edib.

Cənubi Afrikada nəsli kəsilməkdə olan pinqvin koloniyasında avqustun ortalarından oktyabrın əvvəlinə qədər davam edən quş qripi səbəbindən 30-a yaxın heyvan ölüb.

Epidemiya Asiyada da yayılır. Cənubi Koreyada ötən həftə 155 min quşun yetişdirildiyi Seul yaxınlığındakı fermada quş qripinə rast gəlindiyi bildirilib.

Bölgənin karantinə alındığı və bütün heyvanların tələf olunacağı açıqlanıb.

Quş qripi təxminən bir əsrdir ki, yalnız quşçuluq təsərrüfatlarında saxlanılan heyvanlara təsir göstərir.

Xəstəliyin yüksək patogen H5N1 ştammı 1996-cı ildə Asiyada yetişdirilən qazlarda yaranıb və 2000-ci illərin əvvəllərində Avropa və Afrikada saxlanılan ev quşlarına yayılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti