Azərbaycan icması Fransada etiraz aksiyası keçirilib

   Azərbaycan icması Fransada etiraz aksiyası keçirilib
  28 Noyabr 2022    Oxunub:367
Noyabrın 28-də Avropada yaşayan Azərbaycan icması Fransa Milli Assambleyasının yaxınlığında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə cavab olaraq dinc etiraz aksiyası keçirib.
Aksiya zamanı soydaşlarımız əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkilləri, o cümlədən amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını, “Qarabağ Azərbaycandır!, “Ədalət tələb edirik!”, “Terrorizmə YOX deyirik!”, “Milli Assambleya ədalətli olmalıdır!”, “Riyakarlığı durdurun!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!”, “İkili standartlara son qoyun!”, “Təcavüzkar ölkəni dəstəkləməyin!” kimi şüarlar yazılmış plakatları nümayiş etdiriblər.

Qətnamə layihəsinin ədalətsiz olduğunu və reallığı əks etdirmədiyini nəzərə çatdıran soydaşlarımız bədnam sənədi erməni lobbisi və onların havadarlarının Azərbaycana qarşı apardıqları qərəzli kampaniyanın tərkib hissəsi kimi dəyərləndiriblər. Yalnız ermənilərin maraqlarını müdafiə etdiklərini vurğulayaraq bu qərəzli münasibəti qətiyyətlə pislədiklərini və rədd etdiklərini diqqətə çatdırıblar.

Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Fransanın bitərəf qalmasının vacibliyini xatırladan aksiyaçılar belə düşünülməmiş addımın ciddi fəsadlar doğuracağını, regionda münaqişəni yenidən alovlandıra biləcəyini qeyd ediblər.

Azərbaycan icması adından çıxış edən diaspor fəalları – Fransada yaşayan hüquqşünas Zaur Sadıqbəyli, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva, Böyük Britaniyanın tanınmış jurnalisti və politoloqu doktor Neil Vatson, fransalı hüquqşünas Mile Ben Said Basma, Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov, Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın və başqaları fransız deputatları ədalətli olmağa, terrorizmə yox deməyə, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağa, xalqlar arasına nifaq toxumu səpməməyə, balanslı debatlar aparmağa çağırıblar.

Etiraz aksiyasının qətnaməsi Fransa Milli Assambleyasına təqdim olunub.

Qeyd edək ki, Fransa Milli Assambleyasının bügünkü iclasında bədnam qətnamə müzakirədən çıxarılıb. Bu məlumat dərc olunana qədər sənədin müzakirəsinin sabahkı gündəliyə salınıb-salınmayacağına dair xəbər yox idi.

AzVision.az

Teqlər:







Xəbər lenti