CNN: İranda etirazlarda saxlanılanlar cinsi təcavüzə məruz qalıb

      CNN:    İranda etirazlarda   saxlanılanlar cinsi təcavüzə məruz qalıb
  23 Noyabr 2022    Oxunub:1547
İranda etirazlar zamanı saxlanılan kişi və qadınlar yerli həbsxanalarda cinsi zorakılığa və işgəncələrə məruz qalıblar. Bu barədə zərərçəkənlərin və hadisə şahidlərinin ifadələrinə istinadən CNN məlumat yayıb.
Qeyd olunur ki, məhbuslara qarşı cinsi zorakılıq halları ilə bağlı ən çox məlumat əhalinin əksəriyyətinin kürdlər olduğu İranın qərbindən daxil olub. Hazırda CNN ən azı 11 belə hadisədən xəbərdardır.

“Zövqlərinə uyğun gözəl qadınları seçdilər. Daha sonra məmurlar onları kameradan çıxarıb daha kiçik otağa aparıblar. Orada qızlar cinsi zorakılığa məruz qalıblar”, – məhbuslardan biri bildirib.

Bəzi hallarda, CNN-in məlumatına görə, həbsxana rəsmiləri etirazçıların ailələrini şantaj etmək üçün cinsi zorakılıq aktlarını lentə alıblar.

CNN jurnalistləri onu da iddia edirlər ki, yerli hüquq-mühafizə orqanları tibb işçilərini cinsi zorakılığa dəlalət edən xəsarətlərlə xəstəxanaya daxil olan şəxslərin xəstəlik tarixçələrində dəyişiklik etməyə məcbur etməklə, zorlama faktlarını ört-basdır etməyə çalışırlar.

Araşdırmanın dərci zamanı İran hökuməti CNN-in sorğusuna cavab verməyib.

ABŞ-ın dövlət katibi Entoni Blinken İranda hökumətin etirazçılara qarşı mübarizə tədbirlərinin artırılmasından narahatlığını bildirib. O əlavə edib ki, ABŞ iğtişaşlara nəzarətdə iştirak edənləri "məsuliyyətə cəlb etməyə" və "İran əhalisini dəstəkləməyə" davam edəcək.

Bundan əvvəl Tehranın inqilab məhkəməsinin İranda iğtişaşçılara ölüm hökmü çıxarmağa başladığı barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, sentyabrın 16-da Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra İranda mitinqlər başlanıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq edir, kütləvi şəkildə həbs edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti