İrəvan KTMT-dən, KTMT isə Paşinyandan nə istəyir?

  İrəvan KTMT-dən, KTMT isə Paşinyandan nə istəyir?
  24 Noyabr 2022    Oxunub:545
Dünən İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirildi. Erməni cəmiyyəti, xüsusən də baş nazir Nikol Paşinyan qurumun onların xeyrinə, Azərbaycanın isə əleyhinə qərarlar verəcəyini gözləsə də, bu reallaşmayıb.
Bu gün isə yerli mediada KTMT-ni tənqid edən xeyli sayda məqalə və təhlillər dərc edilib. Belə diqqət çəkən təhlillərdən birini "Jam" saytı verib. Müəllif xatırlatma edir ki, hazırda heç bir işə yaramayan bu struktur 1992-ci ildə Özbəkistanın paytaxtında MDB-nin hərbi komponenti kimi yaradılıb.

"O zaman hamı anlayırdı ki, bu addım Moskva üçün praktiki xeyir verməkdən çox simvolik məna daşıyır. Məsələ ondadır ki, SSRİ dağılandan sonra keçmiş sovet ittifaqı ərazisində böyük siyasi “boşluq” yaranmışdı. Bunu da başqa hansısa yeni mərkəzlər “doldura” bilərdi. Və beləliklə, bu “boşluğu” doldurmaq üçün Moskva konkret vəzifələri həll edə biləcək struktur yaratdı. Lakin gələcəkdə, xüsusən də postsovet məkanında mərkəzdənqaçma prosesləri davam etdikdə bir sıra ölkələr KTMT-ni tərk etdilər. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan KTMT-dən çıxdıqlarını elan etdilər. Daha sonra Moldova və Ukrayna geri çəkildi.
Hazırda KTMT-nin nizamnaməsi o qədər qeyri-müəyyəndir ki, praktikada bu strukturdan siyasi proseslərdə simvolik rol oynamaqdan başqa heç nə gözləmək olmaz.

KTMT-nin İrəvan sammiti: Putin və Lukaşenko niyə şəxsən qatılıblar - TƏHLİL
Məsələn, Ermənistanla Azərbaycan arasında yaranan münaqişə, hərbi toqquşmalar zamanı bu strukturun natamamlığı hamıya aydın oldu. Çünki Rusiyadan başqa digər dövlətlər Ermənistanı Azərbaycana qarşı nə üçün dəstəkləməli olduqlarını başa düşmürdülər. Tacikistanla Qırğızıstan arasında münaqişə yarananda da eyni hal yaşandı. Burada da heç kim bu və ya digər tərəfə müdaxilə etmək, dəstək vermək istəmədi", - müəllif yazıb.

Qeyd edilir ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsində Rusiya ərazisi də bir neçə dəfə bombalanıb və bu strukturda əldə olunmuş razılığa əsasən, KTMT-nin digər üzvləri Rusiyaya birbaşa dəstək verməlidirlər. Bu arada həmin ölkələr hətta nəinki hərbi, heç siyasi müstəvidə belə buna hazır deyillər.

Moskvanı siyasi cəhətdən dəstəkləyən yeganə ölkə Belarusdur. Lakin bu ölkənin prezidenti Aleksandr Lukaşenko belə öz qoşunlarını Ukraynaya göndərməyə hazır deyil.

"Bütün bunlar bir daha onu göstərir ki, KTMT tamhüquqlu hərbi struktur kimi yaradılmayıb. Hətta onun nə vaxtsa tam şəkildə formalaşdırılacağını söyləmək belə çətindir.

Ancaq bir şey aydındır ki, Ermənistan yuxarıda sadalanan məsələləri anlayaraq heç vaxt bu struktura arxalanmamalıdır.
Digər tərəfdən, bu quruma üzvlük bizə bir sıra imtiyazlar verir. Xüsusən də döyüş sursatı alınması məsələsində biz Azərbaycanın çoxmilyardlıq silah alışını kompensasiya edə bilərik.

Aydın məsələdır ki, KTMT-nin mövcudluğu Moskva üçün ən vacib amillərdən biridir. Moskva indiki şəraitdə, onun imicinin aşağı düşməsi kontekstində İrəvanda KTMT ilə bağlı ictimai bəyanatların verilməsini Qərbdən gələn sifariş kimi nəzərə alır", - təhlildə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   KTMT  





Xəbər lenti