Conson ABŞ-dakı çıxışına görə 329 min dollar aldı

   Conson ABŞ-dakı çıxışına görə 329 min dollar aldı
  18 Noyabr 2022    Oxunub:648
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson oktyabrda ABŞ-da sığorta agentləri qarşısında etdiyi çıxışa görə 276 min funt sterlinq (329 min dollar) qazanıb. Bu barədə cümə günü The Guardian məlumat yayıb.
Bildirilib ki, belə bir ödənişin qarşılığında keçmiş baş nazir oktyabrın 11-dən 14-dək ABŞ-da olan Kolorado Sprinqsdə Sığorta Agentləri və Brokerləri Şurasının konfransında çıxış edib, daha sonra qeyri-rəsmi görüşdə iştirak edib.

Təyyarə biletləri və Cohsonun ABŞ-da yaşayış xərcləri 11,5 min funt sterlinq (təxminən 13,7 min dollar) edib və onu amerikalı iş adamı Rupert Myordok ödəyib.

2019-cu ildə Conson xarici işlər naziri postunu tərk etdikdən sonra (2016-2019) Hindistanda etdiyi çıxışa görə 122,900 funt sterlinq (146,000 dollar) alıb. Bundan əvvəl o, The Daily Telegraph qəzetinin köşə yazarı kimi hər il 275.000 funt sterlinq (328.500 dollar) qazanırdı.

Conson natiqlikdən böyük pul qazanan ilk siyasətçi deyil. Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyr, keçmiş ABŞ prezidentləri Bill Klinton və Barak Obama çıxışları, məruzələri və mühazirələrinə görə dəfələrlə bir neçə yüz min dollara qədər rüsum alıblar.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:



Xəbər lenti