"Yaxın vaxtlarda İlham Əliyevlə Paşinyan arasında görüş nəzərdə tutulmayıb"

   "Yaxın vaxtlarda İlham Əliyevlə Paşinyan arasında görüş nəzərdə tutulmayıb"
  25 Noyabr 2022    Oxunub:1146
"Moskva münaqişənin həllində Bakı və İrəvana kömək etməkdə davam edir, lakin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların yaxın gələcəkdə Rusiyada keçirilməsi nəzərdə tutulmur".
"Rusiya nəinki hazırdır - Rusiya daim vəziyyətin həllində və sülh müqaviləsinin imzalanmasında iki dövlətə kömək etmək üçün işini davam etdirəcəyini bəyan edir", -Kreml nümayəndəsi Rusiyanın iki lider arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olub-olmaması sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, hələlik Rusiyada belə bir görüş nəzərdə tutulmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti görüşü dekabrın 7-də Brüsseldə keçirilməli idi.

Azərbaycanın dövlət başçısı vurğulayıb ki, o, Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir.

"Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır.

Bizim təkcə Qoşulmama Hərəkatında deyil, Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi formallıqdan başqa bir şey deyil.

Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq?”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti